Kitab Klubunun Sərgi Salonunda Rövşən Novruzoğlunun "XXI əsr: Bəşəriyyətin məhvi - qiyamət qopacaqmı?.." kitabının təqdimatı keçiriləcək Gərgin əməyin, uzun illərin axtarışlarının nəticəsində yaranmış, Milli təhlükəsizlik kontekstində yazılmış kitabın müəllifi həm xaricdə, həm də Azərbaycanda tanınmış politoloq, fəlsəfə doktoru Rövşən Novruzoğludur. SİA-nın xəbərinə görə, burada dəyişən dünyanın ekologiyası, iqlim siyasəti, genetik kodların dəyişməsi, iqtisadi-siyasi, dini münasibətlər zəngin, təkzibolunmaz faktlarla şərh olunur.
Qarşıya qoyulan hadisələrin səriştəli təhlili Milli təhlükəsizlik anlamından, insan, cəmiyyət və təbiət resurslarının təhlükəsizliyi baxımından fəlsəfi-siyasi, ekoloji araşdırma toplusu kimi qiymətlidir. Kitabda həmçinin gələcək Azərbaycanın ictimai-siyasi, coğrafi, mədəni, psixoloji, genetik durumu məntiqli şəkildə təhlil olunur. Bütün bunları bilmək isə hamımız üçün vacibdir.
Xatırladaq ki, Rövşən Novruz oğlu Vəliyev (Novruzoğlu) Cəlilabad rayonunda anadan olub. BDU-nu bitirib və təhsilini Moskvada davam etdirib. Hökumət və dövlət strukturlarında çalışıb, təhlükəsizlik orqanlarının zabiti olub. Siyasi elmlər üzrə fəlsəfə doktorudur. Dünyanın 18 ölkəsində olub, müxtəlif istiqamətlərdə Azərbaycan dövlətçiliyi naminə tədqiqatlar aparıb. "Azərbaycan dövlətçiliyinə təhlükə mənbələri" adlı 5 cildlik kitabın müəllifidir.
Azərbaycan Respublikası Prokurorluğu, MTN və DİN - in iştirakı ilə erməni işğalçılarına qarşı "Azərbaycan Dövlətinə qarşı cinayət" adlı çox zəngin və ictimaiyyətə məlum olmayan və yaxud az məlum olan həqiqətləri əhatə edən üç cildliyin birinci cildini ("Genosid... Ekosid") yazıb. Rövşən Novruzoğlu həm daxildə, həm də xaricdə tanınmış politoloqdan, siyasətçilərdən biridir.
O, həmçinin geniş oxucu kütləsinin ciddi maraqla qarşıladığı "Azərbaycan neft strategiyası xarici kəşfiyyatın maraq dairəsində" adlı kitabın müəllifidir. İlk dəfə "Qızıl Qələm" mükafatı laureatı olan politoloq 2007-ci ildə Pentaqonun (ABŞ MN) açıqladığı "Beynəlxalq terror şəbəkələri....korrupsiya və narkotika əleyhinə" ən güclü informasiyaya malik olan (keçmiş ittifaq respublikaları çərçivəsində) politoloqların birinci onluğuna daxil edilərək xüsusi mükafata layiq görülüb.
Politoloq R.Novruzoğlu 24 müxtəlif tədqiqat əsərlərinin müəllifidir. Ulu öndər Heydər Əliyev onun Livandan –erməni kvartalından və arxivlərindən əldə etdiyi materiallar əsasında "Qarabağ: beynəlxalq terror üçün qara bazar" və "Qarabağ: nəzarətsiz zona" kitablarını bir neçə dildə çap etdirərək dünya miqyasında yayılmasına kömək edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB