İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət!

Prezident İlham Əliyev: «Balaxanı kəndinin yeni dövrü başlayır»

Ölkəmizdə həyata keçirilən inkişaf strategiyasının başlıca məqsədləri davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olmaqdır. Bunun üçün iqtisadiyyatın şaxələndirilməsinin sürətləndirilməsi, qeyri-neft sektorunun yüksək inkişaf tempinin təmin olunması, ətraf mühitin qorunması, sahibkarlığın dəstəklənməsi, vətəndaşların gündəlik rahat həyatı üçün lazım olan bütün infrastrukturun yaradılması, o cümlədən səhiyyə, təhsil, mədəniyyət, gənclər və idman, əhalinin sosial müdafiəsi sahələrində keyfiyyətli xidmət göstərilməsi kimi başlıca fəaliyyət istiqamətləri reallaşdırılır, genişmiqyaslı işlər görülür. Ölkədə gedən inkişaf hər bir bölgəni, şəhəri, qəsəbəni və kəndi əhatə edir.

Dövlət başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən iqtisadiyyatın şaxələndirilməsinin prioritetliyini irəli sürdü və bu istiqamətdə biri-birindən əhəmiyyətli addımlar atır. Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının təsdiqlənməsi və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağa əsas yaradır. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan quruculuq meydançasını xatırladır. İrəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi xoş əhval-ruhiyyənin yaranmasını şərtləndirir.

Hər bir Dövlət Proqramının uğurlu icrası növbəti sənədin qəbulunu zərurətə çevirir və yeni hədəflərin müəyyənləşdirilməsini şərtləndirir. «Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqrammı» və «2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı»nın uğurlu icrasının davamı olaraq «2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı» qəbul olundu və uğurla başa çatdı. Dövlət proqramları çərçivəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Bakı şəhərində irimiqyaslı infrastruktur layihələrinin gerçəkləşməsinə, sahibkarlıq və investisiya fəaliyyətinin genişlənməsinə, əhaliyə göstərilən xidmətlərin, o cümlədən kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşmasına, abadlıq işlərinin sürətlənməsinə şərait yaratdı, Bakı şəhəri, onun qəsəbə və kəndləri yeni inkişaf mərhələsinə qədəm qoymaqla, rəqabətqabiliyyətli və ixracyönümlü ən müasir müəssisələr yaradılır, yeni iş yerləri açılır, əhalinin həyat səviyyəsi daha da yüksəlməkdədir. Sözsüz ki, bu işlərin aparılmasında həyata keçirilən layihələrin icra olunmasıdır.

Şəhərin ekoloji vəziyyəti yaxşılaşması istiqamətində icra olunan layihələr

Bunlardan biri Bibiheybət neft mədənlərində görülən işlərlə bağlı layihənin həyata keçirilməsidir. Ölkə Prezidenti bununla bağlı vurğulamışdır ki, neftlə çirklənmiş yerlər, gölməçələr aradan götürüldü. Həmin ərazilərdə yaşıllıq zolaqları, gözəl parklar salınıb və vətəndaşların sərəncamına verilib. Həmçinin Böyükşor gölü də böyük təhlükə mənbəyi idi. Həmin ərazi də təmizləndi. Böyükşor gölünün bir hissəsi tam ekoloji standartlara cavab verir.

Növbəti layihə Balaxanı qəsəbəsi ilə bağlı oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 23-də Bakının Balaxanı qəsəbəsində aparılan abadlıq işləri ilə tanış olub, qəsəbəsinin sakinləri ilə görüşüblər.

“Bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın”

Dövlətimizin başçısı daim çıxışlarında bildirir ki, biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Dövlətimiz nə qədər güclü olsa, insanlar da özlərini o qədər rahat hiss edəcək, təhlükəsizlik şəraitində yaşayacaqlar.

Görüş zamanı dövlət başçısı bildirib ki, Balaxanı kəndinin yeni dövrü başlayır: “Mən bu münasibətlə sizi təbrik edirəm. Bilirsiniz ki, Balaxanı kəndinə mənim xüsusi diqqətim var. Hələ bir neçə il bundan əvvəl o məşhur Balaxanı zibilxanasının təmizlənməsi, aradan qaldırılması artıq burada görülən ekoloji işlərə start verdi. Çünki bu, həm Balaxanı sakinlərinə böyük əziyyət verirdi, həm də bütövlükdə Bakı şəhərinin sakinlərinə çox mənfi təsir edirdi”.

Prezident İlham Əliyev vaxtilə zibilxana olmuş yerlərdə yeni iş yerlərinin açıldığını, sənaye parklarının fəaliyyət göstərdiyini, insanların istirahəti üçün şəraitin yaradıldığını deyib: “Bütün işlər böyük məhəbbətlə, zövqlə görülübdür. Həm infrastruktur layihələri, kanalizasiya, insanların rahatlığı üçün yaradılmış şərait, elektrik xətləri, binaların təmiri, dam örtükləri, yollar, küçələr estetik görünüş - bütün bunlar bir məqsədlə edilir ki, burada yaşayan insanlar özlərini rahat hiss etsinlər, onlar üçün yaxşı şərait yaradılsın. Eyni zamanda, iş yerləri yaradılıbdır. Mənə verilən məlumata görə, burada yaşayan vətəndaşlar işlərə cəlb olunub. Onlar ağaclar, güllər, kollar yetişdirirlər və eyni zamanda, digər yerlərdən də gəlib burada işləyənlər var. Bütövlükdə bu abadlıq işlərində minə yaxın insan işlə təmin edilib”.

“Azərbaycanda neft insanların rifah halının yaxşılaşmasına xidmət göstərir”

“Mən dəfələrlə demişəm, hələ Prezident kimi fəaliyyətə başlayanda demişdim ki, “qara qızılı” insan kapitalına çevirməliyik. Bax budur, “qara qızıl” insan kapitalıdır. İnsanların rifah halı, sağlamlığı, rahatlığı, təhlükəsizliyi üçün biz neftdən gələn gəlirlərdən istifadə etdik və bu gün deyə bilərəm ki, dünya miqyasında neftlə zəngin ölkələr sırasında bax bu siyasətə görə qabaqcıl yerlərdəyik”.

“Balaxanı dünyanın ən qədim neft mərkəzidir - Balaxanı və Bibiheybət”,-deyən ölkə başçısı dünya neft hasilatının buradan başladığını bildirib: “İndi Bibiheybət qəsəbəsində də oxşar layihə icra edilir, orada biz, ilk növbədə, Bibiheybət buxtasını təmizlədik. Yadınızdadır nə gündə idi? Adam baxanda dəhşətə gəlirdi, qapqara, bütün torpaq qara, dəniz qara, o buruqlar, o dirəklər hamısı qara və elə bil ki, ekoloji fəlakət zonası idi. Amma bu gün orada park salınıb, biz Avropa Oyunlarını orada keçirdik. İndi marafon başlayır, orada incəsənət şəhərciyi, idman şəhərciyi yaradılıb, ölkəmizin ən böyük idman hovuzu orada yaradılıb, bulvar yaradılıb. İkinci mərhələ isə Bibiheybət qəsəbəsinin abadlaşdırılmasıdır”.

“Bibiheybətdə o vaxt mən göstəriş verdim, dedim ki, bütün dünya bilməlidir ki, birinci neft quyusu burada qazılıb. Amma bunu əks etdirən hər hansı bir abidə var? Yoxdur», deyən dövlət başçısı iradını da bildirib. “Ona görə təklif etdim və orada qədim əşyalardan, tikinti materiallarından neft buruqları maket kimi, abidə kimi yaradıldı. İndi xaricdən gələn qonaqlar gəlirlər, görürlər ki, dünyanın ən qədim neft quyusu harada qazılmışdır. Mən bu yaxınlarda demişəm, əgər o vaxt Azərbaycan müstəqil olsaydı, o vaxt əgər o neft bizim xalqımıza çatsaydı, bu gün biz dünyanın ən zəngin ölkəsi ola bilərdik. Amma biz müstəqillik əldə edəndə Balaxanı, Bibiheybət ekoloji fəlakət şəraitində idi. Ona görə bu gün biz bu yerləri ekoloji fəlakət zonalarından ekoloji cənnət zonalarına çevirməliyik və bunu edirik”.

“Hər bir qəsəbədə aparılan abadlıq işləri gərək yerli sakinlərlə də müzakirə olunsun”

“Əlbəttə ki, bizim planlarımızda digər qəsəbələrdə görüləcək işlər var, artıq müvafiq göstərişlər verilib. İlkin mərhələdə haradasa 7-8 qəsəbədə buna oxşar layihələr icra ediləcək. Hər bir qəsəbənin özünə məxsus olan memarlıq üslubu, tarixi görünüşü var. Ona görə hər bir qəsəbədə aparılan abadlıq işləri, görüləcək işlər gərək yerli sakinlərlə də müzakirə olunsun”. Bu fikri dövlət başçısı Balaxanı sakinləri ilə görüşü zamanı bildirib. Prezident İlham Əliyev deyib ki, sakinlərlə ilk növbədə görüşmək, onları narahat edən problemləri eşitmək lazımdır: “İlk növbədə, sakinləri narahat edən problemlər, necə ki, burada infrastruktur – kanalizasiya, dam örtükləri, binaların təmiri, elektrik xətləri, yəni insanların gündəlik tərzdə ünsiyyətdə olduğu digər məsələlər həll olunur və eyni zamanda, təmir-bərpa işləri də mütləq yerli sakinlərin iştirakı ilə, ağsaqqalların tövsiyəsi ilə aparılmalıdır. Çünki ağsaqqallar bu kəndlərin tarixini yaşadırlar, o tarixin canlı şahidləridir və eyni zamanda, gənc nəsil də buna qoşulur ki, hər bir kəndin özünə xas olan görüntüsü olsun. Yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər” Dövlət başçısı görüşlərində və çıxışlarında ölkəmizə gələn qonaqların Bakının gözəlliyini, müasirliyi və qədimliyini görmək üçün daha uğurlu addımların atılmasını vurğulayır. Çünki Azərbaycanın ənənələri olan ölkə kimi təqdim olunması, tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində atılan addımların təqdir edilməsi həyata keçirilən siyasətin düzgünlüyünün və məqsədyönlülüyünün bariz nümunəsidir. “Əlbəttə ki, qəsəbənin gələcək inkişafı ilə bağlı fikirlər var. Artıq həm Bakı sakinləri, həm digər şəhərlərdən insanlar buraya gəlirlər, istirahət edirlər, gəzirlər, şəkil çəkdirirlər. Mənə verilən məlumata görə, xarici mətbuatda Balaxanı ilə bağlı məlumat dərc edilir, Avropada, Rusiyada maraq böyükdür. Əlbəttə ki, turistlərin axını daha böyük olacaq. Bu da qəsəbə sakinləri üçün yeni imkanlar yaradacaq. Çünki yaxşı olardı ki, qəsəbə sakinləri turizmlə bağlı olan məsələlərdə fəal olsunlar və bu imkanlardan istifadə etsinlər, turizm xidmətlərini qonaqlara təqdim edə bilsinlər”.

“İndi bir çox inkişaf etmiş ölkələrin şəhərlərində, kiçik qəsəbələrdə, tarixi yerlərdə yerli sakinlər turizm işlərinə qoşulurlar, həm pul qazanırlar, həm öz tarixi, mədəniyyəti haqqında məlumat verirlər, eyni zamanda, turistlər üçün də gözəl şərait yaradırlar. Ona görə bu, artıq insanların özlərindən asılı olacaq. Dövlət də lazımi kömək göstərəcək. Burada ictimai iaşə obyektləri, kafelər, çayxanalar, turistləri cəlb edə biləcək digər obyektlər zövqlə yaradılsın ki, həyat burada fəal olsun və insanlar daha yaxşı yaşasınlar və xaricdən gələn qonaqlar bu gözəlliyi görə bilsinlər”, deyən dövlət başçısı bildirib ki, idi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır: «Mən bunu demişəm, siz də yaxşı bilirsiniz ki, Balaxanının çox böyük tarixi var. Ancaq bu tarix bir növ kənarda qalmışdı. Çünki burada həm ekoloji vəziyyətin pis olması, yolların bərbad vəziyyətdə olması və digər problemlər imkan vermirdi ki, hətta Azərbaycan vətəndaşları da Balaxanı haqqında dolğun məlumata malik olsun. İndi isə Balaxanı dünya mətbuatında özünə yer tapıb və bu, hələ başlanğıcdır. Ona görə biz Mehriban xanımla gəlmişik. Mən demişdim ki, özüm gəlib baş çəkəcəyəm, görülən işlərlə tanış olacağam. İşlərin böyük hissəsi artıq görülüb, görüləcək işlər Balaxanının inkişafına daha da böyük təkan verəcəkdir”.

Göründüyü kimi, bütün bu uğurlu inkişaf dövlətinə, xalqına xidməti fəaliyyətinin əsasında saxlayan, hər kəsin Prezidenti olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən dövlət başçısına xalqın sevgisi böyük və şəksiz olacaq. Eyni zamanda, gələcəyə böyük hədəflərlə addımlayan cənab İlham Əliyevin daim vurğuladığı kimi, xalqına arxalanan, irəli sürülən təşəbbüslərin xalq tərəfindən dəstəklənməsi yeni-yeni layihələrə yol açır. Bakı füsunkar gözəlliyi, təhlükəsiz şəhər olması ilə beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunur. Dövlətimizin uğurlu siyasəti qarşıdakı illərdə daha böyük uğurlara imza atacağımıza böyük əminliklər yaradır və bu əminliklə qeyd etmək olar Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir və gələcəkdə də şəhərin inkişafı ilə bağlı əlavə addımlar atılacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...