"İlham Əliyev önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb" Sədaqət Vəliyeva

“Artıq hər kəsə bəllidir ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə əlaqədar dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilib. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib. Bunlar arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş kiçik ada ölkələrinə qədər dövlətlər yer alıb. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır. Məhz, Rusiya tərəfi Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirib və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirib”. SİA-nın verdiyi məlumata görə, bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, iyulun 10-da Xüsusi Sessiya rəsmi olaraq başlayıb, lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır: “Ümumiyyətlə, bu günə qədər BMT tarixində 31 Xüsusi Sessiya keçirilib. Bunlardan yalnız üçü dövlətlər tərəfindən çağrılıb. Lakin Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə də, Prezident İlham Əliyev önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb. Digər tərəfdən də, bəllidir ki, BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb. Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ bilinmir. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?! BMT bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platformadır. Bəşəriyyətin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat bəs niyə məşğul olmur. Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?”.

“Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda BMT susur. Əgər indiki anda BMT görünmürsə, bəs bu problemlə kim məşğul olacaq. Məgər BMT-dən böyük hansısa təşkilat var?” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, hazırda BMT-yə inam, təşkilatın etibarlılığı ciddi imtahan qarşısındadır: “BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi, əlbəttə, bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Aydındır ki, qaydalar önəmlidir, lakin yeni reallıq şəraitində BMT də buna uyğunlaşmalı və çevik reaksiya verməlidir. Hazırda bəşəriyyət İkinci Dünya Müharibəsindən bəri ən böyük təhlükə ilə üzbəüz qalıb. Buna görə də, BMT özünün prosedur qaydalarının girovuna çevrilərək bu miqyaslı qlobal problemin həllindən kənarda qalmamalıdır. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir”. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə