Biz nə istəyirik və nə etməliyik?

Biz 30 ildir Qarabağa azadlıq istəyirik!
Biz müstəqil dövlətimizin ərazi bütövlüyünün təmin olunmasını istəyirik!
Biz qaçqın və məcburi köçkün soydaşlarımızın öz ata- baba yurdlarına dönməsini istəyirik.
Biz sivil dünyadan ədalətli, tərəfsiz münasibət isyirik!
Biz 30 ildir öz istəyimizə çata bilmirik. Bu 30 ildə 30 min yalan eşitdik, 30 min dəfə gördük ki, maraqlar haqdan yuxarıdadır.

Və böyük sınaqlardan keçib bu günlərə gəldik. Dövlətçiliyimizin ilk illərində nə qədər təxribatlarla üzləşdik! 1988- ci ildən bəri bu xalqın təmiz, saf, ülvi hisslərdən doğan milli birlik nümayişlərinə neçə dəfə təxribatlar qatıldığını da heç birimiz unutmamışıq. Sovet imperiyasının son illərində xalqımızın ədalət tələbini və milli- azadlıq düyğularını Azaldıq meydanında müxtəlif bayraqlar qaldırmağa, "Allahu-əkbər" qışqirmağa, sərhəddi dağıtmaq, bəzi rayonlarda dövlət binalarına hücum etməyə yönəltmək təxtibat idi. Və sonucu da qanlı 20 yanvar qırğınına gətirib çıxartdı. 1991- ci ilin 20 noyabrında içərisində ali rütbəli dövlət adamlarımızın vurulması da, Xocalı soyqırımı və soyqırımdan sonrakı mitinqlər zamanı Milli Məclisin binasına hücum edilməsi də təxribat idi. Şuşanın və Laçının işğalı da təxribat idi. Ağdərənin verilməsi və Gəncə qiyamı da təxribat idi.
Və hamısı Azərbaycanı didib- parçalamağa, müstəqilliyimizin sonlandırılmasına yönələn təxribatlar idi!
1993 cü ilin 15 iyununda ölkə rəhbərliyinə gələn Ümummilii lider Heydər Əliyev bütün təxribatların kökünü kəsməyə, xalqı bir ideya- azərbaycançılıq ideyası ətrafında birləşdirməyə müvəffəq oldu.

Və bizə çoxdan məlum olan sadə bir həqiqəti öyrətdi: azadlığın, haqqın-ədalətin yolu güclü olmaqdan keçir!
Allaha şükür, indi güclü dövlətimiz var, güclü ordumuz var, cənab Ali Baş Komandanın şəxsində güclü liderimiz var!

Son günlər şanlı Ordumuz düşmənə sarsıdıcı zərbələr vurur! Uğur və Qələbə bizimlə olacaq.
Təəssüf ki, döyüş itkisiz olmur, şəhidlərimiz də var. Dəyərli generalımızı, peşəkar zabitlərimizi və qəhrəman əsgərlərimizi itimişik.
Dünənki Ordumuza dəstək nümayişini də xoş niyyətli vətənpərvər aksiya hesab edirəm. Aksiya iştirakçılarının səsləndirdikləri Qarabağla, Milli Ordumuzla bağlı şüarlar, Ali Baş Komandana dəstək çağırışları, əlbəttə, səmimi idi və xoş niyyət daşıyırdı.

Çox təəssüf ki, təxribatsız ötüşmədi, 5- ci kalon yenə də fürsətdən istifadə edə bildi, öz xain və çirkin əməlindən qalmadı. Bir qrup təxribatçı və onlara uyanlar Milli Məclisin binasına basqın etdilər, mühafizəçilərə xəsarət yetirdilər, binanın içərisinə daxil olub dağıntı törətdilər. Bu adamların həmin anda ağılları başlarında idimi, yoxsa onlar nəyinsə və ya kiminsə təsiri altında idilər? Bu sualın cavabını istintaq təbii ki, araşdıracaq və xalqa məlumat verəcək. Amma bu təxribat bir daha göstərdi ki, biz düşmənlə yalnız səngərdə döyüşmürük, düşmən hər yerdədir, sosial şəbəkələrdə xaricdən gələn çağırışlar da düşmən səsidir, xoş niyyətli nümayişi təxribatçı sonluğa yönəldən də, gərəksiz şüarlar qışqırıb milli mübarizəmizə başqa yön vermək istəyənlər də!
Müharibə içindəyik, gərək içimizdə düşmən olmasın. Başqa bir vacib nüansı da unutmamalıyıq, koronavirus pandemiyası davam edir, karantin götürülməyib, bu şəraitdə kütləvi şəkildə bir yerə toplaşmağımız əlavə bəlalar gətirə bilər!

Sanksiyalaşdırılmamış heç bir nümayiş, mitinq çağırışı olmamalıdır! Cəbhə ilə bağlı bütün informasiyalar yalnız rəsmi mənbələrə əsaslanmalıdır!

Nə etsək yalnız qanun daxilində olmalıdır, hər davranışımız qanun çərçivəsində olmalıdır!
Bir məqsədimiz var: Vətənin bütövlüyünün təmin olunması! Bunun üçün birlik, birlik, yenə də birlik lazımdır! Birlik bizi birləşdirən yeganə dəyər - müstəqil Azərbaycan dövləti naminə və onun ətrafında olmalıdır!
Birliyimizin rəmzi və qarantı Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevdir! Hamımız onun ətrafında və onun əmrində olmalıyıq!

Birliyimiz müqəddəs Azərbaycan torpağının naminə, uca bayrağımızın kölgəsində olmalıdır! O torpağın ki, şəhidlərimizi əmanət verdik! O bayrağın ki, şəhidlərimizin bizə əmanətidir!

Musa Urud

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...