"Ölkə rəhbəri müşavirədə hökumətin qarşısında çox ciddi vəzifə qoydu" ÖZƏL-MÜNASİBƏT

"Ölkə rəhbəri müşavirədə hökumətin qarşısında çox ciddi vəzifə qoydu" ÖZƏL-MÜNASİBƏT

"Doğru deyirlər ki, susuz həyat yoxdur. Su bütün canlıların həyatının təməl daşıdır. Ta qədimlərdən insanlar su mənbələrinə yaxın yerlərdə məskunlaşmış, su qaynaqlarına doğru yürümüşlər. Su üstündə müharibələr, amansız savaşlar olmuşdur. Günümüzdə də bu problem bəşəriyyəti çox ciddi narahat edir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, hazırda 2.3 milyon insan normal su mənbələrindən məhrumdur: "Bu, Planetin hər 3 sakinindən biri deməkdir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada qıtlığı,yaxud su çatışmazlığının yaratdığı antisanitariya səbəbindən 360 min yeni doğulmuş körpə ölümü qeydə alınır. Azərbaycanın su ehtiyatları az olmasa da, ölkəmizin ərazisində içməyə yararlı suların miqdarı məhduddur, eyni zamanda, qeyri bərabər paylanıb. Yaxın illərə qədər şəhərlərimizdə, kəndlərimizdə ciddi içməli su çatışmamazlığı bir reallıq idi. Bakıda su fasilələrlə verilirdi. Bəzən qəzalar zamanı bütöv məhəllələr, rayonlar günlərlə susuz qalırdılar. Kəndlərimizdə,qəsəbələrimizdə bulaq başındakı uzun növbələr hələ heç kimin yadından çıxmayıb. İndi su təminatında nəinki Bakıda, eləcə də ölkənin bütün guşələrində fərqli mənzərə var. Prezident İlham Əliyevin qəbul etdiyi önəmli qərarlar əsasında son 15 ildə bu həyati vacib sahədə kardinal dəyişikliklər baş verdi. Bir-birinin ardınca reallaşan infrastruktur layihələri çərçivəsində su təsərrüfatının da imkanları xeyli artdı.

İndki ağır bir dönəmdə, bir tərəfdən koronavirusla mübarizə, digər tərəfdən sərhədlərimizdə erməni təxribatlarının intensivliyinin artdığı, hərbi döyüşlərə çevrildiyi vaxtda, dövlət başçısı digər sosial- iqtisadi problemlər, infrastrukturla bağlı məsələlərlə yanaşı, ölkəmizin su təsərrüfatındakı vəziyyəti də bir an olsun diqqətdən kənarda saxlamır. Bir neçə gün bundan əvvəl Prezidentin yanında bu məsələlərə həsr olunmuş videomüşavirə buna sübutdur. Tədbirdə çıxış edən Prezident sahə ilə bağlı dərin təhlillər apardı, problemləri dilə gətirdi, əldə olunan müsbət nəticələri geniş ictimaiyyətin diqqətinə çatdırdı. Bu gün, doğrudan da,dövlətimizin düzgün siyasətinin nəticəsidir ki, Respublika ərazisində adam başına düşən içməli suyun miqdarı və keyfiyyətinə görə, Azərbaycan çox-çox dövlətləri qabaqlayır.

Diqqət yetirin, cəmi bir neçə il bundan öncə Azərbaycanda içməli su ilə təminat təxminən 40% civarında idi. Hazırda bu rəqəm 70%-ə yüksəlib. Bakıda əhalinin 82%-i fasiləsiz və standartlara uyğun su ilə təmin edilir. 2004-cü illə müqayisədə bu, demək olar ki, 3 dəfə çoxdur. Nəhəng Oğuz-Qəbələ-Bakı su kəmərinin inşası, göründüyü kimi, vəziyyəti köklü şəkildə dəyişmişdir. Azərbaycan hökumətinin torpaqların suvarılması işində əldə etdiyi nəticələr də kifayət qədər təsirlidir. Təkcə Taxtakörpü su anbarının tikintisi, təxminən 30 min hektar suvarılmayan torpaqlara həyat vermişdir. Bu sahəyə yetərincə vəsait qoyulur. 22 su kanalının yenidən qurulması nəzərdə tutulur. Bu, öz növbəsində, 300min hektar əkin sahəsinin su ilə təmini deməkdir.

Sözsüz ki, bütün bunlar aqrar sektorun sürətli inkişafına, vətəndaşlarımızın keyfiyyətli yerli kənd məhsullarına olan ehtiyaclarının ödənilməsinə ciddi təkan verəcək. Ölkə rəhbəri müşavirədə hökumətin qarşısında çox ciddi vəzifə qoydu: Azərbaycanda içməli su və suvarma suyu ilə təminat 100% olmalıdır. Heç kəsin şübhəsi yoxdur ki, Prezidentin bu tapşırığı çox yaxın illərdə reallaşacaq və ölkəmiz bu sahədə də dünyada birincilər sırasında olacaqdır".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə