"Ölkəmizin siyahıda tutduğu layiqli yer hər bir vətəndaşımızı qürurlandırır" ÖZƏL-MÜNASİBƏT

"BMT-nin "Davamlı inkişaf hesabatı-2020" sənədində dünyanın 166 ölkəsi arasında "Davamlı inkişaf məqsədləri indeksi" üzrə 54-cü yerdə qərarlaşması, son illər Azərbaycanda, ölkə başçısı İlham Əliyevin sistemli şəkildə apardığı sosial-iqtisadi islahatlarının məntiqi nəticəsi kimi qiymətləndirilməlidir". Bunu SİA-ya millət vəkili Nəsib Məhəməliyev deyib.

"Ələlxüsus vergi və gömrük sahələrində aparılan struktur islahatları, operativliyin, şəffaflığın təmin olunması üçün yaradılmış "bir pəncərə" prinsipi, sahibkarlığın, biznesin inkişafına mane olan amillərin aradan qaldırılması, məmurlar tərəfindən, sahibkarların fəaliyyətinə müdaxilələrinin qarşısının alınması, sözü gedən hesabatda ölkəmizin tutduğu mövqeni şərtləndirən amillərdəndir. Təbii olaraq, ən yüksək səviyyədə xarici və daxili investisiyaların qorunması, bir çox dövlət strukturları tərəfindən aparılan əsassız yoxlamaların qadağan olunması, energetika və digər kommunal xidmətlərin təminatı, ixrac potensiallı məhhsullar istehsal edən müəssisələrin yaradılması üçün dövlət güzəştlərini də misal göstərmək olar. Eyni zamanda qeyd etmək lazımdır ki, bütün dünyanı bürümüş koronovirus pandemiyası dövründə belə Azərbaycanın iqtisadi fəallığın aşağı olduğuna görə, ən çox zərər çəkmiş sahibkarlıq subyektlərinə göstərdiyi dəstək də hesabat müəllifləri tərəfindən nəzərə alınıb.

Təbii ki, ölkəmizin BMT kimi mötəbər qurumun tərtib etdiyi siyahıda tutduğu layiqli yer, hər bir vətəndaşımızı qürurlandırır. İnşallah pandemiya tezliklə başa çatar və cənab Prezidentin başladığı genişmiqyaslı islahatlar daha da vüsət alar və ölkəmiz ildən-ilə beynəlxalq hesabatlarda daha da yüksək göstəricilərlə əks olunar".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə