"Ermənistan Dağlıq-Qarabağ problemində Azərbaycana uduzur" ÖZƏL - AÇIQLAMA

"Ermənistan Dağlıq-Qarabağ problemində Azərbaycana uduzur" ÖZƏL - AÇIQLAMA

"Bu gün Azərbaycanın beynəlxalq arenada artan nüfuzu, xarici siyasətdə uğurları erməniləri, onların havadarlarını qıcıqlandırmağa və yenidən təxribatlara əl atmağa sövq etdi. Ermənistan rəhbərliyi çox gözəl bilir ki, artıq Dağlıq-Qarabağ problemində Azərbaycanın xeyrinə uduzmaq üzrədir və beynəlxalq rəy onların əleyhinə formalaşmaqdadır". Bu sözləri SİA-ya açıqlamasında "Gənclərin Töhfəsi" İctimai Birliyinin sədri Asim Vəliyev deyib.

Onun sözlərinə görə, bu təxribatların davamı olaraq Ermənistan tərəfinin iyulun 12-də Tovuz sərhədində başlatdığı təcavüzün də əsas məqsədi Azərbaycanı təxribata çəkmək, dövlətimizə təcavüzkar imicini qazandırmaq, bütün diqqətləri Qarabağ danışıqlarının xeyrimizə həll edilməsi məsələsindən yayındıraraq, vaxt qazanmaq və yeni bir münaqişə ocağı yaratmaqdan ibarət idi:

"Lakin hər şey istədikləri kimi olmadı. Bu addım olmayan "beynəlxalq imicilərinə" zərbə vurmaqla yanaşı, erməni ordusuna fiziki və maddi baxımdan da böyük zərbə vurdu. Həmçinin bu təxribat xarakterli təcavüzün hədəfi Paşinyanın itirilmiş nüfuzunu qaldırmaq məqsədi daşıyırdısa, əksinə, nüfuzunun daha da aşağı düşməsinə və erməni cəmiyyətinin qəzəbinin özünə yönəlməsinə səbəb oldu. Eyni zamanda on minlərlə Azərbaycan vətəndaşının iyulun 14-dən 15-nə keçən gecə orduya dəstək məqsədi ilə küçələrə axışması, birlik, həmrəylik sərgiləmələri də bizi sevməyən dairələrdə ciddi narahatlıq və qıcıq yaratdı. Yürüş zamanı 5-ci kalonun əli ilə yenidən təxribata əl atıldı. Öyrədilmiş bir qrup qaragüruhçu polis maşınlarını aşırdılar, Milli-Məclisə daxil olaraq maddi zərər verdilər. Lakin hüquq-mühafizə orqanları bu təxribatın da qarşısını alaraq 5-ci kalonu məyus etdi. Bu tərəfdən də əlləri boşa çıxan Ermənistan tərəfi yeni bir təxribata əl atdı. Terrorçu ASALA təşkilatını yenidən aktivləşdirərək xarici ölkələrdə yaşayan və Azərbaycan ordusuna dəstək üçün dinc aksiya keçirən soydaşlarımıza qarşı erməni radikal ünsürləri vasitəsilə hücumlara başladılar. Soydaşlarımıza xəsarət yetirərərək, onların milli hisslərini körükləməyə və qarşıdurma yaratmağa cəhd etdilər. Bu xoşagəlməz hadisələr baş versə də, sevindirici haldır ki, soydaşlarımız bu təxribata uymadı və dinc aksiyalarını davam etdirərək bir daha dünyaya Azərbaycanın hüququn tərəfində olduğunu və haqq səsini yaymağa davam etdilər".

QHT sədri bildirib ki, bütün bu baş verən təxribat xarakterli hadisələrin fonunda deyə bilərik ki, istər ölkə daxilində, istərsə də xaricdə diasporamız vasitəsilə ciddi şəkildə təşkilatlanmağa, dövlət və vətəndaş cəmiyyəti qurumlarının bir mərkəzdən koordinasiyalı şəkildə əməkdaşlığına, bu istiqamətdə təxirasalınmaz tədbirlər görməyə böyük ehtiyac var:

"Erməni tərəfi çox ustalıqla hücumları daha çox sosial şəbəkələr üzərindən qurdular və hər vəchlə ordumuza, cəmiyyətimizə qarşı aşağılayıcı paylaşımlarla, dezinformasiyalarla ruh düşkünlüyü yaratmağa çalışdılar. Hətta bunu bir çox hallarda azərbaycanlı ad-soyadlı profillər vasitəsilə, dilimizi mükəmməl şəkildə istifadə edərək həyata keçirməyə cəhd etdilər. Bu təxirəsalınmaz tədbirlərin tərkib hissəsi olaraq informasiya müharibəsində də qalib olmaq istəyiriksə, sosial şəbəkələr vasitəsilə fəaliyyətimizi genişləndirərək gücləndirməliyik. Çünki erməni tərəfi heç bir halda bu kimi genetik xislətləri olan vandallıqlarından əl çəkməyəcək və hər fürsətdə bundan da dəhşətli təxribatlara əl atacaqdır. Hər zaman bir vətəndaş olaraq ayıq-sayıq olmalı, yalnız rəsmi mənbələrdən yayılan informasiyaları qəbul etməli və Azərbaycanın bu haqq davasında müsəlləh əsgər kimi dövlətimizin yanında olmalıyıq".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə