"Tovuz hadisələrində həmsədrlərin fəaliyyəti faktiki olaraq gözə görünmədi" ÖZƏL-MÜNASİBƏT
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun həmsədrlərinin təəssüflər olsun ki, artıq öz funksiyasını yerinə yetirmək iqtidarında deyil, bu qurumun fəaliyyəti qeyri-qənaətbəxş qiymətləndirmək olar. Hər dəfə Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə təxribatlar törədəndə, dinc əhalini qətlə yetirəndə, yaşayış məntəqələrinə ciddi ziyan vuranda ATƏT-in Minsk qrupu 20 il bundan əvvəl hazırladığı mənasız söz yığınından ibarət olan bəyanatı yenidən yaymaqla Ermənistanın təxribatına “siyasi qiymət” verir. Bəzi hallarda bu qurumun yaydığı bəyanat baş verən hadisə ilə uyğun gəlmir. Bu da təşkilatın yaydığı bəyanatdan bixəbərliyinin göstəricisidir. Bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonunun Ağdam kəndi istiqamətində artilleriya atəşindən istifadə edərək mövqelərimizi ələ keçirməyə cəhd göstərmələri də ermənilərin havadarlarına əminliyinin nəticəsidir". Bunu SİA-ya Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin sədri Vüqar Əhmədov deyib.
Onun sözlərinə görə, Tovuz hadisələrində də göründüyü kimi, Minsk Qrupu həmsədrlərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi: "Göründüyü kimi, ATƏT-in Minsk qrupu münaqişənin nizamlanmasına o dərəcədə laqeyd yanaşır ki, bəyanatı təxribat törədilən vaxtdan xeyli keçmiş – 14 sentyabrda vermişdir. Tovuz hadisələri zamanı ATƏT-in Minsk Qrupu həmişəki kimi susdu. Yəqin ki, bu dəfəki iğtişaş onların tətil vaxtlarına düşmüşdü, başları öz istirahətlərinə qarışmışdı. Onların işi regiona turistik səfər etmək, yemək-içməkdən ibarətdir.
Bu müddət ərzində təcavüzkarı öz adı ilə çağırmağa özündə cəsarət tapa bilməyən, işğalçı ölkəyə “gözün üstə qaşın var” deməyən, eyni za¬manda, təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbir görə bilməyən ATƏT-in Minsk qrupunun, özünü ortalığa atmaqda məqsədi nədir? Elə buna görə də bu təşkilat həm Azərbaycan, həm də beynəlxalq ictimaiyyət arasında nüfuzunu tamamilə itirib. Artıq Minsk qrupuna olan ümidlər heçə enib. Bu qurumun üzvlərinin biri təcavüzkarı silahlandırır. Digərləri isə işğal siyasətinə göz yumur, təxribatlar, atəşkəsin pozulmasına, günahsız insanların qətlə yetirilməsinə, yaşayış məntəqələrinin darmadağın edilməsinə göz yumur. Görəsən bu ədalətsizlik nə vaxta qədər davam edəcək? Axı Minsk Qrupu da görür ki, Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki biz həm tarixi ədalətə, həm də beynəlxalq hüquqa əsaslanırıq. Görəsən, ATƏT-in Minsk qrupu nə vaxta qədər beynəlxalq hüquq normalarına hörmətsizlik edən, işğalçı siyasətdən əl çəkməyən, günahsız insanları qətlə yetirən təcavüzkar dövlətin yanında olacaq?
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan dövləti ATƏT-in Minsk qrupundan təcavüzkarla təcavüzə məruz qalanın adını çəkməyi, o cümlədən, daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Ancaq hər şey bunun əksinə baş verir.
Tərəfsiz vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun (ABŞ, Fransa və Rusiya) həmsədrləri münaqişədə Ermənistanın Azərbaycana hərbi təcavüzündən birbaşa söhbət açmır, hər hansı bir sanksiya tətbiq etmir, münaqişənin ədalətli həlli yolu istiqamətində irəliyə doğru bir addım da atmır. Bəzi hallarda münaqişənin tərəflərin razılığı ilə aradan qaldırılması bəhanəsini ortaya atırlar. Əgər münaqişənin ni¬zamlanmasında tərəflər öz aralarında razılığa gələ bilirdilərsə, o zaman Minsk qrupunun yaradılmasına nə ehtiyac var idi? Bəs bu qurum vasitəçilik missiyasını niyə öz üzərinə götürürdü və 30 ilə yaxın müddətdə kimi dünyanı aldadırdı?".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB