"Qanun qarşısında hər bir vətəndaşın boynu qıldan incədir" ÖZƏL-MÜNASİBƏT

"Qanun qarşısında hər bir vətəndaşın boynu qıldan incədir" ÖZƏL-MÜNASİBƏT

“Kimliyindən asılı olmayaraq, hər kəs qanun qarşısında bərabərdir. Karantin qaydalarını pozan yüksək rütbəli məmur, vəzifəlilər qanunu pozursa, hüquq mühafizə orqanları mütləq ölçü götürməlidirlər. Şəhər və rayonlarda karantin dövründə toy, məclislər təşkil etmək istəyən sadə insanlar cərimə oluna bilər, eynilə də bu sərt addım qanunu pozan məmurlara, özlərini qanundan yüksək tutanlara şamil olunmalıdır”. Bunu SİA-ya millət vəkili Eldəniz Səlimov deyib.

Deputatın sözlərinə görə, qanun qarşısında vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşın boynu qıldan incədir: “Başa düşülməlidir ki, xalq və qanun ölkə rəhbərinin tərəfindədir. Dövlətimizin əmin-amanlığı, xalqımızın firavan yaşamı qarşısında Ulu Öndərimizin siyasi kursu və cənab Prezidentin qətiyyətli siyasi iradəsi durur. Karantin qaydaları hər kəs üçündür! Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz! Bu gün isə karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu hər kəs üçün ciddi dərs olmalıdır! Toy qadağası davam edir və bu hər kəs üçün belədir! Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kəsə xüsusi imtiyaz verilmədiyini və verilməyəcəyini bir daha göstərir!”.

Deputat xatırladıb ki, sərt karantin rejiminin may ayında nisbətən yumuşaldılması vətəndaşların bir qismində təhlükənin artıq sovuşduğu təəssüratı yaratmış və onlar karantin qaydalarını pozmuşlar: “Nəticədə sanitar-epidemioloji vəziyyət pisləşdi və hökumət əhalinin sağlamlığını qorumaq məqsədi ilə yenidən sərt karantin rejimini tətbiq etməyə məcbur oldu. Görülmüş tədbirlər nəticəsində virusa yoluxanların sayı azaldı, sağalanların sayı isə artdı. Bütövlükdə xəstələrin sayı kəskin şəkildə aşağı düşdü. Bütün bunları nəzərə alaraq, Nazirlər Kabineti yanında Operativ Qərargah yenidən müvafiq tövsiyələrə ciddi riaəyət edilməsi şərti ilə karantin rejiminin qismən yumuşaldılması haqqında qərar qəbul etdi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə