Ermənistanın hərbi iflasa uğradığı Tovuz döyüşlərində ortaya çıxdı - MÖVQE ÖZƏL
"İlk dəfədir ki, xaricdə yaşayan azərbaycanlılar həddən artıq fəallıq göstərirlər. Əslində ilk dəfə deyil. Məsələ burasındadır ki, bu günə qədər xaricə olan soydaşlarımızın sayı az idi və lobbiçilik fəaliyyəti ilə məşğul ola bilmirdilər. Həm maliyyə imkanları az idi, həm oradakı səfirliklərlə olan əlaqələri lazımı səviyyədə deyildi. Bizim Xarici İşlər Nazirliyi onlarla heç bir iş görmürdü. Diaspora komitəsinin də fəaliyyəti demək olar ki, görünmür. Onlar xaricdə yaşasalar da Azərbaycana bağlıdırlar və ürəkləri vətənlə birgə döyünür. Onlar üçün hansısa bir dövlət qurumunun onlarla işləyib-işləməməsinin heç bir əhəmiyyəti yoxdur. Onlar içlərindən gələn vətən sevgisi ilə bu aksiyaları həyata keçirdilər". Bunu SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, Ermənistanda baş verən hadisələr artıq Ermənistanın dövlət kimi iflasa aparıb: "Onlar yenə gözlərini şimaldan gələcək köməyə dikirlər və hətta onların bir hissəsi günəşin şimaldan doğacağına əmindir, digər hissəsi isə günəşin qərbdən doğacağını düşünürlər. Amma gördüyünü kimi günəş nə şimaldan, nə də qərbdən doğur. Ona görə Ermənistan siyasi iflas ərəfəsindədir. Ermənistan iqtisadi və ideoloji iflasa artıq çatıb. Bir siyasi iflas qalıb. Hərbi iflasa isə uğradığı da Tovuz döyüşlərində ortaya çıxdı. Bütün bunların fonunda xaricdə baş verən azərbaycanlıların fəaliyyəti çox qürurvericidir. Yəni bir millət kimi biz artıq özümüzə qayıtmışıq, özümüzü dərk eləmişik, özümüzü sevmişik. Mən bir Azərbaycan vətəndaşı olaraq xaricdə bu işləri həyata keçirən bütün soydaşlarımıza minnətdarlığımı bildirirəm, çünki onlar bizim həqiqətləri dünyaya yenidən açdılar. İki şəkildə-dövlət və millət səviyyəsində bu baş verir. Soydaşlarımız millət şəklində bu həqiqətləri dünyaya çatdırır".
Poltoloq bildirib ki, Ermənistanın bütün səylərinə baxmayaraq ABŞ parlamentində yeni düzəlişlər oldu: "Bu hər iki düzəliş bilavasitə ABŞ-ın Azərbaycana yeni münasibətini ortaya qoyub. Çünki bu günə qədər ABŞ məsələyə ikili standartlarda yanaşırdı, amma burada Azərbaycanla bərabər Gürcüstan, Ukrayna və Moldovanın gündəmə gətirilməsi və eyni zamanda bu ərazilərin işğalı nəticəsində yaşadığı yerləri tərk etmiş insanların sayı ilə bağlı hesabatın istənilməsi, mülki və digər məsələlərin gündəmə gələcəyi fakları fonunda artıq Ermənistan pis vəziyyətə düşəcəyi məlumdur. Çünki Rusiyanın başı dərddədir. Rusiya özü Ukraynada, Moldovada və Gürcüstan ərazisində də separatçılıqla məşğul olub. Rusiya böyük bir siyasi səhvə yol verərək Abxaziya, Cənubi Asetiyanın vətəndaşlarına Rusiya pasportları paylayıb. İmkanları olsaydı, onlar Dağlıq Qarabağ üçün də bunu edərdilər. Lakin buna bilavasitə Azərbaycan Prezidentinin mövqeyi imkan vermədi".
C.Nuriyev vurğulayıb ki, Tovuz hadisələri göstərdi ki, biz nə şimal, nə cənub qonşularımızdan hər hansı bir yenilik gözləməməliyik: "Ən xoşagələn odur ki, Azərbaycan dövləti tək olmadığını ortaya qoydu. Türkiyə yüksək səviyyədə nəyinki Azərbaycanı dəstəklədi, həm Prezidenti, həm Parlamenti, həm XİN naziri, həm də ordusu səviyyəsində Azərbaycanın yanında olduqlarını sübut etdilər. Bu da Türkiyə üçün gələcəkdə müəyyən problemlər yarada bilər, amma Türkiyə böyük dövlətdir, NATO-nun üzvüdür və hesab edirəm ki, Türkiyə ilə birgə Pakistanın da Azərbaycanı bu günə qədər dəstəkləməsi çox qürurvericidir. Cənubi Azərbaycanda da Azərbaycana dəstək aksiyaları baş alıb gedir, lakin aksiya iştirakçılarından həbs edilənlər də var. Farsla rus xalauşağıdır, erməni də onların dayısı uşağıdır. Bu üçlüyün əsas məqsədi Azərbaycan adlı bir dövlətin ortadan qaldırılmasına xidmət etməkdir. Təəssüf ki, Azərbaycan daxilində də hayqanuşun uşaqları var və eyni zamanda nəfsi özündən çox qabaqda gedən nazirlərimiz, icra başçılarımız var. Hansı ki, onların nəfsi Həzrəti Əlinin qılıncından kəskindir. Bu adamlar üçün millət, dövlət sevgisi yoxdur. Belələri imkan vermir ki, millətini, dövlətini sevən insanlar dövlətinin, Prezidentinin yanında olsun. Bunun cəzası çox ağır olacaq. Xarici İşlər Nazirliyinin fəaliyyəti göstərdi ki, Azərbaycan bu məsələlərdə hələ də yaxşı vəziyyətdə deyil. Bütün bunlara baxmayaraq biz bir millət kimi özümüzə gəlirik. Əminəm ki, bu şəkildə davam etsək, tezliklə Azərbaycan bu problemləri həll edərək çox güclənəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB