"Prezidentə dərin minnətdarlığımızı bildiririk" ÖZƏL-MÜNASİBƏT

"Prezidentə dərin minnətdarlığımızı bildiririk" ÖZƏL-MÜNASİBƏT

“Prezident İlham Əliyev media sahəsində mövcud olan bütün müsbət ənənələri davam etdirir. Bu sırada əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli mətbuatın yubiley tədbirlərinin keçirilməsi də var”. Bunu SİA-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, yubileylər çərçivəsində media təmsilçilərimizin fəxri adlarla təltif edilmələri, mükafatlandırılmaları jurnalistlərin fəaliyyətinin stimullaşdırılması ilə yanaşı, dövlət başçısının ümumilikdə mediaya olan diqqətini ifadə edir: “Mən həmişə vurğulayıram ki, Prezident İlham Əliyev dünyada media sahəsində pozitiv mənada ən çox sərəncam imzalamış dövlət başçısıdır. Təbii ki, bu addımlar da qarşılıqsız qalmır, jurnalistlərimiz belə dost münasibətə uyğun olaraq daha vətənpərvər, dövlətçi mövqedən çıxış edirlər. Jurnalistlərimiz cəmiyyəti keyfiyyətli informasiya ilə təmin etməklə yanaşı, həm də dövlətimizin keşiyində dururlar, informasiya savaşında layiqlə döyüşürlər.

Dövlət başçımızın sərəncamları ilə fəxri ad və diplomlara layiq görülmüş, orden və medallarla təltif edilmiş, fərdi təqaüdə layiq görülmüş bütün həmkarlarımızı ürəkdən təbrik edirəm. İnanıram ki, bu ənənə davam edəcək. İllər keçdikcə, öz əməkləri ilə fərqlənən bütün jurnalistlər haqq etdikləri adları alacaqlar. Milli mediamıza, həmkarlarımızın əməyinə verdiyi yüksək dəyərə görə cənab Prezidentə dərin minnətdarlığımızı bildiririk".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə