“Ermənilər tarixi abidələrimizi dağıtmaqla tarixi saxtalaşdırmaq niyyəti güdürlər” ÖZƏL-ŞƏRH

“Ermənilər tarixi abidələrimizi dağıtmaqla tarixi saxtalaşdırmaq niyyəti güdürlər” ÖZƏL-ŞƏRH

“Ermənistan hakimiyyəti, Dağlıq Qarabağdakı separatçılar tək işğalla kifayətlənməyiblər, tarixi abidələri də, məktəbləri də dağıdıblar, mədəniyyət mərkəzi və digər inzibati binaları, yəni azərbaycanlılara aid nə varsa, hamısını dağıdıblar. Bu zaman tarixi əsərlər də yerlə yeksan olunub.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, tarixi abidələri dağıtmaqda məqsədləri də bu olub ki, guya burada heç zaman azərbaycanlılar yaşamayıb, guya burada hər zaman ermənilər yaşayıb və bir sözlə, ermənilər tarixi abidələrimizi dağıtmaqla tarixi saxtalaşdırmaq niyyəti güdürlər.

“Ermənilər Şuşada məscidi dağıtdılar və dağıdılmış yerlərdə də heyvan saxlayırlar, bunu dəfələrlə Cənab Prezident də vurğulayıb. Çox təəssüf ki, beynəlxalq aləmdən də heç bir reaksiya gəlmədi. Hətta, islam ölkələri də, yəni sözdə belə açıqlama verdilər, amma ciddi reaksiya bildirmirlər. Halbuki, biz gözləyirdik ki, məscidləri dağıdan, dağılmış məscidlərdə heyvan saxlayan bir ölkəyə qarşı sanksiyalar tətbiq olunsun. Çox təəssüf ki, nə Qərb ölkələri tərəfdən, nə də, bir neçə ölkəni çıxmaq şərtilə müsəlman ölkələri tərəfindən bu sanksiyalar da tətbiq olunmadı işğalçıya qarşı. İşğalçı öz bildiyini etməkdə davam edir.

Hətta Azərbaycan bir ara tələb etdi ki, ATƏT-in Minsk Qrupu daxilində Monitorinq Qrupu yenidən işğal altındakı bölgəyə göndərilsin, buna da seyrçi qaldılar. Həm beynəlxalq təşkilatlar, həm ATƏT-in Minsk Qrupu müşahidəçi mövqe nümayiş etdirdi. Ona görə də işğalçılar işğal altındakı torpaqlarımızda bildiklərini edirlər. Biz çox təəssüf ki, bu proseslərin birbaşa qarşısını ala bilmirik. Biz beynəlxalq aləmdən bir reaksiya gözləyirik. Amma düşünürəm ki, artıq reaksiya gözləmək də əbəsdir. Bu məsələni özümüz həll etməliyik. Bu məsələ isə o zaman həll olunacaq ki, biz öz torpaqlarımızı azad edək, o tarixi abidələrimizi bərpa edək”, deyə Elxan Şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə