"Gənclər pandemiya dövründə də özlərini bir daha sübut etdilər" ÖZƏL - AÇIQLAMA

"Gənclər pandemiya dövründə də özlərini bir daha sübut etdilər" ÖZƏL - AÇIQLAMA

"İstər pandemiya ilə mübarizədə, istər erməni təxribatlarının qarşısının alınmasında, istərsə də daxildə hansısa qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönəlmiş cəhdlərin qarşısının alınmasında gənclərimiz qətiyyətli mövqe nümayiş etdirdi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Gənclər və idman Komitəsinin üzvü olan deputatı Cavid Osmanov pandemiya ilə mübarizədə gənclərin fəaliyyətindən danışarkən deyib.

O bildirib ki, bu gün insanlar öz fəaliyyətlərini COVID-19 pandemiyasına uyğun şəkildə tətbiq edilən qaydalara əsasən qurmalıdır: "COVID-19-la mübarizədə ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində əhəmiyyətli işlərə imza atılıb. Buna əsasən, Azərbaycan bu mübarizədə dünya ölkələrinə nümunə kimi təqdim olunur. Pandemiya ilə mübarizədə Azərbaycan gəncliyinin də üzərinə xeyli vəzifələr düşdü. Azərbaycan gəncliyi bu mübarizədə öz effektiv iştirakları ilə cəmiyyətdəki rollarını bir daha sübut etdilər.

Yeni Azərbaycan Partiyasının gəncləri, onların əhatəsində olan könüllülər ən həssas vaxtlarda insanları narahat edəcək çətinlikləri aradan qaldırmaq məqsədi ilə onlarla ünsiyyət qurmaq bacarıqlarını bir daha nümayiş etdirdilər. Yeni Azərbaycan Partiyasının bütün şəhər və rayon təşkilatlarını əhatə edən bu könüllü gənclər partiyanın adından təqdim edilən ərzaq yardımlarının və gigiyenik qoruyucu vasitələrin çatdırılmasında, sosial xidmətlərin, xüsusilə də, yaşı 65-dən çox olan insanlara diqqət və qayğının göstərilməsində iştirak etdilər. Həmçinin, Heydər Əliyev Fondunun, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ərzaq sovqatlarının çatdırılmasında da məhz bu gənclər çox mühüm işlər gördülər".

Millət vəkilinin fikrincə, Azərbaycan xalqı humanistlik və xeyirxahlıq prinsiplərinə həmişə sadiq qalıb və ölkəmizdə bu missiyanın ən layiqli şəkildə yerinə yetirilməsini Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi və onun nümunəsində görmüşük: "Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gənclər təşkilatlanaraq bu istiqamətdə çox vacib addımlar atdılar. Ümumilikdə, Azərbaycan gəncliyi pandemiya dövründə insanlara dəstək olmağa çalışdı, sərt karantin rejimində gənclərimiz bütün insanlara nümunə olmağa çalışdılar, həmçinin, müəyyən virtual layihələr həyata keçirməklə həm vaxtlarını səmərəli keçirdilər, həm də cəmiyyətə çox böyük dəstək olurdular".

Cavid Osmanov əlavə edib ki, Azərbaycan gəncliyi pandemiya dövründə edilən çağırışlara adekvat cavab verdi və bununla da Azərbaycan dövlətinin yanında olduqlarını nümayiş etdirdi: "İstənilən halda, istər pandemiya ilə mübarizədə, istər erməni təxribatlarının qarşısının alınmasında, istərsə də daxildə hansısa qüvvələrin ölkəmizdə ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa yönəlmiş cəhdlərin qarşısının alınmasında gənclərimiz qətiyyətli mövqe nümayiş etdirdi".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə