"Azərbaycan manipulyasiya olunmuş danışıqlara getməyəcək" ÖZƏL-MÖVQE

"Azərbaycan manipulyasiya olunmuş danışıqlara getməyəcək" ÖZƏL-MÖVQE

“Son 3-4 ay ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında çox gərgin proseslər gedir. Bu gərginlik həm diplomatik, həm də hərbi müstəvidə özünü əks etdirir. Pik nöqtəsi isə Tovuz təxribatı oldu. Bundan sonra Rusiya 180 dərəcə Ermənistan tərəfə döndü və öz hərəkətləri ilə ona açıq hərbi dəstək verdi. Bura silahların göndərilməsi, bu göndərilmədə İran ərazisindən istifadə daxildir. Ermənistanın bu qədər silahlandırılması Rusiyanın regionda mövqeyini möhkəmləndirdiyini göstərir. Çünki Tovuz təxribatından sonra Qafqazda Türkiyənin rolu artmaqdadır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanın nümayişkaranə silahlanması onun müharibəyə hazırlaşdığınıdan xəbər verir: "Artıq Ermənistan tərəfi danışıqlara məhəl qoymur və Minsk qrupunun 26 illik fəaliyyətinin üstündən xətt çəkir. Rusiya da Minsk qrupunun həmsədrlərindən olduğu üçün Ermənistanı silahlandırmamalı, əksinə ona təzyiq göstərməli idi. Lakin Rusiya Ermənistanı silahlandırdığı üçün Azərbaycanın onunla münasibətlərdə soyuqluq özünü göstərir.

Bundan sonra danışıqları əvvəlki istiqamətdə aparmaq mümkün olmayacaq. Azərbaycan da artıq manipulyasiya olunmuş danışıqlara getməyəcəyini vurğulayıb. Hesab edirəm ki, Tovuz təxribatından sonra Azərbaycan Dağlıq Qarabağla bağlı siyasətini korrektə etməlidir. Sergey Lavrov təklif edir ki, Minsk qrupu çərçivəsində danışıqlar bərpa edilsin. Biz də fikir verəcəyik, bu danışıqlar yenə də atəşkəsin qorunmasına hesablanacaqsa, Azərbaycan buna getməməlidir. Ümumiyyətlə, Minsk qrupu formatı öz fəaliyyətini dondurmalıdır”.

Politoloq əlavə edib ki, Minsk qrupu işğalçı ilə işğala məruz qalanı eyni tərəziyə qoyur: “Minsk qrupu hər iki tərəfə eyni qiyməti verməyə çalışır və heç bir fəaliyyət göstərmir. Azərbaycan Minsk qrupunu tərk edərsə, danışıqlara getməyən tərəf kimi qələmə veriləcək, lakin Minsk qrupundan imtina etməyərək konkret şərtlər irəli sürməlidir. Danışıqlar yenilənmiş Madrid prinsipləri və substantiv istiqamətində getməlidir. Azərbaycan danışıqların fayda vermədiyini əsas gətirərək, Minsk qrupunun bir müddət fəaliyyətini dondurmasını və hərbi müstəviyə keçdiyini bildirməlidir. Yaxud danışıqların 2-3 ərzində baş tutmasını və nəticə əldə edilməsini tələb etməliyik. Hesab edirəm ki, Azərbaycan Türkiyə ilə birgə xarici siyasətdən əl çəkməməlidir. Düşünürəm ki, rəsmi Bakı bu istiqamətdə planlar hazırlayır və hər hansı forsmajor hallar baş verməzsə, nəticələrini görəcəyik”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə