"Hər bir məsələ vətəndaşlarımızın əlindədir" ÖZƏL - AÇIQLAMA

"Hər bir məsələ vətəndaşlarımızın əlindədir" ÖZƏL - AÇIQLAMA

"Vətəndaşımız bu yumşalmaların əhəmiyyətini anlayarsa və buna öz vətəndaşlıq mövqeyi ilə cavab verərsə, yumşalmalar davam edə bilər. Hər bir məsələ vətəndaşımızın əlindədir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini olan deputat, professor Jalə Əliyeva, fəaliyyəti bərpa edilən sahələrlə bağlı danışarkən deyib.

"Artıq uzun müddətdir ki, karantin rejimi şəraitində yaşayırıq və bu da vətəndaşlarımızın sağlamlığı üçündür. Digər tərəfdən tətbiq edilən qaydalar Ümumdünya Səhiyyə Təşkilatının tələblərindən irəli gəlir. Bu gün karantin rejimi davam edir və davam etdirilməlidir də, çünki, virusa qarşı vaksin və infeksiyanın birbaşa müalicəsi hələ də yoxdur. Bu şəraitdə karantinin tamamilə aradan qaldırılması yenidən ağırlaşmalara səbəb ola bilər və pandemiya ilə mübarizədə yeni mərhələ başlaya bilər. Bunlar qorxuducu proqnozlar kimi səslənməməlidir, reallıq bundan ibarətdir. Bu qadağalarla bərabər, eyni zamanda, həyatımıza da davam etməli idik. Buna görə də yumşalmalara gedilməli idi. Digər ölkələrin statistikasına nəzər salsaq, ölkəmiz ən az itki və ziyanla bu ayları başa vura bildi. Təbii ki, müəyyən məsələlərə yenidən baxılacaq" - deyə, millət vəkili bildirib.

Jalə Əliyevanın sözlərinə görə, bu dövrdə tam şəkildə ölkə iqtisadiyyatının, sənayesinin, təhsilinin inkişafı ilə bağlı layihələr davam etdirildi və etdirilməlidir də, çünki, elə təhsil sahəsinin özündə son 6 ayda durğun vəziyyət hökm sürdü: "Bu da məcburiyyətdən irəli gəlirdi, lakin, artıq yeni tədris ili başlayır. Yeni tədris ilində yeni şərtlər altında, karantinin bizə gətirdiyi məhdudiyyətlər altında təhsil müəssisələri fəaliyyətinə başlayacaq. Əlbəttə ki, çox ehtiyyatlı şəkildə, məsuliyyətimizi itirmədən gündəlik həyatımıza davam edəcəyik".

Sədr müavini əlavə edib ki, eyni zamanda, muzeylərin, sərgi salonlarının fəaliyyəti də artıq bərpa olunur və bununla da bir ölkənin tam şəkildə fəaliyyət göstərməsi üçün əhəmiyyətli sayılan bütün sahələri, istər sənayesi, iqtisadiyyatı, istərsə də mədəniyyət və maarif sahələri olsun, hər biri öz fəaliyyətini davam etdirəcək: "Lakin, bu, şərtlər və gündəlik statistika nəzərə alınaraq davam etdiriləcək. Əgər vətəndaşımız bu yumşalmaların əhəmiyyətini anlayarsa və buna öz vətəndaşlıq mövqeyi ilə cavab verərsə, yumşalmalar davam edə bilər. Hər bir məsələ vətəndaşımızın əlindədir. Gündəlik tələblərə, şərtlərə riayət edilərsə, daha sonrakı dövrlərdə biz yumşalmaların yeni mərhələlərinə keçid edə bilərik. Qarşıdan payız-qış ayları gəlir. Bütün bu sadalananlara vətəndaş məsuliyyəti ilə yanaşmasaq yenidən yoluxmaların sayı artmağa başlaya, xəstəlik yenidən baş qaldıra bilər. Bu zaman bir daha qərarlara yebidən baxılacaq.

Dəfələrlə səsləndirdiyimiz fikri bir daha vurğulamaq istərdim ki, bu virus müharibəsi elan olunmamış bir müharibədir, nə zaman bitəcəyi heç kəsə məlum deyil, heç bir dünya ölkəsi, o cümlədən Azərbaycan da bu virusun gəlişinə hazır deyildi. Azərbaycan dövləti əlindən gələni etdi ki, vətəndaşlarını bu virus təhküləsindən qorusun. Bu məsələnin həllində ən böyük yol göstərənimiz, ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!" şüarı altında birləşən, dövlətinin hər zaman yanında olduğunu göstərən insanlarımızın mövqeyi əhəmiyyətli idi. Bundan sonra da xalqın birliyi və əzmkarlığı ilə bütün problemlərin öhdəsindən birlikdə gələ biləcəyimizdən əminik".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə