Dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 76 nəfər saxlanılıb

Dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 76 nəfər saxlanılıb

Bu ilin aprel ayı ərzində Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində qaçaqmalçılıq, qeyri-leqal miqrasiya, o cümlədən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan bir neçə mütəşəkkil cinayətkar qrup zərərsizləşdirilib.

DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən məlumata görə, ay ərzində dövlət sərhədini pozduğuna və pozmağa cəhd göstərdiyinə görə 40 halda 76 nəfər saxlanılıb. Onlardan 54 nəfəri Azərbaycan, 6 nəfəri İran İslam Respublikası, 3 nəfəri Rusiya, 2 nəfəri Gürcüstan, 1 nəfəri Özbəkistan vətəndaşı və 9 nəfəri vətəndaşlığı olmayan şəxslər olublar. Dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən keçərkən 54 nəfər saxta, 3 nəfər isə özgəsinə məxsus sənədlə saxlanılıb. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 124 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Məlumatda həmçinin bildirilir ki, aprel ayı ərzində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində, dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilərkən 5,449 kq narkotik vasitə tutulub ki, onun da 3,132 kq kristal heroin, 2,289 kq tiryək, 23 qram həşiş, 5 qram isə marixuana təşkil edib.

Aprelin 2-də Cəlilabad rayonunun Əsədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində Şatırlı-Əsədli yolunda saxlanılan "VAZ 2115" və "VAZ 2109" markalı maşınlara keçirilən baxış zamanı, bir avtomaşından olan Kövuzbülaq kənd sakini Baxşəliyev Rasim Nadir oğlunun üzərindən heroin, 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Digər maşında olan Cəlilabad rayon sakinləri Əmirov Sadiq Musa oğlu, Qəhrəmanov Mircəlal Təzəxan oğlu, Misirov Sadiq Balabəy oğlundan bir ədəd polis geyim forması və oyuncaq tapança aşkarlanaraq götürülüb. Qeyd olunan şəxslər polis geyimindən istifadə edərək şantaj yolu ilə pul əldə etmək məqsədi ilə qonşu kəndə getdiklərini etiraf ediblər. Saxlanılan şəxslər aidiyyəti üzrə rayon polis şöbəsinə təhvil veriliblər.

Bunla belə, aprelin ayının 11-də Yardımlı rayonunun Alar kəndi yaxınlığındakı sərhəd zarstavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozaraq külli miqdarda narkotik vasitə gətirməyə cəhd göstərərkən 2 nəfər İran vətəndaşı heroinlə saxlanılıb. Analoji hal aprelin 19-da Astara rayonu Alaşa kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində baş verib. Bir qrup cinayətkar dəstə tərəfindən dövlət sərhədindən narkotik vasitə olan heroinin keçirilməsinin qarşısı alınıb. Sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə İran İslam Respublikasına qaçmağa müvəffəq olublar. Hazırda hər iki faktla bağlı DSX-də əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 73 halda 150 min manat dəyərində qaçaqmal, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd xəncər, 40727 ABŞ dolları, 85 ədəd mobil telefon, 2858 qutu siqaret, 800 litr dizel yanacağı, 1415 qutu dərman preparatları, 14 baş at, 1835 şüşə araq, 127 şüşə şərab, müxtəlif ərzaq, sənaye və kənd təsərrüfatı malları saxlanılıb. Aprelin 29-da Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində bir qrup qaçaqmalçı tərəfindən Azərbaycandan İran istiqamətində 7 baş atın keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq atları hadisə yerində buraxaraq geriyə qaçmağa müvəffəq olublar.

Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Respublikanın dəniz sərhədləri istiqamətində dövlət sərhədinin mühafizəsi və sərhəd rejim qaydalarının qorunması istiqamətində keçirilən tədbirlər nəticəsində 13 halda icazəsiz və müvafiq sənədləri olmadan dənizə çıxmış 25 nəfər sərhəd rejim pozucusu saxlanılıb, 1 halda isə su sərhədlərini pozduğuna 5 nəfər barəsində cinayət işi başlanıb, ilkin istintaq tədbirləri həyata keçirilir. Yuxarıda qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olduqlarına görə, DSX tərəfindən 6 nəfər barəsində cinayət işi bağlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə