İnformasiya müharibəsi beyinlərə yönəlik həmlədir - AÇIQLAMA

"Bugün gecə saatlarından başlayaraq, düşmən cəbhə bölgəsində yeni təxribatlara əl ataraq vəziyyəti gərginləşdirib. Şəhidimiz var! Heç şübhəsiz ki, vətənimizin keşiyində duran ordumuz düşmənə layiqli cavabı verib və bundan sonra da verəcək. Lakin dəfələrlə qeyd etdiyim kimi, bir daha təkralamağı özümə borc bilirəm ki, müharibə yalnız düşmənlə təmas xəttində deyil, informasiya sahəsində də aparılır. Düşmənlərimiz (və yalnız ermənilər deyil!) müxtəlif forma və üsullardan istifadə edərək informasiya məkanımıza dezinformasiyalar daxil etməklə yanaşı, ölkəmizdə, vətəndaşlarımız arasındakı ab-havanı da öyrənməyə çalışır, müəyyən manipulyativ xarakterli xəbərlər ötürməklə ictimai rəyi yoxlamağa, bir növ test etməyə səy göstərir, məlumat almaq istəyirlər. Bu baxımdan edilən hər paylaşıma diqqət etməliyik". SİA-nın məlumatına görə, bunu açıqlamasında Vüqar Zifəroğlu deyib.

Politoloq qeyd edib ki, dəfələrlə qeyd etmişik: "İnformasiya müharibəsi yalnız saytların dağıdılması və kiber hücumları deyil, həm də təhlükəsizliyimizin xüsusi komponentini təşkil edən informasiya məkanımıza müxtəlif yollarla müdaxiləni də nəzərdə tutur. İnformasiya müharibəsi – beyinlərə yönəlik həmlədir. Hədəfi çaşqınlıq, inamsızlıq, psixoloji depressiya və ümidsizlik yaratmaqdır. Bildiyiniz kimi, azərbaycanlı adı ilə qeydiyyatdan keçmiş və dilimizdə fikirlərini sərbəst şəkildə ifadə etməklə özünü bizdən biri kimi təqdim etməyə, hətta qəbul etdirməyə müvəffəq olmuş kifayət qədər saxta erməni səhifələri və profilləri var. Bu səbəbdən hər birimiz diqqətli olmalıyıq. Şübhəli görünən profillərdən gələn mesaj və rəylərə həssas yanaşmalı, onları şikayət etməliyik".

V.Zifəroğlu vurğulayıb ki, yaşından, ixtisasından, dünyagörüşü və elmi səviyyəsindən asılı olmayaraq bizim hər birimiz dövlətimiz və millətimiz qarşısında məsuliyyət daşıyırıq: "Bu məsuliyyəti unutmamalı, bir vətəndaş olaraq məhz bur prinsiplərdən çıxış etməliyik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə