"Ermənistanın təxribat üçün dövlət sərhədini seçməsi məqsədlidir" AÇIQLAMA

"Ermənistanın təxribat üçün dövlət sərhədini seçməsi məqsədlidir". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Məmmədov deyib.

O bildirib ki, ordumuz şəhidlərimizin qanını yerdə qoymayıb və hər dəfə olduğu kimi, yenə də Ermənistan bu təxribatının cavabını on qat artıq alıb: "Ermənistanın Azərbaycanın Qarabağ və ətraf rayonları işğal etməsi nəticəsində iki ölkə arasında hərbi vəziyyət 30 ildir ki, davam edir və bu münaqişənin mərkəzi işğal olunmuş bölgədir. Ermənistan təxribatlarını bu bölgədən kənar yerdə, dövlət sərhədində həyata keçirməklə özünün güya dövlət sərhədinə müdaxilə olunmasını görüntüsünü yaratmaq istəyir. Bununla da, üzv olduğu hərbi birliyin – Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dəstəyini qazanacağını, bu qurumdan Azərbaycana qarşı hansısa bəyanat qəbul olunacağını xəyal edir. Amma ermənilərin bu arzusu elə arzu olaraq da qalacaq. KTMT-nın təcili iclası çağrılsa da, sonradan təxirə salındı. Yalnız bu gün qurum adından tərəfləri atəşkəsə çağıran formal bir bəyanat yayıldı. Səbəb aydındır. Bu hərbi birliyə üzv dövlətlər ayrı-ayrılıqda Azərbaycanla çox gözəl əməkdaşlıq, hətta stratejli müttəfiqlik münasibətlərinə malikdir. Heç kim, beynəlxalq münasibətlər sistemində hər hansı çəkiyə, mövqeyə malik olmayan Ermənistana görə Azərbaycana qarşı olan bəyanata imza atmaz. Elə buna görə də, nə ermənilərin arzuladığı iclas baş tutdu, nə də Azərbaycanı təhdid edən bəyanat oldu".

Millət vəkili vurğulayıb ki, Azərbaycan xalqının, dövlətinin, ordusunun mövqeyi ölkə Prezidentinin son çıxışlarında, xüsusilə, Təhlükəsizlik Şurasının iclasında bir daha bəyan olundu: "Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınıb, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacağıq və düşmənə yenidən onun öz yerini göstərəcəyik. Dövlət başçısının bu iradəsi son günlərdə Azərbaycan xalqının nümayiş etdirdiyi dəyanətlə, torpaqlarımızı işğaldan azad etmək üçün hər an savaşa hazır olması ilə üst-üstə düşür. İndiki ağır karantin şəraitinə baxmayaraq torpaq, Vətən məsələsi önə çıxarkən, Azərbaycan xalqı pandemiyanı da, koronavirusu da, çətinlikləri də ikinci plana keçirdi, döyüşə hazır olduğunu nümayiş etdirdi. Hesab edirəm ki, həm Ali Baş Komandanın qətiyyəti, həm Azərbaycan xalqının döyüş əzmi, həmçinin, beynəlxalq birliyin reaksiyaları Ermənistanı bu cür təxribatlardan çəkinmək üçün ciddi siqnal olmalıdır. Əks təqdirdə, növbəti belə təxribatlardan biri onun üçün ağır nəticələrə səbəb olacaqdır".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...