Nikol Paşinyanın rüsvayçı duruma düşməsi ilk dəfə deyil ANALİTİK

Erməni baş naziri BBC-nin Hard Talk verilişində özünü biabır edib

Ermənistanın baş naziri Nikol Paşinyan daxili siyasətdə olduğu kimi, xarici diplomatik siyasətdə də ciddi səhvlərə yol verməkdə, ölkəsinin adını bu və ya digər şəkildə batırmaqda davam edir. Onun hazırkı dövrə qədər bir sıra beynəlxalq görüşlərdə və sammitlərdə çıxılmaz vəziyyətlərə düşməsi və rüsvay olması faktları kifayət qədərdir. Siyasi və diplomatik bilgidən "0" qiyməti alan N.Paşinyan bu dəfə dünyaca məşhur media qurumu - BBC-nin "Hard Talk" verilişində də "imtahandan" kəsilib, biabır olub.

Paşinyan ciddi siyasi fiqur kimi deyil, məhz təlxək obrazı ilə daha çox tanınmağa başlayıb

Belə ki, buna daha bir səbəb, Paşinyanın beynəlxalq ictimai rəydə acınacaqlı duruma düşməsi onun ingilis dilini pis bilməsi, həm də kəsərli suallar qarşısında mövqeyinin zəif olmasıdır ki, bu da beynəlxalq siyasi dairələrdə ona qarşı yaranmış istehzalı xarakteri daha da gücləndirir. Artıq o ciddi siyasi fiqur kimi deyil, məhz təlxək obrazı ilə daha çox tanınmağa başlayıb.

Daha bir faktor isə budur ki, verilən sualların xarakteri də onun öz ölkəsindəki vəziyyətin nə qədər ağır vəziyyətdə olması gerçəkliyini gizlətməsinə imkan verməyib. Çünki Qərb, xüsusilə Ermənistana zaman-zaman dəstək göstərən siyasi dairələr də reallıqda erməni hakimiyyətindən əllərini üzməyə başlayıblar.

Qərb Paşinyandan niyə üz döndərir?

"Məxməri inqilab" yolu ilə hakimiyyətə yiyələndiyi bir vaxtlarda öhdəlik götürdüyü qurumların (məsələn, Soros fondunun və s.) ümidlərini doğrulda bilməyən Paşinyan, əslində demkokratik deyil, avtoritar dövlət başçısı olduğunu isbatlayıb. Bu isə, bir daha onu göstərir ki, artıq Qərb də həm Ermənistanda mürəkkəb və ziddiyyətli daxili prosseslər, antidemokratiya, həm də Ermənistan -Azərbaycan münaqişəsinin həllində sələflərinin mövqeyini davam etdirdiyinə görə Paşinyandan üz döndərir. Xüsusilə, Tovuz istiqamətində baş verən məlum təxribatlardan sonra, dünyanın aparıcı dövlətləri və təşkilatları Ermənistanın işğalçılıq siyasətini pisləyən, Azərbaycanın haqlı mövqeyini müdafiə edən bəyanatlar səsləndirdilər. Bu reallıq isə, həqiqətən də Paşinyan rejiminin beynəlxalq arenada siyasi tullantıya çevrilməsi amilini isbatlamış olur.

Məhz qeyd edilənlərlə yanaşı, BBC-dəki müsahibə Paşinyanın hələ siyasətçi kimi formalaşmadığını, təcrübəsiz və səriştəsiz olduğunu göstərdi, siyasət elminin ona aid olmadığını açıq-aşkar xarakterizə etmiş oldu.

Erməni baş nazir Ermənistanın işğalçı olduğunu öz dili ilə təsdiq edib

Qeyd etdiyimiz kimi, N.Paşinyan ilk dəfədir ki, bənzər tələyə düşmür və maraqlıdır ki, tələyə onu başqa biriləri deyil, özü salır. Məsələn, xatırlada bilərik ki, Paşinyan bir müddət əvvəl Münxen konfransındakı bənzər biabırçılığını bu dəfə daha kəskin formada təkrarladı, izləyiciləri yüz minlərlə ölçülən nüfuzlu telekanalın məşhur proqramında rüsvay oldu.

Bu fakt isə, növbəti danılmaz faktları ortaya çıxarır. Belə ki, artıq belə bir qənaətə gəlmək olar ki, N.Paşinyan adi jurnalistin qarşısında belə aciz duruma düşürsə, demək ki, dövlət və hökumət başçıları ilə ikitərəfli və çoxtərəfli danışıqlar formatında ya dalana dirənir, ya da danışıqlar məngənəsində sıxışıb-qalır.

O, özü-özünü ifşa etməsi ilə yanaşı, həm də Ermənistanın işğalçılıq mövqeyində olduğunu dili ilə etiraf edir. Baxın, erməni baş nazir etiraf edir ki, münaqişə başlanan zaman Dağlıq Qarabağ əhalisinin 18 faizi erməni olub. Əgər bu gün işğal olunmuş ərazilərimizdə bir nəfər də azərbaycanlı yaşamırsa, qondarma "DQR" yalnız ermənilərdən ibarətdirsə, demək ki, həmin ərazi işğala məruz qalıb!

Paşinyan Prezident İlham Əliyevlə danışıqlarda özünü itirir və qorxuya düşür

Beləliklə, Paşinyanın biabır olması, rüsvayçı duruma sürüklənməsi - istər Münhen konfransı çərçivəsində debat, istərsə də BBC-yə verdiyi gülünc müsahibə onu göstərir ki, Ermənistanın baş naziri Prezident İlham Əliyevlə danışıqlarda tam aciz, tərksilah olunmuş, küncə sıxılmış durumda olur, özünü itirir və sözün həqiqi mənasında qorxuya düşür. Yəni belə bir nəticə də hasil etmək mümkündür ki, bir daha görüşlərdə Azərbaycan Prezidenti ilə üz-üzə gəlib stress yaşamamaq üçün, Paşinyan hər vəchlə təxribatlara gedərək danışıqları pozmağa çalışır və həmin təxribatları elə onun öz başındaca çatlayır. Hər halda, onun müsahibədə düşdüyü vəziyyət də bu cür düşünməyə kifayət qədər zəmin yaratmaqdadır.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...