"Erməni tərəfi gec, ya da tez ədalət və hərbi gücümüz qarşısında diz çökəcək" BƏHRUZ QULİYEV
“SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev “BBC-nin “HARD Talk” proqramında Ermənistanın baş naziri Nikol Paşinyanın verilən suallar qarşısında aciz vəziyyətə düşməsi və rüsvay olması ilə bağlı açıqlama verib. SİA "İki Sahil"ə istinadən xəbər verir ki, baş redaktor sözügedən məsələyə münasibətini açıqlayarkən deyib ki, bu, Nikol Paşinyanın həyatında yaşadığı ən ağır fiaskolarından biri oldu və bundan sonra beynəlxalq aləmdə, siyasi dairələrdə ona olan münasibət daha çox qeyri-ciddiliyi ilə seçiləcək.
Bəhruz Quliyevə görə, erməni baş nazir ölkəsinin işğalçı və təcavüzkar olduğunu ciddi-cəhdlə, suallardan yayınmaq vasitəsi ilə ört-basdır etməyə çalışdıqca, bu fakt özü-özünü daha açıq şəkildə isbatladı, sübut olundu ki, onun bəhanələri əbəsdir və BMT-nin qətnamələri də daxil olmaqla, beynəlxalq aləm Ermənistanı işğalçı kimi tanıyır: “Xüsusilə, Tovuz istiqamətindəki məlum təxribat, mülki obyektlərimizin, fərdi evlərin atəşə tutulması, dağıdılması və vətəndaşımızın öldürülməsi faktları onu dalana dirədi və eyni zamanda, digər danılmaz amillər Paşinyanın acizliyini daha qabarıq fonda sərgiləmiş oldu. Gəlin baxaq və bir daha aydınlaşdıraq ki, hansıdır həmin amillər..?”
O, növbəti misalları gətiib: “Baxın, ermənilərin baş naziri iddia edir ki, münaqişə tərəfi Ermənistan deyil və guya ki, qondarma, dünyanın heç bir dövlətinin tanımadığı “DQR”dir və Azərbaycan, məhz onlarla danışıq masasına oturmalıdır və s. Sual yaranır, əgər tutaq ki, belədirsə onda Ermənistan hansı səbəblərlə işğal olunmuş ərazilərimizdə magistral yol çəkir? Ermənistan rəhbərliyi, eləcə də güc strukturlarının tez-tez Qarabağa səfərlərinin arxasında başqa hansı məqsədlər dayanır? Bu səfərlər söz yox ki, sülh məqsədini daşımır, bu səfərlər təcavüzkarlıq siyasətinin davamıdır.
Yaxud, Ermənistan bu münaqişədə tərəf olmadığını bəyan edirsə, çıxarılan qətnamələr niyə məhz Ermənistana aid olunur? Avropa parlamentarilərinin bəyanatları nəyə görə birbaşa Ermənistan rəhbərliyinə ünvanlanıb? Bənzər suallar kifayət qədər çoxdur və onların hər birinə verilən cavablar da var – bu, Ermənistanın işğalçı dövlət olmasıdır ki, hazırda Nikol Paşinyan yaxasını qurtarmaq üçün işıq ucu tapa bilmir. Çünki işıq ucu ümumiyyətlə, yoxdur”.
Daha bir xatırlatma edən Bəhruz Quliyev bildirib ki, bu, Prezident İlham Əliyevin Nikol Paşinyana göndərdiyi qətiyyətli və sərt ismarıcı ilə bağlıdır: “Liderimiz öz çıxışında vurğulamışdı ki, əgər Ermənistan bu qədər cürətlidirsə, qorxmursa, o zaman “DQR”i dövlət olaraq tanısın. Görürsünüzmü, Ermənistan rəhbərliyi buna cürət etmədi, qorxdu. Çünki haqqın, ədalətin və gücün Azərbaycan tərəfində olduğunu yaxşı bilir, dərk edir. Əlbəttə ki, Paşinyanı sərrast sualları ilə güncə sıxışdıran Stefen Sakur da bu gerçəklikləri bilir və ona görə də erməni baş nazirindən etiraf cavablarını almağa çalışırdı. Amma gördüyümüz kimi, Paşinyan sadəcə qaçdı – qorxaq və suallar altında qalaraq əzilmiş şəkildə fiaskoya uğradı. Bundan isə təəccüblənməyə dəyməz. Çünki ortada işğalçılıq, təcavüzkarlıq sübutu dayanıb. Hesab edirəm ki, istər Paşinyan olsun, istərsə də bir başqası – erməni tərəfi gec, ya da tez ədalət və həqiqət, eyni zamanda, hərbi gücümüz qarşısında diz çökməli olacaq. Buna isə şübhə yoxdur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB