"Modul tipli xəstəxanalar koronavirusla mübarizədə mühüm rol oynayır" Aliyə Ağrılı

“Ölkəmizin pandemiyaya qarşı mübarizə gündəliyində səhiyyə tədbirləri xüsusi yer tutur. Respublikamızda pandemiya şəraitində səhiyyə infrastrukturunun daha da möhkəmləndirilməsi istiqamətində zəruri addımlar atılır ki, burada da əsas məqsəd COVİD-19-a yoluxan bütün xəstələrə məhz xəstəxana şəraitində tibbi xidmət göstərilməsini təmin etməkdən ibarətdir”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri YAP Gənclər Birliyinin Şura üzvü Aliyə Ağrılı deyib.

Aliyə Ağrılı bildirib ki, iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışı da bu baxımdan böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycanda pandemiya şəraitində insanların sağlamlığının qorunması üçün ölkənin səhiyyə sistemi təhlükəli xəstəliklə mübarizəyə səfərbər edilib. Belə ki, respublikanın ən yaxşı xəstəxanaları COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinə cəlb ounub. Koronavirusa yoluxmuş xəstələrin müalicəsinə cəlb olunan xəstəxanalar sırasında bir qədər bundan əvvəl Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilən “Yeni klinika” da var. Bu müasir klinika məhz pandemiya ilə mübarizə çərçivəsində operativ şəkildə hazırlanaraq yeni növ koronavirus xəstələrinin ixtiyarına verilib. Hazırda burada 350 xəstə müalicə alır. Gələcəkdə “Yeni klinika”da çarpayıların sayının 700-750-yə çatdırılması nəzərdə tutulur.

“Hazırda respublikamızda yeni növ koronavirus infeksiyasına yoluxmuş pasientlərin müalicəsi əsasən xəstəxana şəraitində təmin edilir. Ölkədə ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur. Bütövlükdə, respublikamızda pandemiyaya qarşı mübarizə çərçivəsində reallaşdırılan səhiyyə tədbirlərinin miqyası kifayət qədər genişdir. O da məlumdur ki, pandemiyaya qarşı mübarizənin səmərəliliyinin artırılmasında düzgün diaqnostika vacib amildir. Qısa müddətdə paytaxt Bakıda və regionlarda 30-a yaxın müasir laboratoriya təşkil olunub. Prezident İlham Əliyev iyulun 6-da yerli televiziyalara müsahibəsində yaxın vaxtlarda ölkəmizdə laboratoriyaların sayının daha da artırılacağını bildirib: “Əlbəttə, biz pandemiyanın ilk günlərindən çox önəmli addımlar atdıq. Fevral ayında bizim cəmi altı laboratoriyamız var idi. Hazırda bu laboratoriyaların sayı 29-a çatıb və 15 yeni laboratoriya sifariş edilib, yoldadır, gələcək və laboratoriyaların sayı 44-ə çatacaqdır. Bu, bizə imkan verəcək ki, daha çox test aparaq. Onu da bildirməliyəm ki, bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir”.

Əlbəttə, respublikamızda zamanında Prezident İlham Əliyevin ciddi səyləri sayəsində milli səhiyə sistemimiz yüksək inkişaf səviyyəsinə çatdırılmasaydı, indiki pandemiya dövründə COVİD-19-a yoluxan xəstələrin müayinə və müalicəsinin xəstəxana şəraitində təmin edilməsindən heç söhbət açmaq belə mümkün olmazdı. Respublikamızda son 16 ildə səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülüb. Bəhs olunan dövrdə ölkə ərazisində müasir tibb müəssisələrinin yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, son 16 ildə respublikamızda təxminən 750 tibb müəssisəsi tikilib və yaxud yenidən qurulub. Diqqətəlayiq haldır ki, yeni yaradılan səhiyyə müəssisələrinin bir çoxu respublikanın bölgələrinin payına düşür. Bu amil koronavirusla mübarizədə mühüm amildir”-deyə, YAP Gənclər Birliyinin Şura üzvü qeyd edib. yap.org.az

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə