"İşğalçı Ermənistanın təbliğat maşını fiyaskoya uğrayır" ÖZƏL - AÇIQLAMA
"Ermənilər təkcə təmas xəttində deyil, eyni zamanda Azərbaycan sərhədlərindən çox-çox kənarlarda da soydaşlarımıza sözün həqiqi mənasında terror həyata keçirib. Bu həm mənəvi, həm də birbaşa fiziki terrordur. Məsələnin vacib olan tərəfi ondan ibarətdir ki, Azərbaycan dövləti soydaşlarımıza qarşı müxtəlif ölkələrdə ermənilər tərəfindən edilən zorakılıq aktlarına çox çevik reaksiya nümayiş etdirib. Los Ancelesdə baş verən hadisələrlə əlaqədar Azərbaycan dövlətinin reaksiyası onların bu və ya digər xərclərinin ödənilməsi ilə bağlı istəyinin ortaya qoyulması ilə bağlı oldu. Prezident İlham Əliyevin bu məsələdə mövqeyi isə: "Azərbaycan dövləti bütün azərbaycanlıların vətənidir və dövlətimiz azərbaycanlıların hüquqlarının müdafiəsindədir", - prinsipinə əsaslandı". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü olan deputatı Elşad Mirbəşiroğlu deyib.
Millət vəkili hesab edir ki, hər şeydən öncə biz müxtəlif beynəlxalq platformalarda həyata keçirdiyimiz işləri intensivləşdirməliyik və Azərbaycanın müvafiq dövlət orqanları məsələyə çox həssas yanaşmaqdadırlar: "Məsələ ilə bağlı müxtəlif istiqamətlərdə müzakirələr aparılmaqdadır. Hər şeydən öncə soydaşlarımıza qarşı erməni zorakılıqları ilə qarşı aidiyyatı ölkələri, bu zorakılıq aktlarının həyata keçirildiyi ölkələrin siyasi hakimiyyət institutları üzrə danışıqlar aparılmalıdır. Onların hüquq mühafizə orqanları ilə intensiv iş aparılmalıdır. Təbii ki, bütün bunların koordinasiyası Diasporlarla İş üzrə Dövlət Komitənin üzərinə düşə bilər. Xarici İşlər Nazirliyi bu istiqamətdə öz mövqeyini və iradəsini ortaya qoya bilər. Artıq biz bunu müşahidə etməkdəyik. Hər şeydən öncə təbii ki, səfirliklərin bu istiqamətdə fəaliyyəti ciddi koordinasiya olunmalıdır. Çünki, ən operativ reaksiyanı müxtəlif ölkələrdə, xüsusilə də, o ölkələrdə ki, orada soydaşlarımıza qarşı etniki zorakılıq faktları müşahidə olunub və ya oluna bilər. Həmin ölkələrdə fəaliyyət göstərən səfirliklər operativ reaksiya mexanizmlərini işləyib hazırlamalıdırlar. Lazım gəldiyi təqdirdə nümayişlərə nəzərəti həyata keçirməyi bacarmalıdırlar".
Elşad Mirbəşiroğlu əlavə edib ki, dinc soydaşlarımıza qarşı ermənilər tərəfindən müxtəlif ölkələrdə həyata keçirilən zorakılıq əməllərindən ciddi faktoloji aktlara söykənərək təbliğat işlərində də geniş istifadə etməliyik: "Erməni təbliğat maşını bu günə qədər Azərbaycan xalqını aqresiyaçı kimi təqdim etməyə çalışırdı. Prezident İlham Əliyevin bu günə qədər səmərəli fəaliyyətinin nəticəsidir ki, artıq bütün dünya Ermənistanın işğalçı dövlət kimi tanıyır. Dünya münaqişənin tənzimlənməsinin ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkünlüyünü təsdiq edir, bu prinsipi artıq əsas kimi götürür. Bu da ondan xəbər verir ki, ermənilərin təbliğat maşını artıq fiyaskoya uğramaqdadır. Aqresiyaçı tərəf kimi artıq ermənilər tanınır. İşğalçı dövlət kimi artıq Ermənistan tanınır. Biz bu diplomatik müstəvidə müxtəklif ölkələrdə ermənilərin soydaşlarımıza qarşı törətdikləri vəhşiliklərə söykənərək onların bir xalq olaraq mahiyyətinin nədən ibarət olduğunu ortaya qoyub Azərbaycanın formalaşmış pozitiv beynəlxalq imicini daha da gücləndirə bilərik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB