Azərbaycan xalqı və siyasi partiyalar yekdilliklə Prezidentin yanındadır - MÖVQE

"Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq ölkəmizin 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli vəsiyasi həmrəyliyin parlaq göstəricisidir. Bu bəyanat eyni zamanda ölkədə siyasi dialoqun mövcudluğunun sübutudur. Siyasi Partiyaların birgə bəyanatı ölkəmizdə siyasi müstəvidə etibarlı və peşəkar münasibətlərin qurulmasına zəmin yaradır. Bu bəyanatın hazırki vaxtda, Ermənistanın növbəti dəfə Azərbaycana qarşı başladığı növbəti geniş miqyaslı hərbi təxribatı zamanı qəbul edilməsinin böyük siyasi və ümummilli əhəmiyyəti var. Bu onu göstərir ki, idioloji baxışları, siyasi platformaları və proqramları müxtəlif olan partiyalar lazım gəldikdə bütün fikir ayrılıqlarını bir kənara qoyaraq Azərbaycan üçün bir mövqeydən çıxış edəbilirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Rauf Əliyev deyib.

Millət vəkili bildirib ki, siyasi partiyaların rəhbərləri öz birgə bəyanatlarında Ermənistanın təcavüzkar, işğalçı siyasətini qınayır, beynəlxalq təşkilatları düşmənin mülki əhalinin yaşadıqları kənd və qəsəbələri atəşə tutmaları faktını insanlığa qarşı edilən cinayyət kimi qiymətləndirməyə çağırır. BMT-nin Təhlükəsizlik Şurasının məlum qətnamələrinə Ermənistan tərəfindən 30 ilə yaxın bir müddətdə məhəl qoymadığını yada salan siyasi partiya rəhbərləri Azərbaycana qarşı tətbiq olunan ikili standartlara son qoyulmasını tələb edirlər: "Siyasi partiyaların qəbul etdikləri bəyənatda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistan –Azərbaycan münaqişəsinin həll edilməsi ilə bağlı müyyənləşdirdiyi və həyata keçirtdiyi siyasəti tam dəstəklənir və status-kvonun dəyişməz qalmasının mümkünsüz olduğunu bildirilir.

Azərbaycanın haqqvə ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğurunda, torpaqlarımızın düşmən işğalından azad olması uğrunda aparılan müharibə zamanı xalq iqtidar və müxalifət cəbhəsinə bölünməməlidir.

27 sentyabr tarixində Ermənistan tərəfindən başlanan geniş miqyaslı hərbi təxribata qəhrəman ordumuzun əks-hücum əməliyyatı artıq işğal altında olan Azərbaycan torpaqlarının azad olunması uğrunda Böyük Vətən Müharibəsidir.

Xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bu müqəddəs müharibənin tezliklə qələbə ilə başa çatması üçün bütün imkanlarını səfərbər edərək, şanlı ordumuza hərtərəfli dəsdək nümayiş etdirərək, düşmən üzərində tam və qəti qələbə qazanaraq işğal altında olan torpaqlarımızın işğaldan azad olacağına tam əmindir. Hazırda ölkəmizdə yüksək səviyyədə mövcud olan Xalq, Dövlət, Ordu birliyi və həmrəyliyi gözlədiyimiz qələbəyə zəmanət verir".

Bütün xəbərlər Facebook səhifəmizdə