“Minlərlə insanın könüllü kimi orduya yazılması faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir” RƏY-ÖZƏL

“Ölkəmizdə hərbi vəziyyətin elan olunması yüksək hərbi hazırlıqla yanaşı, xalq, dövlət və ordu birliyindən xəbər verir. Bu, eyni zamanda, erməni təxribatlarına adekvat cavabdır və yaşından, sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılması faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu sübut edir”. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, düşmən mediasının təbliğ etdiyi kimi, Azərbaycanda hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil, əslində, erməni işğalının qarşısının alınması siyasətinin davamıdır: “Azərbaycan Ermənistandan fərqli olaraq mülki şəxslərə, uşaqlara, qadınlara, yaşlılara atəş açmır. Lakin Ermənistan son 3 gün ərzində bir neçəsi uşaq olmaqla 20-dən çox mülki vətəndaşı qətlə yetirib. Buradan da sual çıxır ki, hansı dövlət militaristdir? Əlbəttə ki, Ermənistan. Azərbaycan isə bəyan etdiyi dəyərlərə sadiqdir. Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmürük. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərimizdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.

“Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu, həmçinin Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır: “Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür. Bu səbəbdən də, milli birliyimizin, haqq-ədalət uğrunda mübarizəmizin göstəricisi olan “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşımızın borcu və şəxsi məsuliyyətidir”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə