Dünyada insan sayı azalsa nə baş verər? ARAŞDIRMA

Dünyada insan sayı azalsa nə baş verər? ARAŞDIRMA

Dünya bəlkə də bütün ölkələri eyni dərəcədə narahat edən ən ağır problemlə üz-üzədir. Bu müharibələrdir? Xeyir. Lakin, hazırkı proseslərin dünya ictimaiyyəti üçün mənəvi və psixoloji sarsıntıları müharibədən daha dəhşətlidir. Həyat davam edir, lakin, siz bir çox şeydən məhrumsunuz və bunu sırf yaşamaq üçün məcburuq.

SİA-nın apardığı araşdırmaya əsasən, koronavirus pandemiyası bütün dünya insanlarını müəyyən davranış qaydaları çərçivəsində yaşamağa məcbur edib və bir çox sosial proseslərə təsir edib. Bir çox insan pandemiyanın təsirlərindən dolayı stresə qapılır, üstəgəl virusa yolxuma təhlükəsi də hər an gündəmdədir, bununla bərabər sosial-iqtisadi faktorlar da əlavə gərginlik yaradır.

Bu gün dünya üzrə bütün kütləvi tədbirlər və mərasimlər ya tamamilə qadağan edilib, ya da müəyyən qaydalar çərçivəsində həyata keçirilir ki, bu da insanları qane etmir. Ən çox narazılıq isə ailə həyatı qurmaq istəyən cütlüklər tərəfindən səslənir. Bir çox insan ya evlilik mərasimlərini təxirə saldı, ya da mərasim etmədən bu rəsmi nikah prosesini həyata keçirdi. Bu gün hələ də Operativ Qərargah pandemiya ilə əlaqədar evlilik mərasimlərinin keçirilməsini təsdiqləmir, eyni zamanda, digər kütləvi tədbirlərin də həyata keçirilməsində yoluxma riski yüksəkdir. Bu gün təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində nigah mərasimi keçirmək istəyənlərin sayında kəskin azalma var. Buna birinci səbəb pandemiya ilə əlaqədar tətbiq edilən qaydalar çərçivəsində cütlüklərin evlənmək istəməmələri, ikinci səbəb pandemiyanın yaratdığı iqtisadi çətinliklər, üçüncü səsəb isə heç də əhəmiyyətsiz olmayan bir səbəbdir ki, bir çox ölkədə pandemiyaya görə evlilik mərasimlərinin keçirilməsi qeyri-müəyyən müddətə qədər qadağan edilməsi. Sırf bu səbəbdən dolayı sadəcə, rəsmi nikah qeydiyyatından keçməklə, ya da daha kreativ addımlara əl atmaqla kütləvilik yaratmadan ailə həyatı quranlar oldu. "Twitter", "Facebook", "Instagram" və digər sosial şəbəkələrdə, canlı video bağlantısı həyata keçirilə bilən platformalardan nikah mərasimi həyat keçirildi və elə onlayn qaydada da yaxınlar bu prosesə şahid ola bildi.

2020-ci ildə ailə həyatı quranların sayı kəskin şəkildə aşağı düşməsi gələcək dövrdə dünyaya gələcək uşaqların sayına da kəskin təsir edəcəyi düşünülməkdədir. Uşaqlar isə gələcəyin təməlini qoyan kəsimdir. Əgər nə vaxtsa dünyada pandemiya və ya digər qlobal səbəblərdən dolayı əhalinin artımı dayanarsa, o zaman nə baş verə bilər? Bu məsələnin bir tərəfi, digər tərəfdən isə pandemiya əhalinin sayının azalmasına yol açır. Yəni, bütün ölkələrdə sosial artım qeydə alınmadığı halda, eyni zamanda, əhalinin sayında da hər gün kütləvi azalma olur. Dünyanın bir çox ölkələrində demoqrafiq artım onsuz da yavaş irəliləyir, yaşlı nəslin sayı gənc nəslin sayını üstələyir, bu da gələcəkdə müxtəlif sahələrdə kadr çatışmazlığı və fəaliyyətsizliyə gətirib çıxara bilər. Əhalisinin sayı həddən artıq çox olan ölkələrdə belə durğunluq yaşanır.

Məsələn, Çin Xalq Respublikasında əhaliyə uşaq sahibi olmaqda müəyyən şərtlər qoyulurdu. Çində "tək uşaq sahibi olmaq" qanunu tətbiq edilirdi. Daha sonra 2016-ci ildə bu qanun ləğv edildi və "iki uşaq sahibi olmaq" qanunu tətbiq edildi. Lakin, buna baxmayaraq Çin əvvəlki demokrafiq artım dayandı. Artıq, Çinin bəzi əyalətlərində üç uşaq sahibi olmağa icazə verilsə də pandemiya davam etdiyi müddətdə Çində əhali sayında artımın olacağı güman edilmir. Baxmayaraq ki, Çin 1.4 milyardlıq əhali sayına malik ölkə olsa da gələcəkdə yaşlı nəslin sayının gənc nəslin sayını üstələməsindən ehtiyyat edilir.

Bəs, Azərbaycanda vəziyyət necədir?

Demoqrafik vəziyyət İlin əvvəlindən ölkə üzrə əhalinin sayı 28786 nəfər və ya 0,3 faiz artaraq 2020-ci il iyul ayının 1-i vəziyyətinə 10 095 894 nəfərə çatmışdır. Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Bir kvadrat kilometrə düşən əhalinin sayı 117 nəfərdir.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyun ayları ərzində 59 356 doğulan körpə qeydə alınmış və əhalinin hər 1000 nəfərinə bu göstərici 12,0 təşkil etmişdir. Körpələrdən 1608-i əkiz, 57-si isə üçəm doğulanlardır. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,7 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1002 qadın düşür.

Bu ilin birinci yarısında ölkədə 31 min 16 ölüm halı qeydə alınmış və əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,3 təşkil etmişdir. 2020-ci ilin altı ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17 min 841 nikah və 7 min 107 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,6, boşanmaların sayı isə 1,4 olmuşdur.

Növbəti dövrdə əhalinin sayında hansı dəyişikliklərin olacağı, artım olma ehtimalı sual altındadır. Bu məsələ ilə bağlı sosioloq, professor Əhməd Qəşəmoğlu sullarımızı cavablandırıb:

"Bəli, bu gün evlənənlərin sayı azdır. Bu da növbəti dövrdə doğulan uşaqların sayına təsir edəcək. Nəticədə müəyyən vaxtdan sonra birinci sinifə gedən uşaqların sayında da bu öz əksini tapacaq. Lakin, qorxulu bir şey yoxdur. Azərbaycanda ilk uşaqlar sadəcə yeni ailə həyatı quran insanların ailələrində doğulmur. Ölkəmiz üçün demoqrafik həyacan təbili çalmağa ehtiyac yoxdur. Bizim ölkədə əhali artımı müsbət tendensiya ilə irəliləyib. O ölkələr üçün bu proses təhlükəlidir ki, orada əhali artımı indeksi mənfidir. Yəni, doğulanların sayı, ümumi əhali artımı azalır. Bu dövrdə də evlənənlər oldu, evlənməyə qadağa qoyulmayıb, sadəcə mərasimlərin keçirilməsinə qadağa qoyulub. Çox insan pandemiyanın sonlanmasını daha sonra evlilik mərasimi keçirtmək istədiyindən evlənməyi təxirə salır. Çox təəssüf ki, Azərbaycanda bu məsələyə maddi marağ məsələsi də qarışıb. Evlilik mərasimləri keçirtməklə müəyyən maddi vəsait əldə etmək istəyənlər var. Burada da insanları günahlandırmaq mümkün deyil, insanların çoxu illərlə evlilik mərasimlərinə gedərək pul köçürtdüklərini bildirirlər. Yəni indi evliliklərin azalmasına iki səbəb var: gənclər istəyirlər ki, bu təntənəli mərasim olsun, digər bir səbəb isə maddi maraq məsələsidir.

Hazırda ölkə üçün ən vacib məsələ əhalidə sağlamlıqdır. Bu gün əhali arasında ictimai qınaq formalaşdırmağa ehtiyacımız var. Əhali virusla bərabər yaşamağı öyrənməlidir. Onda yeni evlilik mərasimi modelləri və qaydaları də formalaşacaq.

Müharibə dövrünü yada salsaq o zaman da kütləvi evlilik mərasimləri, təntənəli yığıncaqlar olmurdu. Bu gün yeni era başlayır. Bu bütün dünyada öz nəticələrini göstərəcək. Lakin bunun artıma elə də böyük təsiri olmayacaq. Pandemiyaya görə evlənmələrin sayının azalması müvəqqəti haldı. İnsanlar zamanla bu prosesə alışacaq. Yeni modellər tapılacaq və bu prosesə davam ediləcək".

Qeyd edək ki, bu gün dünya üzrə 25 milyon 935 min 511 nəfər koronavirusa yoluxub, virusdan 861 min 900 nəfər həyatını itirib. 6 milyon 856 min 517 aktiv xəstə COVID-19-dan müalicə alır. 18 milyon 217 min 94 nəfər virusdan sağalsa da onların yenidən yoluxmayacağı qaranti altında deyil. İstənilən halda bütün dünyada sosial fəaliyyət müxtəlif səbəblərdən dolayı dayanıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə