“Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur” RƏY-ÖZƏL

“Müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur” RƏY-ÖZƏL

Müxalifət düşərgəsində, mövcud anormal mühitin özəlliklərindən biri də qüsurlu fəaliyyətlərinə görə tutduqları vəzifədən uzaqlaşdırılan şəxslərə qucaq açmaları və onları öz sıralarına qəbul etmələridir. Hətta müəyyən məsələlərdə təxribatlar aparmaq üçün onlara sahələr ayırırlar. Misal olaraq, Gültəkin Hacıbəylinin, Əli İnsanovun və digərlərinin müxaliflərlə əlaqələr qurmalarını göstərmək olar.

AGAAMC-nin sədri, fəlsəfə doktoru, İlqar Orucov “Səs” qəzetinə açıqlamasında bildirdi ki, bəzi şəxslər vəzifədən uzaqlaşdırılandan sonra müxalifət düşərgəsində onlara sanki yeni bir sevgi yaranır: “Vaxtilə müxalifəti ən sərt şəkildə tənqid və təhqir edən şəxslər belə, hakimiyyətdə təmsil olunduqları zaman müxtəlif cinayətlərə, xəyanətlərə görə vəzifələrindən kənarlaşdırılandan sonra onlara qarşı müxalifətdə çox fərqli bir mövqe ortaya qoyulur, onlar sanki qəhramanmış kimi təqdim olunurlar. Bunu konkret olaraq Əli İnsanovun, Gültəkin Hacıbəylinin timsalında görmək olar və bu kimi şəxslərə münasibətdə müxalifətin mövqeyi birmənalı olaraq, 180 dərəcə dəyişir”.

İlqar Orucov onu da bildirdi ki, dağıdıcı müxalifət üçün nə bir siyasi əxlaq və siyasi baxış, eləcə də əqidə yoxdur: “Necə ola bilər ki, dünənə kimi bu şəxslər sənə düşmən kimi baxırdı və bu gün onlar hakimiyyətdəki mövqeyini itirəndən sonra, konkret olaraq cinayət əməlinə görə artıq onunla bağlı tədbir görüləndə sən bunu qəhraman obrazında xalqa təqdim edirsən və utanmadan onunla oturub bir masada əyləşib fikir mübadiləsi edirsən. Görünən budur ki, məhz müxalifət Azərbaycan reallığında özünə müxalifət deyən, əslində bir qrup radikal insanlardan ibarət bu toplum nə istədiyini bilmir. Bir sözlə, dünənə qədər həmin şəxsi hakimiyyətdə korrupsiya və digər məsələlərdə ittiham edir və sonradan həmin şəxs konkret əməlinə görə işindən azad olunur, yaxud həbsə düşür, sonra vaxtı ilə sənin düşmən gözündə gördüyün şəxsi sənə çox yaxın bir insan kimi təqdim edir, bu da onu göstərir ki, müxalifətdə siyasi əqidə yoxdur. Demək olar ki, bunlar üçün kim olursa-olsun, yalnız və yalnız bu hakimiyyətə qarşı narazılığı olsun. Ümumiyyətlə, bu gün xalq adları çəkilən şəxsləri çox yaxşı tanıyır. Bir sözlə, müxalifətin xalq tərəfindən heç bir siyasi dəstəyi yoxdur”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə