“Politik”: “Rusiya Paşinyanın şantajına getmədi” ANALİTİK

“Politik”: “Rusiya Paşinyanın şantajına getmədi” ANALİTİK

"Paşinyan daxili xarakterli sualları həll etmək üçün şantaj yolundan istifadə edirsə, xarici siyasətdə bu vasitə onu gülünc vəziyyətə qoyur"

“Ermənistanın baş naziri Nikol Paşinyan rəhbərliyə başlayan andan ona qarşı müxalif olanlara qarşı yalnız bir alət tətbiq edib – şantaj”. SİA xəbər verir ki, bu barədə Ermənistanın “Politik” nəşri yazır.

“Əgər Paşinyan daxili xarakterli sualları həll etmək üçün şantaj yolundan istifadə edirsə, xarici siyasətdə bu vasitə onu gülünc vəziyyətə qoyur”, qeyd edən erməni nəşri onu da yazır ki, hakimiyyətə yiyələnəndən sonra Nikol Paşinyan Rusiya Federasiyası hakimiyyəti ilə də şantaj dili ilə danışmağa cəhd göstərdi: “Hüquq-mühafizə orqanları “Rusiya Dəmir Yolları” ASC-nin qız şirkəti olan “Cənubi Qafqaz dəmir yolu” QSC-də “maski-şou” göstərdilər. Bu, rusları şantaj etmək cəhdi idi. Belə ki, Paşinyan ibtidai istintaqın başa çatmasını gözləmədən ruslara bağlı şirkətdə astronomik miqyasda qanunsuzluqların baş verməsi ilə bağlı bəyanat verdi”.

“Paşinyan mövcud məsələlərlə bağlı Rusiya hakimiyyəti ilə danışıqlara çıxmağa cəhd göstərdi”

Nəşr xatırladır ki, Ermənistanın baş naziri Nikol Paşinyan 2018-ci ilin sentyabrında Rusiyanın “Kommersant” qəzetinə verdiyi müsahibəsində bəyan etdi ki, “Rusiya Dəmir Yolları” ASC-nin qız şirkəti olan “Cənubi Qafqaz dəmir yolu” QSC-də 60 milyon dollarlıq pozuntular aşkar edilib. Bundan sonra isə, hökumət mediasında məlumat yayıldı ki, “Cənub-Qafqaz dəmir yolu” şirkətindəki pozuntuların miqyası 104 milyon dollara çatıb. SİTAT: “Paşinyan mövcud məsələlərlə bağlı Rusiya hakimiyyəti ilə danışıqlara çıxmağa cəhd göstərdi. Bundan istifadə edən baş nazir Rusiya Federasiyasından alınan qazın qiymətinin endirilməsinə nail olmaq istəyirdi. Bu məlumatı Rusiyanın xarici işlər naziri Sergey Lavrov da təsdiq edib. Bir neçə ay əvvəl keçirdiyi mətbuat konfransında Lavrov Ermənistana verilən qazın qiymətinin endirilməsi mümkünlüyünü şərh edib və Ermənistanda rus şirkətinə qarşı başladılan məhkəmə prosesinə də toxunub”.

“Baş verənlərin fonunda Ermənistana verilən qazın qiyməti daha da artdı”

Nəşr Rusiya XİN-nin başçısının dediklərini də xatırladıb. “Mən bu barədə çox açıq danışıram, belə ki, rus şirkətləri çətin situasiyada qalıblar. Ümid edirəm ki, bütün bu məsələlər qarşılıqlı anlaşma prinsipində həll olunacaq”, Lavrov bəyan etmişdi.

Bütün bunlardan sonra Rusiya və Ermənistan tərəflərinin yaranmış problemin həlli istiqamətində birgə iş apardıqlarını da xatırladan nəşr yazır ki, hər iki ölkənin müvafiq qurumları audit yoxlamalara başlayacaqlar və s.

“Amma baş verənlərin fonunda qeyd etmək lazımdır ki, Ermənistana verilən qazın qiyməti daha da artdı. Nəticədə ruslar Paşinyanın şantajına getmədilər, əksinə, Ermənistanın baş naziri anladı ki, partnyor ölkələrlə şantaj dilində danışmaq əbəs məşğuliyyətdir. Bütün bunların təhlilini apararkən açıq-aşkar görünür ki, Paşinyanın 60 milyonluq pozuntular haqqında verdiyi bəyanatları da yalan imiş”, deyə erməni saytı sonda qeyd edir.

Bütün xəbərlər Facebook səhifəmizdə