"Erməni adlı düşmənin ayağı bir daha Azərbaycan torpağına dəyməyəcək" ÖZƏL - AÇIQLAMA

"Azərbaycan öz əzəli torpaqlarını geri qaytarmaq uğrunda mübarizəsini heç bir zaman dayandırmayacaq". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib.

O bildirib ki, faşist Ermənistanı birinci dəfə deyil ki, Azərbaycana qarşı ədalətsiz müharibələr edir, işğalları davam etdirir, qəsbkarlıq siyasəti yeridir, bu, acı bir tarixdir: "Vaxtilə böyük dövlətlərin rəhbərliyi ilə ermənilər Azərbaycan torpaqlarında yerləşdirildi. Azərbaycan torpaqları onlara vətən kimi verildi. Tariximizin sonrakı məqamlarında da onlar Azərbaycan xalqına düşmən kəsildilər. Bu acı və real tarixdir. Lakin təəssüf doğuran odur ki, uzun illər boyu bu tarix olduğu kimi öyrədilmədi. Bu tarix əvəzinə yalançı, saxtakar bir tarix bizlərə təbliğ olundu. Xoşbəxtlikdən acı tarixin bu dərslərindən sonra Azərbaycan dərk etdi ki, onun düşməni məkrlidir, onun düşməninin çoxlu havadarı var və 90-cı illərin əvvəllərində də birmənalı olaraq bu hal özünü göstərdi. Erməni lobbisinin, erməni təbliğatının nəticəsi olaraq az qala dünyaya inandırılmışdı ki, güya, bu gün Ermənistanın iddiasında olduğu torpaqlar ermənilərə məxsusdur. Havadarları da bu siyasəti əlində əsas tutaraq Azərbaycana qarşı ədalətsiz müharibədə iştirak etdilər. Lakin Azərbaycanın sonrakı illərdə aparmış olduğu təbliğatın nəticəsi ilə ölkəmiz dünyanı, dünyanın aparıcı dövlətlərini, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını inandıra bildi ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır, ermənilər bura gəlmə əhalidir və tarix boyu da azərbaycanlılar onlara əllərindən gələn dəstəyi göstəriblər. Ən böyük kömək isə İrəvan kimi tarixi şəhərin Ermənistana paytaxt olmasıdır".

Millət vəkili vurğulayıb ki, bu gün dünyada güclü və nüfuzlu bir ölkə kimi qəbul edilən Azərbaycan var, Azərbaycanda xalqın və dövlətin birliyi var, xalq öz dövlətinə inanır və dövlət başçısına inanır, onun siyasətini dəstəkləyir: "Bu mənada erməni terrorçularının hərəkətləri Azərbaycanın 90-cı illərin əvvələrindəki Azərbaycan olmadığı həqiqətini dəyişdirə bilməz. Bu gün Azərbaycanın siyasəti müstəqildir, ölkəmiz öz əzəli torpaqlarını geri qaytarmaq üçün heç bir zaman mübarizəsini dayandırmayacaq. Biz bir xalq olaraq tarix boyu həmişə ədalətimizlə diqqəti cəlb etmişik. Bu gün torpaq üçün, vətən üçün qəhrəmancasına həlak olanlar bizim şəhidlərimizdir. Doğrudur, dərin hüzn içərisindəyik, lakin biz yenə də ruhdan düşmürük. Digər tərəfdən də biz əminik ki, düşmənə qalib gələcəyik. Çünki bizim işimiz haqdır və biz haqq üçün vuruşuruq. Şəhid olanlarımızın qanı yerdə qalmayacaq. Biz bir xalq olaraq bu çətinliyi də aşacağıq və üçrəngli bayrağımız ölkəmizin hər bir güşəsində şərəflə dalğalanacaq.

Azərbaycan xalqına bir ziyalı olaraq başsağlığı verirəm və əminəm ki, gün gələcək biz biri-birimizi mənfur düşmənin ayağının Azərbaycan torpağından çəkildiyi üçün təbrik edəcəyik və bir daha bu düşmənin ayağı Azərbaycan torpağına dəyməyəcək".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...