Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi bütün regionda sülh üçün ən təhlükəli həddə artıq çatıb - Aydın Quliyev

Ermənistanın hazırkı Qarabağ sitasəti barədə Azərbaycan Prezidentinin budəfəki mülahizələri əvvəlkilərlə müqayisədə prinsipcə özünü xeyli fərqli və yeniləşmiş məzmunda göstərdi. İlham Əliyevin müsahibəsindəki yeni və fərqli nüanslara beynəlxalq vasitəçilərin və qlobal sülh üçün özünü məsul sayanların həssas və daha ciddi baxmasına indi həmişəkindən qat-qat çox ehtiyac var. Ermənistanın təcavüzkar siyasət kursunu davam etdirməsi bütün regionda sülh üçün mümkün sayılan ən təhlükəli həddə artıq çatıb. İndiyə qədər Azərbaycan diplomatiyası tam haqlı olaraq Ermənistanın təcavüz siyasətinin mahiyyətini və bütün sonrakı nəticələrini göstərmək, eləcə də təhlükənin dərəcəsini anladaraq beynəlxalq gücləri onu durdurmaq üçün daha təsirli müqavimət mövqeyinə çəkmək kimi…

SİA xəbər verir ki, bunu politoloq, "Baxı-xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Aydın Quliyev daha sonra fikirlərini bu cr davam etdirib: "Azərbaycan Prezidentinin hazırkı açıqlamalarında diqqət çəkən məqamlardan biri də 2018-ci ildə Paşinyanın Qarabağ sülh prosesinə yenilik gətirəcəyi entuziazmına inanaraq daha iki ilin mənasız ötüşməsinə səbəb olmuş beynəlxalq dairələrin bu gün susmaları ilə bağlıdır. Azərbaycan Prezidenti dəfələrlə, elə bu dəfə də eyhamlar vurdu ki, bizdən Ermənistanda yeni hakimiyyətə gəlmiş qüvvələrin bəzi daxili siyasi məsələləri sahmana salmalarına şans istədilər, biz kəmfürsətcillik etmədik və onlara əslində təcavüzkar Ermənistanın əsl sifətini bir daha görmək imkanı verdik. Əlavə edək ki, 2018-ci il Ermənistanda hakimiyyət dəyişikliyindən az sonra Almaniya kansleri xanım Merkel, Fransa prezidenti Makron, Avropa Birliyinin məsul komissarları, ABŞ rəsmiləri və başqaları məhz bu inamın içində idilər və Paşinyana şans verilməsi üçün Azərbaycaycan Prezidentinə ən müxtəlif səviyyələrdə minnətçi düşmüşdülər. Bu gün İlham Əliyevin onlara ən kəskin, ən qəti və ən haqlı sözləri deməyə əsasları var və deyir də. Prezidentin müsahibəsi ilə diqqətli tanışlıq hər şeyi ortaya qoyur və bu dairələrdən sual edir:"Paşinyanın yenilikçiliyinə ümidlənərək ortada iki ili də mənasız danışıqlara sərf etməyinizin məsuliyyətini anlaya bilirsinizsə, onda bu gün həmin Paşinyanın sülh pozuculuğu əməllərinə susmaq nə deməkdir?" Buna tarixi publisistika dilində Paşinyanın yalançı “staxanovçuluğuna” inanan beynəlxalq dairələr üçün Ilham Əliyevin qarşısında sözün qurtardığı məqam da demək olar.

12 iyul təxribatlarının səbəbləri üzərində dayanan Prezident bu kontekstdə də yeni istiqamət açdı. İlham Əliyevin yeni təhlilləri yerinə düşdü və elə lap bu yaxınlarda Paşinyanın növbəti dəfə öz ictimaiyyətini və dünya dairələrini yanlış təsəvvürlərə çəkmək cəhdinə "stop "qoydu. Paşinyan parlamentdə deputatlarına demişdi ki, "Azərbaycan 12 iyulda məsələni 24 saata həll etmək istədi", biz isə dedik ki, "bizimlə güc dilində danışmaq olmaz ". Əslində Paşinyanin çox sadə bir sxemlə danışmasının arxasındakı yalanları tutmaq çətin deyil. O demək istəyirdi ki, 12 iyul təxribatlarını guya Azərbaycan başladı və biz qalib gəldik. Ancaq Azərbaycan Prezidentinin Ermənistanı 12 iyul təxribatlarına sövq edən biri yeni baxış olmaqla iki əsas səbəb üzərində dayanması Paşinyanın yalan toruna düşə biləcək adamları da yarı yoldan qaytarmaq gücü nümayiş etdirdi - Prezident yəqin xüsusi kəşfiyyat məlumatlarına əsaslanaraq, ilk dəfə olaraq bu səbəbi göstərdi ki, Ermənistan Günnüt məğlubiyyətinin qisasını almaq istəyirdi və hazırlıq gördüyü yeni təcavüzkar müharibədə KTMT üzvlərindən kömək almağı "zondaj "etməyi planlaşdırırdı. Prezident hər iki istiqamətdə Ermənistanın nəticəsizliyə uğradığını göstərməklə bərabər, Ermənistanın yeni müharibə hazırlıqlarının onun faşist, istilaçı, təcavüzkar və terrorçu mahiyyətindən irəli gəldiyini də bir daha anlada bildi.

Qarabağ mövzusunda proseslər indi elə bir həddə çatlb ki, ya Ermənistanın sahibləri və regionda Azərbaycandan da çox sülh istəyənlər Ermənistanın "ipini dartmalı", ya da İlham Əliyevin sözlərinin arxasında Azərbaycanın silahlı qüvvələrinin dayandığını hər kəs görməlidir.... Həm də Azərbaycanın hər cür sonluğa görə məsuliyyətdən azad olduğunun dərk olunması şərti ilə..."

Bütün xəbərlər Facebook səhifəmizdə