"Azərbaycan hərbi üstünlüyünü döyüş meydanında növbəti dəfə təsdiq etdi" MÜSAHİBƏ

SİA Milli Məclisin deputatı, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovun yap.org.az-a verdiyi müsahibəni təqdim edir:

- Bəxtiyar müəllim, iyulun 12-də və 13-ə keçən gecə Ermənistan ordusu dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizə hücum etməyə cəhd göstərib. Bu hadisə ilə bağlı nə deyə bilərsiz?

- Bu hadisə ilk növbədə Ermənistanın işğalçı siyasət yürüdən dövlət olduğunu bir daha sübut etdi. Bilirsiniz, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf rayonları işğal edən Ermənistan həmişə iddia edib ki, guya müharibəni «Dağlıq Qarabağ respublikası» aparır. Paşinyanın baş nazir vəzifəsinə gəlməsindən sonra danışıqlar formatının dəyişdirilməsi ilə bağlı iddiaları da bundan qaynaqlanırdı. Sanki müharibə Ermənistanla Azərbaycan arasında deyil, separatçılarla Azərbaycan arasında gedir.

Əlbəttə, Azərbaycanın uğurlu diplomatiyası nəticəsində hazırki formatda Ermənistan faktiki olaraq münaqişə tərəfi kimi tanınır. Bu baxımdan Tovuzda dövlət sərhədi istiqamətində Ermənistanın Azərbaycan hərbçilərinin mövqelərini ələ keçirmək üçün hücum cəhdi bu ölkənin işğalçı siyasətinin əyani təsdiqi oldu. Məlumdur ki, 1994-cü ildə atəşkəs razılaşmasının imzalanmasından sonra tərəflər arasında baş vermiş hərbi toqquşmalar əsasən cəbhənin Dağlıq Qarabağ istiqamətini və işğal olunmuş rayonlarımızı əhatə edib. Bu dəfə isə Ermənistan ordusu birbaşa dövlət sərhədimizi pozaraq Tovuz rayonuna hücuma keçib. Bununla da Azərbaycanın istər danışıqlar prosesində, istər Ermənistanın beynəlxalq səviyyədə ifşası istiqamətində daim vurğuladığı əsas məqam – Ermənistanın işğalçı dövlət olması faktı tam aydınlığı ilə öz təsdiqini tapdı. Azərbaycanın dövlət sərhədi pozulub, Ermənistan hücum edib və döyüş əməliyyatları bizim ərazilərimizdə gedib. Ermənistanın işğalçılıq siyasətini başqa nə cür sübut etməliyik?

Ümumiyyətlə, Ermənistan tərəfinin işğal olunmuş Dağlıq Qarabağda həyata keçirdiyi qanunsuz tədbirlər, qondarma seçkilər, hərbi təlimlər, Ermənistanın baş nazirinin və prezidentinin bu əraziyə səfərləri göstərir ki, erməni tərəfi sülh danışıqlarının dalana dirənməsində və işğalçı siyasətini davam etdirməkdə maraqlıdır. Çünki bütün bunlar sülh prosesinə adekvat olmamaqla, aparılan danışıqları da mənasız edir. Məsələnin təəssüf doğuran tərəfi isə odur ki, Ermənistan bu əməllərini beynəlxalq təşkilatların gözü qarşısında etsə də, onların heç biri buna reaksiya verməyib. Azərbaycanla bağlı hər addımda problem axtarmağa çalışan və tapmadığı üçün daim qərəzli mövqe ortaya qoyan Avropa Şurası və onun strukturları bir dəfə də olsun Ermənistanda baş verənlərə, bu ölkənin danışıqlar prosesinə zərbə vurmasına etiraz etməyiblər. Eyni zamanda, ATƏT-in və danışıqlar prosesində birbaşa iştirak edən Minsk qrupunun Ermənistanın Dağlıq Qarabağda həyata keçirdiyi təxribatçılıq fəaliyyəti ilə bağlı qəti mövqeyi yoxdur.

Belə bir şəraitdə özünü tamam rahat hiss edən Ermənistan hakimiyyətinin öz ictimaiyyətinin diqqətini daxili ziddiyətlərdən yayındırmaq üçün cəbhə xəttində yeni təxribatlar törətməsi qaçılmaz idi. Çünki bu gün Ermənistan ciddi siyasi-iqtisadi təlatümlər içindədir. Sürətlə yayılan koronvirusun qarşısının alınması üçün erməni dövlətinin etdiyi bütün cəhdlərin boşa çıxması və sosial-iqtisadi böhranın dərinləşməsi nəticəsində indiki hakimiyyət öz nüfuzunu tam itirib. Belə bir vaxtda Paşiynanın diktatura rejimi yaratmaq cəhdi ölkədə siyasi qarşıdurmanı daha da dərinləşdirib və Ermənistan hakimiyyəti diqqəti daxili problemlərdən yayındırmaq üçün əvvəlki hakimiyyətlərin avantüralarını davam etdirir. Dövlət sərhədindəki son təxribat da bunun növbəti nümunəsidir.

- Ali Baş Komandanın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasında bu təxribat cəhdləri tam ifşa olundu…

- Qeyd edim ki, düşmənin hücum cəhdinin qarşısının uğurla alınması bir daha Azərbaycanının hərbi baxımdan Ermənistandan üstünlüyünün təsdiqi oldu. Ağır silahları, artilleriyanı işə salaraq hücum edən düşmən Azərbaycan Ordusunun sarsıdıcı zərbələri ilə anında geri oturduldu və layiqli dərsini aldı. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edildi.

Ermənistan ordusunun hücumunun qarşısının alınması zamanı hərbi qulluqçularımız şəhid oldular. Mən onlara Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Şəhidlərimizin ruhu rahatdır, çünki qanları yerdə qalmadı. Təhlükəsizlik Şurasının son iclasında Prezident İlham Əliyev Ermənistanın təxribatının qarşısının qətiyyətlə alındığını bəyan edərək dedi: «Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər».

Ermənistan tərəfi bu dəfə də saxta təbliğat maşınını işə salsa da, sosial şəbəkələrdə elə erməniləri özləri etiraf edirlər ki, itkiləri xeyli ciddidir. Baş verənlər bir daha Azərbaycanın hərbi qüdrətini, silahlı qüvvələrimizin yüksək döyüş qabiliyyətini, ordumuzun şəxsi heyətinin mübarizliyini nümayiş etdirdi.

Ümumiyyətlə, Azərbaycanın yüksəlişi bütün sahələrdə olduğu kimi ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı bu barədə geniş məlumat verdi. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar ordumuzda və cəmiyyətimizdə böyük ruh yüksəkliyi yaradır.

Bu yerdə mən 4 il əvvəl baş vermiş aprel hadisələrini, 2018-ci ilin Günnüt zəfərini qeyd etmək istəyirəm. Bu hadisələr atəşkəs rejimindən sonra Azərbaycan Ordusunun gücünün praktik təsdiqi oldu. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatarda Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi. Gördük ki, ordumuz çox qısa müddətdə qarşısına qoyulan vəzifələri yüksək səviyyədə həyata keçirmək iqtidarındadır. Lələtəpə və Talış əməliyyatları təsdiqlədi ki, erməni silahlı birləşmələrinin mövqelərinin məhvi Azərbaycan əsgəri üçün asan hədəfdir!

Təbii ki, bu hadisədən sonra Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq səviyyədə ifşası prosesi daha da sürətlənəcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar da bu hadisədən sonra fəallaşacaq, Ermənistanın işğalçılıq siyasətinə qarşı qətiyyətli mövqe ortaya qoyacaqlar. Çünki belə olmayacağı təqdirdə hərbi əməliyyatların yenidən başlaması qaçılmazdır.

Bir neçə gün əvvəl Prezident İlham Əliyev müsahibəsində “Heç kimin Aprel döyüşləri yadından çıxmasın!” sözlərini təsadüfən deməmişdi. Çünki müharibə yenidən alovlansa, Ermənistanı Azərbaycanın caynağından heç bir qüvvə qopara bilməyəcək! Təhlükəsizlik Şurasının son iclasında Ali Baş Komandanın sərt bəyanatı bir daha sübut etdi ki, düşmən hər an layiqli cavabını alacaqdır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...