"Prezidentin təşəbbüsünün dəstəklənməsi Azərbaycanın böyük uğurudur" Azad Balayev

Azad Balayev

YAP Balakən rayon təşkilatının sədri

Bəşəriyyətin başı üzərini almış koronavirus təhlükəsi dünyanı ciddi sınaq qarşısında qoyub. Bəzi dövlətlər bu sınaqdan layiqincə çıxmaqdadır, bəziləri isə çoxsaylı insan itkisi ilə. Azərbaycan isə daha az itki verməklə, pandemiya ilə mübarizəni düşünülmüş şəkildə davam etdirir. COVID-19 pandemiyası zamanı hər bir dövlətin öz strategiyası, koronavirusa qarşı mübarizədə fərqli yanaşma tərzi və öz metodları mövcud oldu. Azərbaycanın pandemiyaya qarşı mübarizədə göstərdiyi nümunə diqqətəlayiqdir.

Məlum olduğu kimi, Azərbaycanda koronavirus pandemiyasından bir qədər əvvəl həyatın bütün sahələrinə təsir göstərən böyük islahatlar elan edildi və qısa müddətdə uğurlar əldə edildi. Həmin islahatlar koronavirus təhlükəsinə qarşı mübarizədə də mühüm rol oynadı.

Dünyada koronavirus pandemiyasının tüğyan etdiyi ilk gündən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan koronavirusa qarşı regional və qlobal səviyyədə mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürdü, məqsədyönlü addımlar atdı, təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də bu bəlaya qarşı mübarizədə fəal iştirak etdi. Belə ki, ölkəmiz, koronavirus pandemiyasından daha çox zərər çəkən 30-dan artıq ölkəyə yardımlar göstərdi, Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə etdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə iki nüfuzlu qurumun-Türk Şurasının və Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik!” mövzusunda zirvə görüşlərinin keçirilməsi ölkəmizin pandemiya ilə mübarizədə həmrəyliyə çağırışı kimi dəyərləndirilir. Dövlətimizin başçısı zirvə görüşlərində bir daha bəyan etdi ki, COVID-19 qlobal pandemiyası bütün dünya dövlətlərinə mənfi təsir göstərir. Qarşılıqlı dəstək, özünə qapanmama və yalnız birgə səylərlə koronavirusa qalib gələ bilərik.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il mayın 4-də keçirilən Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə ölkə başçısı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.

BMT-nin Baş katibi Antonio Quterreş bu təşəbbüsə görə, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edərək bildirmişdi ki, bu böhranın miqyası və mürəkkəbliyi əlaqələndirilmiş qlobal cavab tədbirləri tələb edir. Burada yeganə cavab cəsarətli, uzaqgörən və əməkdaşlığa əsaslanan rəhbərlik keyfiyyətləridir. Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlərin üçdə ikisini əhatə edən Qoşulmama Hərəkatı qlobal həmrəyliyin formalaşdırılmasında əhəmiyyətli rol oynayır.

Dövlət başçımızın bu təşəbbüsü artıq dünyanın 130 ölkəsi tərəfindən dəstəklənib. BMT-nin 130-dək üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi ölkəmizin dünya birliyində nüfuzunun artmasının göstəricisidir. Qürurverici haldır ki, təşəbbüsü dəstəkləyən ölkələr dünyanın bütün regionlarını əhatə edir. Onlar arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər var. Dövlətlər tərəfindən bu məsələ ilə əlaqədar BMT Baş katibinə ünvanlanan məktublarda Prezident İlham Əliyevin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında irəli sürülmüş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.

COVID-19 pandemiyası dünyanı cənginə aldığı gündən etibarən Azərbaycan dövlətinin, xüsusən Prezident İlham Əliyevin xəstəliklə mübarizə istiqamətində nümayiş etdirdiyi həmrəylik, qlobal əməkdaşlığa verdiyi töhfə yüksək səviyyədə qarşılanır. Azərbaycan liderinin regional və qlobal səciyyə daşıyan və əməli addımlara söykənən fəaliyyəti ölkəmizin nüfuzunu göstərir.

Ölkəmiz pandemiyanın tüğyan etdiyi ilk gündən bu təhlükəyə qarşı ciddi mübarizə aparır. Hətta 30-a qədər ölkəyə humanitar yardım da göstərib. Dövlət başçımızın 130 ölkə tərəfindən dəstəklənən təşəbbüsü Azərbaycanı dünyada həm də bəşəriyyətin xilasına çalışan dövlət kimi tanıtdı. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...