Əli Kərimlinin yalan danışması “adətkarlıq”la əlaqədardır, yoxsa, məlumatsızlıqla?
Azərbaycanda müxalifət olmaq çox asandır. “Ana müxalifət” olmaq ondan da asan.
Daxildəkiləri də, xarici “xeyirxahları” da inandırırsan ki, iqtidarın əsas rəqibi sənsən.
Müxalifət daxilindəki hər cür birləşmə cəhdlərini beşiyindəcə boğursan.
Şərikin yox. Maliyyən vaxtlı-vaxtında gəlir.
Yanındakı “ictimai əsaslarla” işləyənləri saxlamaq üçün hər birinə yaxşı maaş verirsən. Elə eləyirsən ki, ən az maaş alan işçin iqtidar nazirinin rəsmi maaşı qədər “donluq” alsın.
Ətrafında “zombi”lərdən ibarət dəstə yaradandan sonra, başlayırsan “blokada şəraitində” müsahibələr verməyə.
Götürürsən hörmətli bir göyərti satanın kifayət qədər istedadla deyə biləcəyi narazılıqları.
Səviyyəni xeyli aşağı salıb, “prezident” ədası ilə o dəyərli kişidən oğurladıqlarını səsləndirirsən.
Özünü də elə aparırsan ki, guya o zəhmətkeş göyərti satan kimi günahsızsan və ölkənin bu vəziyyətə salınmasında zərrə qədər də təqsirin yoxdur.
Guya 1992-ci ildə ordu quruculuğu ilə məşğul olmaq əvəzinə, rus desant diviziyasının “pullu xidmət”indən yararlanan, V.Şerbakı milyonçuya çevirən və onun azad etdiyi torpaqları öz adına çıxaraq, utanmadan “Xankəndinə lap yaxınlaşmışdıq”-deyən və son nəticədə torpaqların 20%-ni erməniyə verən iqtidarın aparıcı üzvü olmamısan.
Guya S.Hüseynov kimi bir “sərkərdənin” qabağından rəzil vəziyyətə düşərək qaçan “qəhrəmanlardan” biri deyilsən.
Guya həmin təlatümlü günlərdə Bakıda olmamısan, Oksfordda yüksək səviyyədə təhsil alıb, böyük xəyallarla vətənə qayıtmısan və gördüyün vəziyyətdən dəhşətə gəlib, keçmisən müxalifətə.
O məzlum göyərti satanın narazılıqlarla dolu mətnini oğurlayıb başlamısan Forosda blokada vəziyyətində olan M.Qorbaçov ədası ilə bəyanatlar verməyə.
Ver! Göyərti satan bilər, sən bilərsən.
Ancaq heç olmasa yalan danışma, həqiqəti de.
Belə müxalifətçilərdən biri, AXCP sədri Əli Kərimli avqustun 28-də yeni müsahibə verərək son silah qalmaqalı ilə əlaqədar bəyan etdi ki, “Vaxtilə dövlət Dumasının bir komitə sədri açıqlamışdı. 2 milyard dollarlıq Ermənistana silah bəxşiş edilməsini. Bu olubmu? Olub. Azərbaycan tərəfindən ciddi bir etiraz doğurmayıb”.
Bu kələ-kötür cümlələrin anlaşılması üçün normal azərbaycan dilinə tərcümə edilmə zərurətini və C.Həsənli demişkən “pandameya” dövründə dediklərini anlamaq istəyən insanların xeyli gücə düşəcəyini qoyaq bir tərəfə.
Bu deyilənlər başdan-ayağa yalandır axı!
1997-ci ilin aprelində Rusiya Dövlət Dumasının Müdafiə komitəsinin sədri L.Roxlinin parlamentin iclasında Ermənistana silah-sursatın verilməsi barədə bəyanat verməsi həqiqətdir.
Ancaq söhbət Ə.Kərimlinin iddia etdiyi kimi 2 milyard dollardan yox, 1 milyarda yaxın dəyəri olan silah-sursatdan-80 ədəd t-72 tanki, 120 ədəd artilleriya qurğusu, bir neçə BMP-2 və 10000 ədəd atıcı silahdan - gedirdi.
Yəni, bütün bunlar 1 milyard deyildi, bir az artırıb, necə deyərlər, “dəyirmiliyib” eləmişdik 1 milyard. İndi AXCP sədri nə məqsədlə üstünə o qədər də gəlib, “2 milyard söhbəti” eləyir? Aydın deyil.
Bir şey aydındır ki, rəqəmləri şişirtməklə insanları çaşdırmağa çalışmaq nə özünü ciddi siyasətçi sayana, nə də adi insana yaraşan şey deyil.
AXCP sədri sonra deyir ki, bu fakt Azərbaycan tərəfindən ciddi bir etiraz doğurmayıb.
Ağ yalandır.
Azərbaycan hakimiyyətinin həmin hadisə ilə bağlı etirazı o qədər kəskin oldu ki, Rusiya nə o vaxta qədər, nə də ondan sonra atmadığı addımları atmaq məcburiyyətində qaldı.
L.Roxlinin bəyanatından sonra prezident H.Əliyev bu faktı Rusiya rəhbərliyinin nəzərinə çatdıraraq qəti etirazını bildirdi. Məsələni araşdırmaq üçün Rusiya
prezidentinin sərəncamı ilə dərhal xüsusi komissiya yaradıldı. Sonradan Rusiya prezidenti B.Yeltsin bu məsələdə əli olan bir neçə yüksək rütbəli hərbçinin cəzalandırıldığı barədə prezident H.Əliyevə məlumat verdi. Eyni zamanda, Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi General-leytenant Dementyev vəzifəsindən azad olundu.
Yeri gəlmişkən, həmin günlərdə araşdırma komissiyasının işinin nəticələri barədə məruzəni indiki prezident V.Putin səsləndirmişdi.
Azərbaycan hakimiyyətinin cəsarətli davranışı ona gətirib çıxardı ki, 1996-cı ildə verilmiş silah-sursatdan sonra ruslar uzun müddət ermənilərə ciddi sayıla biləcək məbləğdə silah partiyası vermədi.
Doğrudur, 2008-ci ildə Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah-sursat bağışlaması barədə yeni məlumat yayıldı və Azərbaycan Xarici İşlər Nazirliyi həmin il yanvarın 15-də Rusiyaya nota verdi.
Cavab olaraq Rusiya XİN bəyan etdi ki, belə bir hadisə olmayıb və ermənilərə heç nə verilməyib. Ruslar o qədər səmimi and-aman elədi ki, inanmaqdan başqa çarə qalmadı.
Bundan sonra yalnız 2015-ci ildə Rusiya Ermənistana cilah-sursat almaq üçün 200 milyon dollar kredit ayırdı və həmin kredit hesabına müxtəlif silah növləri alındı.
Daha sonra 2017-ci ildə eyni məqsədlə Ermənistana 15 il müddətinə 3 faizli 100 milyon dollar kredit ayrıldı.
Azərbaycan buna nədən etiraz etməli idi?
Biz Rusiyaya silah satmağı qadağan edə bilərdikmi?
Axı, biz, 2005-ci ildən başlayaraq Rusiyadan Ermənistana satılandan dəfələrlə artıq ən müasir silahlar almışıq və alırıq.
Ancaq söhbət 1994-cü ildən bu günə qədər üzərinə Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyası götürən dövlətin tərəflərdən birinə havayı silah verməsindən gedəndə biz qəti şəkildə etiraz etmişik və bundan sonra da edəcəyik.
1997-ci, 2008-ci və 2020-ci illərdə Azərbaycan hakimiyyətinin Rusiyaya kəskin etirazı bu amillə bağlı olub.
Çünki, münaqişə vəziyyətində olan silahlı qüvvələrdən birinə silah-sursat bağışlayan dövlət tərəf tutduğunu açıq şəkildə göstərir və həmin andan vasitəçilik etmək haqqını itirir.
Bir tərəfdən tərəfsizliyini göstərmək üçün erməniləri narazı salan təkliflərlə çıxış edən, digər tərəfdən, “Tovuz təxribatı” günlərində onlara 400 tonluq “tikinti materialları” ilə yardım edən Rusiya ilə hər şey aydındır.
Aydın olmayan Ə.Kərimlinin hamıya, ən azı çoxlarına yaxşı məlum olan məsələlər barədə yalan danışmağı özünə rəva bilməsidir.
Səbəb yalan danışmaq “adətkarlığı”dır, yoxsa, yaxın tariximiz barədə məlumatsızlıq?
Necə düşünürsünüz?
P.S. Dünən Osmanqızı tv-yə müsahibə verən keçmiş diplomat Arif Məmmədov da Rusiyanın son günlər Ermənistana verdiyi 400 tonluq yardımı artırdı və “500 ton silah-sursat verildiyini” bəyan etdi.
Bu artıq tarix bilgisi ilə əlaqədar məsələ deyil.
Bu artıq xəstəlikdir.
Nə etmək olar?
Allah şəfa versin.
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB