"Bu, anti-milli ünsürlərə tutarlı cavabdır" - ŞƏRH ÖZƏL

"Bütün dünyada tüğyan edən koronavirus pandemiyası dövründə dünyanın bir çox ölkələrinə nəzər salsaq görərik ki, artıq iqtidar-müxalifət anlayış qalmayıb və müvəqqəti bütün cəmiyyət öz dövlətinin ətrafında birləşir və bu böhranlı vəziyyətdən çıxmaq üçün səylər göstərir. Amma çox təəssüflər olsun ki, Azərbaycanda Milli Şura adı altında birləşib adlarının əksinə anti-milli fəaliyyət göstərənlər var. Biz çox vaxt onların müxtəlif dairələr və erməni lobbisinin maraqlarına xidmət etdiklərini müşahidə edirik. Sonuncu dəfə Tovuz istiqamətində Ermənistanın törətdiyi növbəti təxribatdan dərhal sonra bunlar Ermənistanı açıq şəkildə dəstəklədiklərini biruzə verdilər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.

Onun sözlərinə görə, bütün dünya azərbaycanlılarının, soydaşlarımızın birləşərək həmrəylik nümayiş etdirdiyi bir məqamda, anti-milli ünsürlər həmvətənlərimizi xuliqan, vandal və vəhşilik nümayiş etdirən bir xalq kimi göstərməyə çalşırdılar: "Əlbəttə ki, bunu erməni lobbisinin sifarişi əsasında həyata keçirirdilər. Məhz Gültəkin Hacıbəylinin son açıqlaması da bütün bunlara əyani bir sübutdur. Həmişə öz adlarını xalq sevdalısı kimi qələmə verənlər göründü ki, xalqın, dövlətçiliyimizin yox olmasına, müstəqilliyimizə qarşı çox çirkin siyasət aparan bir qruplaşmaya çevriliblər. Normal əqidədə olan heç bir şəxs istəməz ki, onun xalqının sosial vəziyyəti gərginləşsin. Əhalinin sosial iqtisadi vəziyyəti pisləşməsi bizim xeyrimizədir fikirləri onların xislətindən xəbər verir. İyulun 14-dən 15-nə keçən gecə Ali Baş Komandana, Ordumuza dəstək yürüşü edən 10 minlərlə insanın arasına öz təxribatçılarını tullamaqla, gecə Milli Məclisə hücum etməklə onlar birbaşa Ermənistana xidmət etdiklərini sübut etdilər. Öz ölkəsinin vətəndaşının güzaranının pisləşməsini yalnız o kəslər arzulaya bilər ki, həmin şəxslər dövlətə düşmən kəsilmiş dairələrə xidmət edirlər".

C.Osmanov vurğulayıb ki, həmçinin Arif Məmmədov kimi anti-milli ünsürün "Biz burda baş verən hadisələrin Avropaya çatdırılmasını təmin etməliyik" sözü birbaşa onun əqidə kasatlığının göstəricisidir: "Azərbaycan dövləti hazırki çətin vəziyyətdə vətəndaşları üçün ən zəngin sosial paket təqdim edən ölkələrdəndir. Həmçinin Azərbaycan 30-dan çox ölkəyə və ÜST-na humanitar və maddi yardım göstərən ölkədir. Sahibkarlara dövlət dəstəyi verən ölkədir. Əlbəttə ki, bütün bunların arxasında düşünülmüş iqtisadi siyasət dayanır. Qeyd etmək istəyirəm ki, bu cür anti-milli ünsürlərin məqsədi ölkəmizin imicinə zərbə vurmaqdır. Lakin bunu heç vaxt bacarmayacaqlar. Çünki dünya artıq ayılıb. ABŞ Konqresi də Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini tanıdı. Bu da erməni lobbisinə, Əli Kərimliyə, Sevinc Osmanqızına, Vidadi İsgəndərliyə, Gültəkin Hacıbəyliyə, Cəmil Həsənliyə və bu kimi anti-milli ünsürlərə tərs sillə kimi dəydi. Bütün nüfuzlu təşkilatlar Azərbaycanın haqq səsini dəstəklədilər və Ermənistanı işğalçı ölkə kimi tanıdılar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...