"Ermənistan rəhbərliyi bu itkilərin altından necə çıxacağını bilmir" ÖZƏL-MÜNASİBƏT

"İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Tovuz rayonu ilə sərhəddə törətdiyi təxribat, ağır artilleriyadan hərbi mövqeıərimizi, yaşayış məntəqələrimizi atəşə tutması generalımızı, zahitlərimizi, əsgərlərimizi qətlə yetirməsi bütün ölkəmizi ayağa qaldırdı. Azərbaycan ordusunun sarsıdıcı zərbələri ilə geri otuzdurulan düşmən xeyli sayda canlı qüvvə və hərbi texnika itirmişdir. Atəşkəsin pozulduğu ilk andan minlərlə Azərbaycan gənci Ali Baş Komandan Prezident İlham Əliyevə müraciət edərək Onun əmri ilə cəbhəyə yollanmağa hazır olduqlarını bildirmişlər". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, Prezidentin Təhlükəsizlik Şurasındakı çıxışından ruhlanan gənclərimiz Azərbaycanın hər yerində Hərbi Səfərbərlik qurumlarının qarşısına yığışaraq ordu sıralarına yazılmaq istədiklərini bildirirdilər: "Dünən axşam saatlarında vətənpərvər gənclərdən ibarət böyük bir dəstə Şəhidlər Xiyabanı qarşısındakı meydana doğru yürüş etmiş və aksiya keçirmişlər. Polisin müdaxilə etmədiyi bu sanksiyalaşdırılmamış aksiyada gənclərimiz Ordumuza, Ali Baş Komandana, Qarabağa dəstək şüarları səsləndirmiş, dərhal cəbhə bölgəsinə getmək üçün onlara şərait yaradılmasını istəmişlər. Bütün bunlar Azərbaycan xalqının, onun gənc nəslinin ölkəmizin ərazi bütövlüyünə, təhlükəsizliyinə, Qarabağın taleyinə biganə qalmadığını, ordu-xalq birliyinin sübutu, şəhidlərimizin intiqamının alınması üçün gənclərimizin ürəkdən gələn qətiyyətinin ifadəsidir.

Spontan təşkil olunmuş bu aksiyanın normal axarda keçirilməsi üçün gözləmək olardı ki, Gənclər və İdman nazirliyimizin rəhbərliyi, Gənclər Təşkilatlarının liderləri, bu təşəbbüsü ələ alacaq, gənclərdən ibarət çoxminlik kütləni idarə edəcəklər. Təssüf doğuran odur ki, Milli Məclisin qarşısında keçirilən kütləvi aksiyada deputatlardan heç kim gözə dəymirdi. Bundan istifadə edən bəzi təxribatçı qüvvələr öz məkrli niyyətlərini həyata keçirmək üçün aksiyanı bir fürsət bilərək, bu tədbirdəki bəzi gəncləri iğtişaşlara sövq etməyə cəhd etdilər. Sonda polisin qətiyyətli addımları ilə vətənpərvər gənclərimizin saf niyyətlərindən öz çirkin əməlləri üçün istifadə etməsinin qarşısı qətiyyətlə alınmışdır.

Unutmaq lazım deyil ki, bu gün atəşkəsi pozan ermənilər və onların havadarları çalışırlar ölkəmizdə sabitliyi pozsunlar, vətəndaş qarşıdurması yaratsınlar və cəbhədə mövqelərimizi zəiflətsinlər. Yaxın tariximizə nəzər salsaq, görərik ki, 90-cı illərin əvvəllərində ermənilər, onları dəstəkləyən digər xarici qüvvələrlə birlikdə Azərbaycanda əvvəlcə sabitliyi pozur, başıpozuqluq yaradır, sonra hücuma keçirdilər. Əlbəttə, indi 90-cı illər deyil, o illərdəki Azərbaycandan əsər - əlamət qalmayıb. Güclü iqtisadiyyata, qüdrətli orduya və çevik idarəçiliyə malik ölkəmiz istənilən aqressiyanın qarşısını almağa qadirdir. Bunu 2016-cı il aprel döyüşləri də, Tovuz hadisələri də sübut etdi. Aldığımız ən yeni məlumata görə, Ermənistan öz itkilərini gizlətsə də, düşmən ölkənin hər yerində yas mərasimlərinin qurulduğu barədə, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrin mətbuatlarında informasiyalar verilir. Ermənistanın elektron mediası və sosial şəbəkələrində də düşmən ordusunun 100 nəfərdən çox canlı qüvvə itirdiyi bildirilir. Hazırda Ermənistan rəhbərliyi bu ağır itkilərin altından necə çıxacağını bilmir. Azərbaycan əsgərinin əli tətikdədir. İnanıram ki, tezliklə qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyümüzü təmin edəcək, marionet Ermənistanın tarixdə və xəritədə qalması böyük təhlükə altında düşəcəkdir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə