"Qanunlara və qaydalara hörmət hamı üçün vacibdir" ÖZƏL-MÜNASİBƏT

"Qanunlara və qaydalara hörmət hamı üçün vacibdir" ÖZƏL-MÜNASİBƏT

“Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar rayon icra hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətinin başçısı vəzifələrinə təyin olmaları ilə əlaqədar videoformatda qəbul edib. Prezident çıxışında bir çox vacib məsələlərə toxunub və yüksək vəzifələrin etimad edildiyi bu şəxslərə çox ciddi tövsiyələr və tapşırıqlar verdi”. Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Onun sözlərinə görə, diqqət çəkən məsələlərdən biri, yerlərdə sahibkarlığın inkişafı ilə bağlıdır: “Doğrudur, bu istiqamətdə dövlətimizin gördüyü böyük işlər göz önündədir. Bölgələrimizin inkişafına, o cümlədən, infrastruktur layihələrinə qoyulan investisiyalar kənd təsərrüfatında canlanma yaradıb. Fermerlər lazımi texnika ilə, subsidiyalarla təmin edilirlər. Lakin təəssüflər olsun ki, dövlət başçısının qeyd etdiyi kimi, heç də bütün rayonlarında sahibkarlara göstərilən qayğı qənaətbəxş deyildir. Bəzi yerlərdə iş adamları açıq -aşkar incidilir, fəaliyyətlərinə süni maneələr yaradılır, onlardan nəsə umulur, tələb olunur, rüşvət istənilir. Zənnimcə, bir sıra rayonlarında hələ də belə mühitin qalması orada özəl sektorun zəif inkişafının, iş yerlərinin məhdud olmasının əsas səbəblərindən biridir. Bunun nəticəsi olaraq, kənd yerlərində yaşayan vətəndaşlarımız iş, çörək dalınca şəhərlərə üz tuturlar. Şəhərlərimizin imkanı isə hüdudsuz deyil, onların artıq yüklənməsi özü də müəyyən sosial-iqtisadi və s. problemlərə gətirib çıxarır. Prezidentin "Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə ciddi nəzarət olmalıdır"-deməsi, əslində, sahibkarların bu gün dövlət tərəfindən çox ciddi dəstəyə və himayəyə malik olduqlarını göstərir. Sahibkardan bu gün, kimliyindən asılı olmayaraq, bir şey tələb olunur: dövlətə çatacaq vergilərini vaxtında ödəsin. Kimsə gəlib onlardan pay tələb edəcəksə, rüşvət tələb istəyəcəksə, onun qandallanmaq ehtimalı 100%-ə bərabərdir.

Yeri gəlmişkən, bu günlərdə Tərtər rayonu icra başçısının həbs edilməsi bunun əyani sübutudur. Təkcə son səkkiz ay ərzində Azərbaycanda tamahının qurbanı olan, dövlət vəsaitlərini mənimsəyən, sahibkarlardan, iş adamlarından, iş qurmaq istəyən vətəndaşlardan pul, pay tələb edən onlarla yüksək vəzifəli dövlət məmuru cinayət məsuliyyətinə cəlb olunmuşdur. Bu, öz növbəsində, ölkəmizdə korrupsiyaya qarşı aparılan mübarizənin sərt və davamlı olduğunu göstərir.

Ölkəmizdə dövlət məmurlarının, yüksək vəzifəlilərin insanları qıcıqlandıra biləcək davranışlara yol vermələri,əxlaq normalarından kənar hərəkətləri də artıq bəzilərinin karyerasının bitməsinə səbəb olmuşdur. Ölkəmizin başçısı bir daha açıq mətnlə dövlət strukturlarında yüksək vəzifə tutanlara həm işdə, həm məişətdə, həm özlərinin, həm yaxınlarının təvazökar olmalarını tələb etdi. Qanunlara və qaydalara hörmət hamı üçün vacibdir. Belə şəraitdə yaşamaq və çalışmaq hər kəs üçün rahatdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə