Telman Zeynalov koronavirusu ekoloji silah kimi səciyyələndirdi ÖZƏL - AÇIQLAMA

"Bu deməli bir oyundur. Nəhəng kommersiya strukturları biri-biri ilə müharibə aparırlar. Dövlət isə məcburdur ki, onların apardığı siyasətlə ayaqlaşsın. Çünki, dövlət əhalini qoruyur, onun sağlamlığı ilə bağlı mübarizə aparır". Bu sözləri SİA-ya açıqlamasında Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyib.

Onun sözlərinə görə, indi insanlar çalışır ki, istehsal etdiyi məhsulu xaricə satsın və işçinin maaşını ödəsin, lakin elmi işlərə əl atılsa çox böyük məqsədlərə nail olmaq olar: "Qlobal ekoloji problemlərin iqlim dəyişiklikləri ilə əsaslandırıldığı deyilir. Lakin, heç biri iqlim dəyişiklikləri ilə əsaslandırılmayıb. Necə olur ki, Bakıda soyuq hava hökm sürür, Antarktida da isə buzlar əriyir. Belə çıxır ki, hələ çox dərinə gedilməyib və öyrənilməyib. Özümüzü xilas edə bilərik, ancaq təbiəti və elmi öyrənməklə. Deyirlər ki, quraqlıq yaxınlaşır, ərzaq qıtlığı yaşanır, bu da bir oyundur. Bu kimlərə lazımdır, ancaq kommersantlara".

Ekoloq pandemiya ilə əlaqədar elan olunmuş karantin rejiminin yumşaldılması və çimərliklərə girişin bərpa edilməsi məsələsinə də toxunub: "Artıq dövlət orqanları görür ki, yay vaxtıdır, insanlar artıq dözə bilmir, etiraz edir və doğurdan da su insanın dərmanıdır. Dəniz havası insanı xilas edir. Ona görə də hökumət icazə verir ki, insanlar yay vaxtı çimərliklərdən yararlansınlar".

Telman Zeynalov bildirib ki, bu gün virus bir çox ölkənin iqtisadiyyatına təsir edib, bütün dövlətlər iqtisadi cəhətdən çöküb: "22 faizə qədər dövlətlər iqtisadi tənəzzül ilə üz-üzə qalıb. Çin 5 faiz ilə üstəliyir. Virusu insanların arasında yayan kimdir və səbəb nədir? Görünür, kimsə dünyanı idarə etmək istəyir. Mən həmişə çıxış edəndə bildirirəm ki, bu gün dünyada ekoloji silahlardan, gizli silahlardan, kimyəvi və bioloji silahlardan istifadə olunur. 60-cı illərdən bəri 22 ədəd konvensiyalara imza atılıb. Bioloji, ekoloji silahlardan, kimyəvi silahlardan istifadə etmək qəti qadağandır. Bəs, onda konvensiyalar nədir?".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə