Anar Xəlilov: “Söyüş və təhqirlərlə mübarizə aparmaq aşağılıqdır” RƏY-ÖZƏL

Anar Xəlilov: “Söyüş və təhqirlərlə mübarizə aparmaq aşağılıqdır” RƏY-ÖZƏL

“Milli Şura”nın növbəti videokonfransında Cəmil Həsənli, Qənimət Zahid, Gültəkin Hacıbəyli, Məmməd Rahim və digərləri Mehman Əliyev təhqir etdilər, onu İlqar Məmmədovun yerişini yeriməkdə günahlandırdılar və Natiq Cəfərlini ittiham hədəfinə çevrildi. Bütün bunlar qurumun səviyyəsizliyini göstərir. Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov “Səs” qəzetinə açıqlamasında deyib.

O bildirib ki, özünü müxalifət adlandıran “Mİlli Şura” adlı qurum xalq arasında dayaqlarını itirdikcə sivil siyasi mübarizə metodlarından uzaqlaşır və çirkin şouya bənzər söyüş ritorikasına üstünlük verərək qara yaxma, təhqir metodlarına üstünlük verir: “Təbii ki bu da artıq insanlarda onlara qarşı ikrah hissi yaradır. Xüsusilə müşahidə olunur ki, bu şəxslər hər hasısa bir Azərbaycan üçün çətin məqam yarananda daha çox fəallaşırlar və kömək etməkdənsə, həmrəylik nümayiş etdirməkdənsə mane olmağa və görülən işlərə qara yaxmağa başlayırlar. Bir növ desək təxribatçı mövqe seçillər. Biz bunu həm pandemiya dövründə, eyni zamanda ermənilərin xain Tovuz hücumu dövründə də müşahidə etdik. Bu insanlar sosial şəbəkələrdə fəallaşaraq insanları çaşdırmaq və hökumətin gördüyü təqdirəlayiq addımlara qarşı əks təbliğat aparmaqla məşğul idilər, bu gün də buna çalışırkar. Eyni zamanda 14 iyul hadisələrində də bu insanlar təxribat xarakterli hərəkətləri ilə bir daha öz əməllərinin nədən ibarət olduğunu sübut etdilər. Bu insanlar iqtidarla yanaşı, normal sivil metodlarla mübarizə aparan müxalifət qüvvələrinə də qarşı qarayaxma üsullarla mübarizə aparır kim bunların sözünü demirsə onu düşmən elan edirlər. Bunlarda artıq psixoloji vəziyyət xəstəlik səviyyəsinə çatmışdır. Bunlara elə gəlir ki, xalqın sözünü ancaq bunlar deyir, özlərini lider kimi hiss edir və hər kəsə yol göstərməklə məşğuldurlar. Eyni zamanda özləri söyüş, təxribat metodlarından istifadə edərək hökuməti özlərinə qarşı addım atmağa məcbur edərək bu yolla beynəlxalq aləmə göstərməyə çalışırlar ki, amandı qoymayın bizə təzyiq edirlər. Əslində isə atdıqları addımlar tam qanuna zidd olaraq təxribat və pozuculuq əməlləridir ki, bu da qanunla yol verilməzdir. Özlərini təcrid etməklə guya bunlara blokada tətbiq olunur deyib qışqırmaqla ona səy göstərirlər ki, xarici havadarlarına göstərə bilsinlər guya əsas müxalifət bunlardır. Dövlət də bunlara qarşı guya mübarizə aparır”.

A.Xəlilov qeyd edib ki, qondarma qurum olan “Milli Şura”nın sosial bazası bu gün hamıya məlumdur: “Nəyə qadir olduqları da ortadadır. Heç bunlara qarşı mübarizə aparan da yoxdur siyasi mənada. Bunu bunlar dərk edir və buna görə də qanunları pozmaq yolu tutaraq təxribatçı əməlləri ilə cinayətə əl atırlar. Təbii ki, belə olduğu təqdirdə hüquq mühafizə orqanları lazımi tədbirləri görməyə məcbur olur və bunlar da əllərində bunu bayraq edərək qışqırırlar ki, qoymayın bizə qarşı təzyiq edilir. Bu çox gülünc metoddur və eyni zamanda acınacaqlıdır. Bunların bu əməllərini ifşa edən ziyalılara və sivil qaydalarla hərəkət edən digər müxalif insanlar qarşı isə çox amansızcasına təhqirlərə yol verərək sosial şəbəkələrdə ifadələr işlədirlər. Bu insanların məqsədi aydındır nə yolla olursa olsun öz siyasi məqsədlərinə çatmaq. Bunlar xalqı düşünmür sadəcə onu çaşdırmaqla istifadə etməyə çalışır. Arxasında sosial bazası olan xalq olan siyasi qüvvə heç vaxt dövlətçilik üçün təhlükəli olmur. Əksinə arxasında sosial bazası olmayan siyasi avantüraya söykənən kiçik qrup dövlətçilik üçün daha təhlükəli olur. Çünki onlar xalqın dəstəyini qazanmadıqları üçün ancaq təxribatlardan istifadə edirlər. Xalq adından danışaraq etdikləri təxribatlara haqq qazandırmağa çalışırlar. Silahlı terror təşkilatları ilə bu cür qrupların əslində heç bir fərqi yoxdur. Dövlətin gördüyü bütün addımları, ziyalıları, normal müxalif qüvvələri, hətta xalqı belə qaralamaqla, söyüş və təhqirlərdən istifadə etməklə apardıqları fəaliyyət bunu sübut edir. Bunlar birdəfəlik dərk etməlidirlər ki, tutduqları yol iflasa məhkumdur. Xalq 90-cı illərin acı təcrübəsini yaddan çıxartmayıb. Heç dünya da əvvəlki deyil. Artıq insanlar ağı qaradan seçməyi bacarırlar. Yeni nəsil yetişib, onların baxışı başqadır. Yaxşı olar ki, insanları təhqir etməkdənsə , təxribatla məşğul olmaqdansa düşünərək vaxtında əməllərindən əl çəksinlər. Hərçənd buna inanmıram. Azərbaycan dövlətçiliyi bu gün hər bir məsələdən üstündür, ərazi bütövlüyümüz bizim əsas məqsədimizdir. Bu yolda dövlətimizin gücü və qətiyyəti xalqa məlumdur. Xarici və daxili düşmənlərə qarşı dövlətimizin gücünə inanırıq və bu yolda da xalq olaraq onun yanındayıq. Düşmənə xidmət edən bütün təxribatların qarşısı qətiyyətlə alınacaq. Söyüş və təhqirlərlə mübarizə aparmaq aşağılıqdır, bunu özlərinə yaraşdıranlar isə heç vaxt uğur qazanmayacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə