“Azərbaycan öz torpaqlarını hərbi güclə işğaldan azad etmə haqqına sahibdir” ÖZƏL-ŞƏRH

“Azərbaycan öz torpaqlarını hərbi güclə işğaldan azad etmə haqqına sahibdir” ÖZƏL-ŞƏRH

Azərbaycan Ordusu, bütövlükdə Azərbaycan xalqı təbiidir ki, başda Ali Baş Komandan Cənab İlham Əliyev olmaqla, istər 2016-cı ilin aprel döyüşlərində, istərsə də, bir müddət öncə, 12-15 iyul tarixlərində baş verən Tovuz döyüşlərində xalqımızın və dövlətimizin nə qədər əzmkar olduğunu ortaya qoydu. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, biz göstərdik ki, Ermənistan və onun işğalçı ordusu Azərbaycan ordusu ilə təkbətək, üz-üzə gələcəyi təqdirdə burnu ovularaq geri oturdulacaq və bunu 2016-cı ilin aprelində də göstərdik, 2020-ci ilin iyulunda da.

“Cənab Prezidentin açıq mətnlə, “Əgər Ermənistan özünə o qədər güvənirsə, Azərbaycanla təkbətək qarşı-qarşıya gəlsin və gücümüzü görsün” deməsi də təqdirəlayiqdir, diqqətçəkəndir. Yəni Cənab Prezident bununla əslinə qalanda Ermənistanın Azərbaycan torpaqlarını təkbaşına işğal etmədiyini, o torpaqları təkbaşına öz əlində tutmadığını və tuta bilməyəcəyini qeyd etmiş oldu. Belə bir zamanda Amerika Birləşmiş Ştatlarının Konqresində həmin məlum sənədin ortaya çıxması və bunun Ermənistanı üzüntüyə salması da çox mətləblərdən xəbər verir. Burada əsasən, mən düşünürəm ki, birincisi, işğal faktının açıq mətnlə ifadə olunması təqdirəlayiqdir. Yəni, Amerika Birləşmiş Ştatları açıq mətnlə işğal altında olan torpaqlar ifadəsini işlədir. İstər Ukrayna, Gürcüstan, Moldova olsun, istərsə də Azərbaycana münasibətdə bu ifadəni işlədir və məntiq də onu deyir ki, işğal altındakı torpaqlar varsa, deməli, işğalçı da var. Azərbaycanın məsələsində bu Ermənistandır, bütün dünyanın bildiyi Ermənistan. İkinci bir tərəfdən, məhz bu iyul döyüşlərindən sonra Amerika Birləşmiş Ştatlarının belə bir sənədi qəbul etməsi və birmənalı şəkildə Azərbaycan torpaqlarının işğalını məhz işğal kimi dəyərləndirməsi həm də ondan xəbər verir ki, Azərbaycan sadəcə olaraq bir işğalçı üz-üzə deyil, onun arxasındakı qüvvə ilə də üz-üzədir. Həmin qüvvə ilə də ABŞ ziddiyyət içindədir. Bax Amerika Birləşmiş Ştatlarının o sənədini bu cür oxumaq lazımdır. Yəni, bununla ABŞ bizə ismarıc göndərir ki, Azərbaycan öz torpaqlarını hərbi güclə belə işğaldan azad etmə haqqına sahibdir, Azərbaycan hərbi əməliyyatlara başlayarsa, Amerika birləşmiş Ştatları buna yumşaq yanaşacaq. Yəni, burada heç bir beynəlxalq hüququn, müharibə hüququnun pozulmasından söhbət gedə bilməyəcək. Üçüncü bir tərəfdən də Ermənistana dəstək verən üçüncü tərəflərə də əslinə qalanda ABŞ öz ismarıcını göndərmiş olur. Yəni, Azərbaycan torpaqları işğal altındadırsa, o torpaqları işğaldan azad etmək hüququnu Azərbaycan özündə saxlayır və Azərbaycan hərəkətə keçərək o torpaqları işğaldan azad edəcəyi təqdirdə, üçüncü tərəf, hansıki Ermənistana bütün bu mərhələlərdə dəstək verir, həmin üçüncü tərəf neytrallığını qorumalıdır. Qorumayacağı təqdirdə ABŞ ədalətin bərpa olunması üçün Azərbaycanın haqq işini dəstəkləmiş olacaq. Təxminən mən bu sənədi bu cür oxudum, bu cür anladım, bu cür idrak elədim və düşünürəm ki, Azərbaycan Prezidentinin də Ermənistana o xəbəri göndərməsi, uca səslə deməsi ki, doğrudan da özünə güvənirsənsə, gəl təkbətək döyüşək, ordularımız qarşı-qarşıya gəlsin görək kim güclüdür, bu artıq yeni bir mərhələdən xəbər verir. Mən düşünürəm ki, Azərbaycan Prezidenti çox yaxın vaxtlarda Ermənistanın ümumiyyətlə burnunun ovulması üçün hərəkətə keçəcək. Bu həm diplomatik, həm də hərbi müstəvidə baş verəcək. Ona görə də Ermənistan tərəfinin ağlı başında olan kəsimi öz ölkəsinin labüd məğlubiyyətini indidən anladığına görə Paşinyan rejimini ittiham etməkdədir.Yəni uduzduqlarını, təkləndiklərini, ortalıqda yalqız qaldıqlarını etiraf edirlər, Azərbaycanın hərəkətə keçəcəyi təqdirdə başlarına gələ biləcəyini təsəvvür edirlər, ona görə də Azərbaycan diplomatiyasının bu uğurunu etiraf edirlər. Bununla da əslinə qalanda Ermənistanın o kəsimi Azərbaycan tərəfinə, Azərbaycan dövlətinə, onun rəhbərinə, Ali Baş Komandan Cənab İlham Əliyevə xəbər göndərmiş olurlar ki, bəli, biz illərdir necə böyük bir yanlışın içində olduğumuzu anlayırıq və sizin qələbənizi artıq indidən etiraf edirik. Yəni, faktiki olaraq bu gün elə bir əlverişli şərait yaranıb ki, qlobal güc olaraq ABŞ, eləcə də işğalçı dövlətin ictimai rəyi faktiki olaraq Azərbaycanın haqlı davasını tanımış olur. Mən düşünürəm ki, biz bundan istifadə etməliyik və belə edəcəyimiz təqdirdə Ermənistandakı ağlı başında olan kəsim də bizim davamızda ən azından neytrallığını qoruyacaq, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarından çəkilib getməyə məcbur olacaq. Bura onu da əlavə edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək gözləyən Paşinyan suyu süzülə-süzülə geri qayıtdı, adi bir bəyanat belə onlardan ala bilmədi ki, bunun özü də elə Azərbaycanın xeyrinədir. Mən düşünürəm ki, çox əlverişli bir şərait yaranıb və bundan Ali Baş Komandan əminəm ki, uğurlu bir şəkildə istifadə edəcək. Bura onu da əlavə edək ki, artıq elə bu anda belə 50 mindən çox gəncimiz, vətəndaşımız könüllü şəkildə orduya getmək üçün artıq rəsmi müraciət eliyib, 10 minlərlə, 100 minlərlə insanımız müharibə gedən günlər küçələrə çıxaraq Ali Baş Komandanına öz dəstəyini ifadə edib, silah və səfərbərlik tələb edib. Mən düşünürəm ki, bunlar Azərbaycanın xeyrinə işləyir və çox əlverişli bir şərait yarandığını deyə bilərik”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə