Paşinyanın parlamentdə daha bir ziddiyyətli çıxışı - ŞƏRH

"Paşinyan ərazilərimizin qaytarılmasında öz sələflərindən də aqressiv inkarçı olur. Baş nazirin parlamentdə daha bir ziddiyyətli çıxışı. Dünən Ermənistan parlamentindəki çıxışında iyul hadisələrinə geniş yer verib və bütün çıxışını yenə də erməni cəmiyyətindəki millətçi kəsimin hissləri üzərində qurmağa və öz əhalisinin diqqətini əsas məsələlərdən yayındırmağa çalışıb. Paşinyan əslində Ermənistanın Tovuzda törətdiyi 12 iyul təxribatının bütün məsuliyyətini Azərbaycanın üstünə atmağa cəhd edib". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, guya Ermənistanın heç bir zorakılığa meylli olmadığını, guya 12 iyulda Azərbaycanın "məsələni 24 saata həll etmək planına malik olduğunu və cavabını aldığını "deyib: "Halbuki Azərbaycan bütün dünya boyu sübut edə bildi ki, 12 iyul təxribatlarını məhz Ermənistan törətdi. Sülh danışıqlarının guya Azərbaycanın üzündən dayandığına eyhamlar vurması onun nə qədər pozucu mövqe tutduğunu bir daha göstərir. Paşinyan deyib ki, biz danışıqların bərpası üçün heç bir şərt qoymuruq, ancaq müəyyən prinsiplərimiz var. Paşinyanın prinsiplər deyəndə hansı pozucu ideyaları nəzərdə tutduğunu bilirik. Ancaq onun sözləri riyakarlıqdan və növbəti ziddiyyətdən başqa bir şey deyil".

Siyasi şərhçi bildirib ki, əvvala , heç bir ilkin şərt yoxdursa onda Ermənistanın danışıqlardan niyə yayındığı sualı ortaya çıxır: "Hamı bilir ki, Azərbaycan Prezidenti hər dəfə Paşinyanı və ondan əvvəlkiləri danışıqlar masasına gəlməyə sadəcə məcbur edib. İkinci, az əvvəl Ermənistanın yeni Təhlükəsizlik atrategiyasını qəbul edən, burada hansısa mifik 7 şərtdən danışan Paşinyan hakimiyyəti deyilmi? "Azərbaycan atəşkəsi bir daha pozmayacağı barədə öhdəlik götürəndən və zor tətbiqi ritorikalarından rəsmən imtina edəndən sonra danışıqlara gedə bilərik" kimi sərsəm şərt-bəyanatı da Paşinyançı nazirliyin mətbuat katibi vereməyibmi?".

A.Quliyev vurğulayıb ki, bütün bunlar Paşinyanın sülh danışıqlarını mənasız prosesə çevirməkdə öz sələfləri olan Köçəryan və Sarkisyandan da çox qabağa çıxdığını sübut edir: Paşinyan öz inkarçılığı ilə Azərbaycan üçün müharibə variantını daha qaçılmaz üsula çevirməklə regionu bütünlüklə müharibəyə çəkmək marağında olduğunu bir daha göstərir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə