“Prezidentin şəxsi nüfuzu Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çatdırmağa imkan verir” ÖZƏL-MÜNASİBƏT

“Prezidentin şəxsi nüfuzu Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çatdırmağa imkan verir” ÖZƏL-MÜNASİBƏT

Ermənistan bir tərəfdən beynəlxalq prinspləri pozur, digər tərəfdən isə Paşinyan hakimiyyəti ölkə daxilindəki gərginliyi azaltmaq üçün məhz belə təxribatlara əl atır. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov deyib.

Millət Vəkilinin sözlərinə görə, nəzərə almaq lazımdır ki, bu gün Ermənistanın özünün rəsmi statistikasına əsasən, Ermənistanda hər dörd nəfərdən biri yoxsulluq həddində yaşayır, beynəlxalq hesabatlarda bu rəqəm hər üç nəfərdən birdir, eyni zamanda Ermənistanın statistikasına görə, hər beş nəfərdən biri işsizdir, beynəlxalq hesabatlar statistikasında bu rəqəm hər dörd nəfərdən birdir.

“Faktiki olaraq həm Ermənistanın öz rəsmi statistikasından, həm də beynəlxalq hesabatlardan da görünür ki, Ermənistanda iqtisadi-sosial vəziyyət acınacaqlıdır və Paşinyan hökuməti praktiki olaraq, həm də Tovuz istiqamətində təxribat etməklə ölkə daxilində insanların fikrini məhz sosial-iqtisadi problemlərdən yayındırmağa çalışır. Təbii ki, Ermənistan hökumətinin son bəyanatları göstərir ki, bu bəyanatlar nə beynəlxalq prinsplərə əsaslanıb, nə bütövlükdə mövcud qlobal qaydalara söykənir. Ermənistan təcavüzünü davam etdirir və çox təəssüf ki, təcavüzkar olmasına baxmayaraq, qarşı tərəfi ittiham etməkdən belə çəkinmir. Odur ki, Azərbaycan Ordusunun layiqli cavabı, bütövlükdə bizim ordumuzun son illər xüsusən də həm maddi-texniki bazasının gücləndirilməsi, həm intizamın və eləcə də vətənpərvərliyin yüksəlməsi nəticə etibarı ilə Azərbaycan Ordusunun Ermənistanın istənilən təxribatına cavab vermək imkanına qadir olduğunu bir daha nümayiş etdirir. Baxmayaraq ki, bəzi beynəlxalq təşkilatlarda ikili standartlar yenə də hökm sürür, amma təbii ki, Azərbaycan öz haqlı mövqeyini indi daha yüksək səviyyədə beynəlxalq arenada təqdim etmək imkanlarına malikdir. Azərbaycan Prezidentinin şəxsi nüfuzu bu təqdimatı və Azərbaycan həqiqətlərini beynəlxalq arenaya çatdırmağa da imkan verir. O baxımdan düşünürəm ki, Azərbaycan bu tip təxribatlara cavab vermək imkanına və eləcə də gücünə qadirdir və son hadisələr də bunu bir daha təsdiq etdi”, deyə Vüqar Bayramov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə