"Human Rights Watch" təşkilatı və radikal müxalifət eyni mərkəzdən idarə olunur - ŞƏRH ÖZƏL

"Hazırda müxtəlif istiqamətlərdə anti-Azərbaycan mərkəzlərin fəaliyyəti intensivləşib və informasiya müharibəsi sanki özünün növbəti mərhələsinə daxil olub. Bu, məlum 12 iyul Ermənistanın hərbi təxribatının ardınca baş verən prosesdir və burada sinxronluq diqqətdən yayınmır. Fikir versəniz bir tərəfdən ermənipərəst siyasi dairələr Washington Post-da Azərbaycan əleyhinə bir məqalə çap etdirirlər, daha sonra sapı özümüzdən olan baltaların - Sevinc Osmanqızının, Qənimət Zahidin və digər onlar kimilərin Azərbaycan əleyhinə təbliğat kompaniyasına start verilir". Bunu SİA-ya açıqlamasıda Milli Məclisin üzvü, siyasi şərhçi Elman Nəsirov deyib.

Onun sözlərinə görə, anti-Azərbaycan təbliğat kampaniyası bütün gücü ilə aparılır, amma ermənilər haqqında bir kəlmə də olsa tənqidi fikirlər səsləndirilmir və sanki iyul hadisələrində də Azərbaycan günahkardır, həmçinin Avropanın və ABŞ-ın ayrı-ayrı şəhərlərində vətənpərvər gənclərimizin etirazında da məhz bizim gənclərimiz günahkardır: "Baxın Azərbaycana qarşı bu cür bir kampaniya aparılır. İndi də özünü insan hüquqları üzrə təşkilat kimi təqdim edən siyasi dairələr də analoji yolu seçiblər və bu ilk dəfə deyil. Biz bunun dəfələrlə şahidi olmuşuq ki, Amnesty İnternational, Human Rights Watch, Freedom House kimi təşkilatlar Azərbaycan əleyhinə yazılar veriblər. Onların hazırladıqları "hesabatlar"da Azərbaycanla bağlı qərəzli fikirlər səsləndirilir".

Deputat bildirib ki, bütün bunları nəzərə alan ölkəmizin birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva özünün rəsmi instagram səhifəsində məlum hadisələrə toxunarkən adını çəkdiyimiz beynəlxalq təşkilatlarına üzünü tutdu və qeyd etdi ki, azərbaycanlılara münasibətdə insan hüquqlarının kobud şəkildə pozulub və bu Avropa şəhərlərində baş verib: "Niyə bu məsələlərlə bağlı adı çəkilən təşkilatlar mövqe bildirmir? Niyə öz səslərini ucaltmırlar? Təbii ki, indiyə kimi onların səsləri gəlmirdi. İndi də Human Rights Watch təşkilatının səsi gəldi, lakin yenə də sifariş əsasında. Human Rights Watch təşkilatının Yaxın Şərq və Şimali Afrika direktoru Sara Li Uitsonun ənənəvi olaraq tutduğu vəzifədən və səlahiyyətlərdən istifadə edib sifariş əsasında Azərbaycan əleyhinə mövqe bildirib".

E.Nəsirov bildirib ki, Həmin xanım Azərbaycanda insan hüquqlarının pozulması, demokratiyanın boğulması, jurnalistlərin təqib edilməsi və.s məhz Azərbaycandakı radikal müxalifətin göndərdiyi məlumatlar əsasında hesabatlar hazırlayaraq Azərbaycan əleyhinə bəyanatlar verib: "Bu xanım əvvəlki fəalyyətini yenə və daha kəskin şəkildə davam etdirir. Bu gün Human Rights Watch-ın fikirləri ilə görün necə Əli Kərimli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Qənimət Zahid kimilərin fikirləri üst-üstə düşür, necə də sinxronluq təşkil edir. Çünki eyni mərkəzdən idarə olunur, eyni mərkəzdən maiyyələşir və təbii ki, eyni sifarişi alırlar. Sifarişverən də, icraçılar da eynidir və Human Rights Watch təşkilatını deziformasiyalarla təmin edən də eyni anti-Azərbaycan dairələr və sapı özümüzdən olan baltalardır. Bütün bunları xalqımız görür. Xalqımızın gözü tərəzidir və haqqı nahaqda yaxşı ayıra bilir. Bu səbəbdən də bu cür anti-Azərbaycan siyasi fəaliyyətlərin Azərbaycana heç bir təsiri yoxdur. Əksinə belə kompaniyaları gördükdə ölkəmizdə daha səfərbər olunmuş cəmiyyət nəzərə çarpır, vətəndaş həmrəyliyi daha da möhkəmlənir və xalq cənab Prezident İlham Əliyevin ərtafında daha sıx birləşir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə