“Məlum olduğu kimi, Hicri təqviminə uyğun olaraq Miladi təqvimlə avqustun 21-dən Məhərrəm ayı başlayıb. Bu ayın başlaması ilə artıq min illərdi Hicrətin 61-ci ilində İraqın Kərbəla çölündə baş verən qanlı hadisənin qeyd olunması bir dini adət olaraq qeyd olunur. Əsasən İslamın şiə məzhəbinə inanan əhali arasında qeyd olunan bu dini mərasimlər Azərbaycanda da hər il keçirilir. Məhərrəm ayının 10-u imam Hüseynin qətlə yetirildiyi gün Aşura günü adlanır və xüsusi mərasimlər təşkil olunur. Bu il də əhalisinin böyük əksəriyyətinin şiə məzhəbinə aid olan Azərbaycanda bu mərasimlər dini adətə uyğun olaraq keçirilməli idi. Ümumiyyətlə, onu qeyd edim ki, qanuna zidd hərəkətlərə yol verilmədən bu mərasimlərin keçirilməsi Azərbaycanda qadağan deyil və müstəqilliyimizin ilk illərindən xalq bu dini adəti bərpa edərək hər il qeyd etmişdir. Lakin bu il məlum pandemiya böhranının yaratdığl çətinliklərdən biri də virusun əhali arasında geniş yayılmasının qarşısının alınması mıqsədilə kütləvi tədbirlərin keçirilməsinin müvvəqqəti olaraq qadağan edilməsidir. Məhz bu səbəbdən bu il Aşura gününün qeyd olunması və digər bu dini adətlə bağlı tədbirlərin keçirilməsi də karantin qaydalarına uyğun olaraq qadağan edilmişdir”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
İctimai Birliyin sədri vurğulayıb ki, qadağa dini adətlərə qarşı deyil, ilk növbədə karantin qaydalarından irəli gələn qanuna uyğun olaraq vətəndaşların sağlamlığının qorunması məqsədilədir: “İmam Hüseyn (ə), özünün də dəfələrlə dediyi kimi, islahatçı, insanları doğruya dəvət edən, pislikdən çəkindirən və nəhayət, bu yolda öz həyatını qurban verən bir şəxsiyyət idi. Məhz bunu nəzərə alaraq vətəndaşlarımızı qaydalara əməl etməyə dəvət edirəm. İnsanların kütləvi toplanmsı, dini ayinləri yerinə yetirməsində heç bir qəbahət yoxdu, lakin virusun hələ də mövcudluğu şəraitində bunun nəticəsində kütləvi yoluxma halı olarsa, bu artıq elə İmam Hüseyn (ə) ruhunu da incidər. Axı İmam Hüseyn (ə) da insanların xoşbəxtliyin və sağlamlığın arzulayırdı.
Məlumdur ki, bir çox İslam ölkələrində də bu qadağanlar tətbiq olunub və insanları bunu anlayışla qarşılamaqları xahiş edilib. Azərbaycan xalqı da təbii ki, karantin qaydalarının tələblərinə uyğun olaraq tətbiq edilən qadağanı anlayışla qarşılayacaq. Xüsusilə də məscidlər bağlı olsa da bəzi şəxslər evlərində bu mərasimləri təşkil etmək istəyəcəklər. Bu istəyinizdən əl çəkməyinizi xahiş edirəm. Aşura fəlsəfəsinin də bir tələbi insanların təhlükələrdən, müsibətlərdən qorunmasıdır. Virusa kütləvi yoluxma halı da elə müsibətdir. Əgər öz hərəkıtinizlə digər insanlara ziyan vurursunuzsa, fərqi yoxdur pis və ya yaxşı niyyətdən, bunun özü elə İslam qaydaları ilə böyük günahdır. Bu gün dünyada İT texnologiyalarının inkişafı nəticəsində geniş imkanlar mövcuddur. Bu imkanlardan yararlanmaqla dini adətlərimizi yerinə yetirmək olar. Bu da bir sınaqdı mömin ürəyində. Allah sevgisi olan hər bir insan bu sınaqdan çıxmağı bacarmalıdır. Tanrı hər birimizi qorusun. Allahdan İmam Hüseyn (ə) və eləcə də bütün şəhidlərimizə rəhmət diləyir, növbəti Aşura mərasimini işğaldan azad olunmuş Şuşada Gövhər ağa məscidində həyata keçirməyi arzu edirəm. Əziz xalqım, qaydalara əməl edin, bu ilk növbədə sizin sağlamlığınız üçündür".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB