El qınağı yaman olur - MƏQALƏ

Gec-tez Sevinc Osmanqızı kimilər layiq olduqları cəzanı alacaqlar

Bu gün özünü “müxalifətçi” adlandıranlar yorulmadan eyni yalanı danışmaqdan, Azərbaycana qənim kəsilməkdən yorulmurlar. Umacaqları nədir? Hakimiyyət?! Bu bədbəxtlər niyə bu reallığı anlamırlar ki, bu gün ölkə etibarlı əllərdədir, xalqının arxasında dayanan güclü LİDERİ var. Bu yerdə 1995-ci il martın 19-da Ulu Öndər Heydər Əliyev müxalifətlə bağlı dediyi fikirləri xatırlatmaq istərdim. Ulu Öndər deyirdi: "...Özlərini guya müxalifət hesab edərək cinayətlə məşğul olanlar müxalifət deyillər. Müxalifət siyasi müxalifət olmalıdır, amma onlar cinayətkarlardır. Əgər bu gün soruşsaq ki, kimdir tökülən qanların günahkarları? Tərəddüt etmədən deyə bilərik ki, bəli, onlardır".

Bəli, bu gün Azərbaycanın dağıdıcı müxalifəti qərəzli dairələrin əlində alətə çevrilib. Buna baxmayaraq qətiyyətlə demək olar ki, antimilli ünsürlərin və onların xarici havadarlarının siyasi hoqqabazlıqları uğursuzluğa məhkumdur. Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlar unutmasınlar ki, heç bir qüvvə ölkəmizi öz yolundan döndərə bilməz. Ölkəmizdə mövcud xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq Prezident İlham Əliyevi birmənalı olaraq dəstəkləyir. Prezidentimiz də hər hansı beynəlxalq siyasi dairələrin diktəsi ilə deyil, məhz Azərbaycan xalqının milli mənafeyindən irəli gələn müstəqil siyasət həyata keçirir. Bu, xalq-hakimiyyət birliyini güclü edən həlledici amildir. Eyni zamanda, bu, monolitliyin xarici bədxahlarımızın və “sapı özümüzdən olan baltalar”ın hədəfinə çevrilməsini şərtləndirən mühüm səbəbdir. Qoy antimilli ünsürlər və onların xarici havadarları unutmasınlar ki, onların siyasi hoqqabazlıqları həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa məhkumdur.

Xaricdəki “söyüş müxalifəti”nin fəallarından olan Vidadi İsgəndərli, Sevinc Osmanqızı, keçmiş səfir Arif Məmmədov, Orduxan Temurxan və digərləri yenə də əsl sifətlərini göstərməkdədirlər. ABŞ-da guya mühacir həyatı yaşayan S.Osmanqızının bu günlərdə Ermənistanın işğalçılıq siyasətinə etiraz əlaməti olaraq azərbaycanlıların Ermənistan səfirliyi qarşısında və digər yerlərdə keçirdikləri aksiyaları aşağılaması onun ermənixislətli unsur olduğunu bir daha təsdiqlədi. Onun azərbaycanlı, özü də erməni terrorunun qurbanı olan məhrum Osman Mirzəyevin qızı olmasına şübhə etdim. Bu qədər xalqına, dövlətinə, hətta atasına dəyərsiz yanaşmaq olar? Atanız Osman Mirzəyevi kim qətlə yetirib? Bir fikirləşin. Hətta Qarabağ məsələsində belə hakimiyyəti günahlandırmaq bu Allahsızlıqdır. İnsanlar öz etirazlarını bu və digər formada bildirirsə, Avropada onların bu etirazına qarşı ermənilər güc və zor tətbiq edirsə, burada günahı Azərbaycan hakimiyyətində axtarmaq lazımdır, ya ermənilərin vəhşiliyində? Ermənilərin dünyanın bir sıra ölkələrində həmvətənlərimizə qarşı hücumlar təşkil etdiyi bir vaxtda adını “azərbaycanlı jurnalist” qoyan S.Osmanqızının düşməni müdafiə edən fikirlər səsləndirməsi onun ermənidən betər erməni olduğunu göstərir. Əli on minlərlə azərbaycanlının qanına batmış erməni terrorçularına haqq qazandırması ilə Sevinc Osmanqızı sözün həqiqi mənasında düşmən dəyirmanına su tökdü.

Azərbaycana nifrət edən bu şəxslərin əsl üzü budur – “Vətən üçün pis olan, mənə faydalıdır”. Onlar şəxsi maraqlarını dövlətin və xalqın maraqlarından üstün tutduqları üçün mənəvi nöqteyi-nəzərdən xəyanətkardan və satqından başqa biri deyillər. Bu iyrənc söyüşləriniz heç zaman unudulmayacaq və ömrünüz boyu bir kabus kimi sizi izləyəcək. Onda övladlarınıza nə cavab verəcəksiniz? Əslində belə ünsürlərə heç mənfi qiymət də vermək olmur. Çünki bunların dəyəri yoxdur. Bu iyrənclik hüquqdan da, insanlıqdan da, mədəniyyətdən də kənardır. "Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, - deyən S.Osmanqızı bilməlidir ki, Vətənə xəyanət, heç bir halda, cəmiyyətin diqqətindən yayınmaz. Ona görə də, Vəhşi, terrorçunu müdafiə edən Vətən amilindən söz açmağa haqqı yoxdur. Gec-tez layiq olduğunuz cəzanı alacaqsınız. Bu qaçılmazdır.

MEHDİ BALABƏYOV,

YAP Şabran rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə