"Həkimlərin verdiyi tövsiyyələrə əməl etməyi dinimiz də bizdən tələb edir" ÖZƏL-MÜNASİBƏT

"Həkimlərin verdiyi tövsiyyələrə əməl etməyi dinimiz də bizdən tələb edir" ÖZƏL-MÜNASİBƏT

"Bu gün bütün dünyanı koronovirus pandemiyası bürüyüb. Koronovirus öldürücü bir xəstəlikdir və heç bir yaş, sosial vəziyyət tanımır. Qurani-Kərimdə, Peyğəmbər əleyhissəlamın hədisi-şəriflərdə insanların sağlamlığı çox önəmli bir məsələdir. Bu məsələ ən birinci məsələ kimi qeyd edilir. Qurani-Kərimdə buyurulur ki, öz əllərinizlə özünüzü təhlükəyə atmayın". Bunu SİA-ya Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı Hacı İbrahim Quliyev deyib.

"Peyğəmbər əleyhissalamın hədislərinə diqqət etsək görərik ki, Peyğəmbərimiz xəstə olan insanlarla təmas qurmağı və xəstəlik yayılan ərazilərə gediş-gəlişi qadağan edib. Hətta hədislərinin birində buyurur ki, “Əgər hər hansı bir ərazidə taun xəstəliyinin olduğunu eşitsəniz heç vaxt ora daxil olmayın. Əgər siz o yerdəsinizsə, oradan kənara çıxmayın. Çünki sizin oradan kənara çıxmağınız həmin xəstəliyin başqa ərazilərdə də yayılmağına səbəb ola bilər”. Yəni bütün bunların hamısı onu göstərir ki, bizim dinimiz ilk növbədə insan sağlamlığının qeydinə qalır və insan sağlamlığının keşiyində durur. Bildiyiniz kimi indiki dövr də pandemiya dövrünə təsadüf edib. Məhərrəmlik mərasimi də toplu şəkildə icra olunan ayinlərdəndir və xüsusilə məscidlərdə keçirilir. Həm Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qərarında, həm də Operativ Qərargahın təlimat və tövsiyyələrində göstərilir ki, indiki şəraitdə insanların qapalı məkanlara toplaşması, bir-biri ilə məsafə saxlamadan görüşməsi, bir arada olmağı yolverilməzdir. Çünki COVİD-19 virusu hava, damcı yolu ilə keçir. İnsanlar bir araya toplaşanda bu xəstəlik daha sürətlə yayılır. Dinimizin özü də həkimlərin verdiyi tövsiyyələrə əməl etməyi bizdən tələb edir. Ona görə də biz bir vətəndaş olaraq Operativ Qərargahın verdiyi təlimata uyğun şəkildə hərəkət etməliyik və maksimum dərəcədə özümüzü cəmiyyətdən təcrid etməliyik. Bir araya toplaşmamalıyıq və fiziki məsafəni qoruyub saxlamalıyıq. Əminik ki, yaxın gələcəkdə bu xəstəlik bütövlükdə bəşəriyyətin üzərindən götürülər. Biz gələn il Məhərrəmlik mərasimini əvvəlki illərdən daha da yaxşı şəkildə qeyd edərik. Çünki Məhərrəmlik mərasimi Azərbaycan milli-mənəvi mədəniyyətində çox böyük rol oynayır. Bunu heç kəs inkar edə bilməz. Amma bu gün biz inanclı insanlarımızı səbrli olmağa çağırırıq"-deyə, QMİ-nin əməkdaşı fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə