Nazarbayevdən sonra Qazaxıstanın ermənilərə üstün meyllənməsinə daha bir sübut - MÖVQE

"Bu günlərdə Dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin dayanıqlı inkişaf və fəaliyyətlərinin reallaşdırılması üzrə Vyana proqramı çərçivəsində nazirlər forumu keçirilib və türkdilli ölkə sayılan Qazaxıstan foruma sədrlik edib. Maraqlıdır ki, Ermənistanın XİN başçısı Mnatsakanyan da forumda çıxış edib. Daha doğrusu, Qazaxıstanın açdığı şansdan istifadə edərək həm türk dünyasına qarşı düşmən tezislərinə yeni rəvac verib, həm də üzləşdiyi problemlərin əsil səbəbinin apardığı təcavüzkar siyasətlə bağlı olduğunu gizlətməyə çalışıb". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Mnatsakanyan deyib ki, bu gün Ermənistanın iqtisadiyatına ağır təsir göstərən bir amil pandemiya, digər amil Türkiyənin Ermənistan üçün dənizlərə çıxış imkanını bağlamasıdır: "Mnatsakanyan əslində bu iki faktoru ortaya çəkməklə öz dövlətinin təcavüzkar siyasəti nəticəsində bütün regional layihələrdən kənarda qalmasını diqqətlərdən yayındırır. Bunu isə türkdilli qardaşımız Qazaxıstanın ona açdığı şans hesabına edir".

Ekspert bildirib ki, əvvala, Ermənistan kimi dənizlərə birbaşa çıxışı olmayan ölkələr çoxdur: "Belədə Ermənistana platforma vermək kimdən də olsa, Qazaxıstandan gözlənilən bir şey deyildi. İkinci, əslində Azərbaycanın özünün də dünya dənizlərinə birbaşa çıxışı yoxdur və qonşularla rəvan münasibətlər qurmağın hesabına Aralıq dənizinə, Qara dənizə və İran körfəzinə çıxış əldə edib. Konkret desək, Ermənistanın iqtisadi fəlakətlərinin kökü dənizlərə çıxıb-çıxmamaq yox, apardığı təcavüzkar işğalçı siyasətlə bağlıdır, bunu isə Qazaxıstanın sayəsində gizlətməyə çalışdı".

A.Quliyev vurğulayıb ki, Ermənistanın inkişaf etməkdə olan ölkə statusu da mübahisəlidir: "Xatırladaq ki, Nazarbayevdən sonra Qazaxıstanın xarici siyasətində Ermənistanın mənafelərinə üstün meyllənmək təzahürlərinə artıq neçənci dəfədir rast gəlirik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə