Hakimiyyət-media həmrəyliyini kim hədəfə alıb? - MÖVQE

Hakimiyyət-media həmrəyliyini kim hədəfə alıb? - MÖVQE

"Sabiq administrasiya rəhbəri sayca üçüncü məqaləsini yazdı. Başdan-başa tənqid üstündə qurulub və dövlət siyasətinin bütün önəmli istiqamətlərini vurur. Elə sahələri ki, az əvvələ qədər bu sahələrin yaxşısının da, pisinin də məsuliyyətini elə onun özü daşıyırdı. Həm də onun həmlələri o qədər anidir ki, bəlli postdan getdiyi qısa müddətdə heç kim çatdırıb bu sahələrdə bu qədər problem yarada bilməzdi. Əslində "hər şeyin başı elə onun özüdür" deyib üstündən keçmək olardı. Ancaq media ilə bağlı dediklərinə toxunmamaq olmaz". SİA-nın məlumatına görə, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quıiyev deyib.

Onun sözlərinə görə, medianı guya nəhayətsiz problemlərin içində itib-batan sahə kimi təqdim etməklə özündən sonra qalmış komandanı kökləmək və elə bir radikallıqla mediada dağıdıcı islahatlara yönəltmək istəyir ki, sonda bu islahatlar əslində illərdən bəri bir yerə toplanılan bütün pozitivlərin yerlə yeksən edilməsi ilə nəticələnsin: "Deməyindən belə çıxır ki, media indiki durumda ümumiyyətlə heç bir pozitiv rol və təsirə malik deyil. Ramiz Mehdiyev sözsüz ki, bir qədər "arxa planlarda" konktet şeyləri hədəfləyib. Stajlı dövlət məmuru olaraq yaxşı bilir ki, bu gün geniş çeşiddə media ilə hakimiyyətin həmrəyliyi və əməkdaşlığı hakimiyyətin müqayisəsiz güc elementlərindən biridir və təbii ki, dövlət rəsmilərini mediada ehtiyac hiss ediləndən də geniş və dərin islahatlara təşviq etməklə mediadakı təcrübəli və oturuşmuş sistemi çökəltmək, beləliklə hakimiyyəti özünün əsas güc elementlərinin biri ilə üz-üzə qoymaq istəyir".

Siyasi şərhçinin fikrincə, kimsə inkar etməz ki, hakimiyyətlə medianın bu günkü həmrəyliyinin azacıq zədə alması hansı fəsadlara səbəb ola bilər: "Təbii ki, hakimiyyət, ilk növbədə Prezident sabiq administrasiya rəhbərinin ağlı ilə iş görəsi deyil və onun sadəcə kütlə psixologiyasına hesanlanmış "ideoloji oyun tələsinə" düşəsi də deyil. Məlumdur ki, bir neçə ambisioz deputatın, bir neçə uğursuz karyeralı "mediaçının" məqsədyönlü həmlələri sayəsində ictimaiyyətin müəyyən hissəsində elə təsəvvür yaranıb ki, guya həqiqətən Azərbaycanın media sistemi "bax indicə çökəcək" həddə düşüb və bu sektorun guya heç bir həlledici uğuru yoxmuş. Mediamızın təbii ki, həlli vacib problemləri var. Lakin bunlar nə ambisioz deputat və uğursuz "mediaçıların" iddia etdiyi kimi, nə də Ramiz Mehdiyevin uzaqgörən bir məkrlə təlqin etmək istədiyi səviyyədə deyil".

A.Quliyev vurğulayıb ki, Ramiz Mehdiyevin "əlinizdə səlahiyyət olanda bunları niyə etmədiniz" sualı ilə üz-üzə qalacağını öncədən nə qədər nəzərə aldığını söyləmək çətindir: "Ancaq hiss olunur ki, hakimiyyətin mediada onun istədiyi dağıdıcılığa gətirib çıxaran "islahatlara" gedə biləcəyinə haradasa ümidlidir. Lakin çətin... Bu gün ölkədəki sabitliyin hakimiyyət-media həmrəyliyinin birbaşa nəticələrindən biri olduğunu necə görməmək olar?!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə