"Cəmiyyət Prezidentin uğurlu hesabatlarının şahidi olmaqdadır" ÖZƏL-RƏY

"Cəmiyyət pandemiya dövründə Prezident İlham Əliyevin daimi hesabatlarının şahidi olmaqdadır. Dövlət başçısı hər fürsətdə, istər nüfuzlu qurumların rəhbərləri ilə onlayn görüşlərində, istərsə də ayrı-ayrı obyektlərin açılışlarında etdiyi çıxışlarının əsas hissəsini mütləq ölkədəki vəziyyətlə bağlı geniş açıqlamalara həsr edir. Son dövrlər bu məsələdə bir intensivlik hiss olunmaqdadır. Prezidentin yerli televiziya kanallarına növbəti geniş müsahibəsi də bu baxımdan diqqəti cəlb edir". Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, İlham Əliyev müsahibədə ölkədəki hazırkı vəziyyət, koronavirusla mübarizə sahəsində görülən işlər, Azərbaycanın daxili və xarici siyasət məsələləri ilə bağlı mövqeyini bildirib. İlham Əliyevin cəmiyyət qarşısında hesabat xarakterli çıxışlarının artması nədən xəbər verir? Prezident fərqli və daha uğurlu formatlarla ölkədəki vəziyyətlə bağlı mütəmadi açıqlamalar verməyə nədən ehtiyac duyur?

"Prezident hər hansı yüksək cinli məmuru vəzifəyə təyin edəndə belə ona tapşırıqlarını cəmiyyətin gözü qarşısında verir, uzun hesabat xarakterli iclasların yerini dialoq formatında daha çox işçi xarakter daşıyan iclaslar tutmaqdadır-nədən? Əvvəllər də prezident hansısa naziri otağında qəbul edib, amma cəmiyyət bu görüşlərdən tam məlumatsız olub. İndi isə prezidentin belə qəbulları ictimaiyyətin gözü qarşısında baş verir.

Görünən odur ki, dövlət başçısı bununla ictimai nəzarətin, şəffaflığın, cəmiyyət qarşısında hesabatlılğın daha da güclənməsini hədəfləyib. Verdiyi tapşırıqları ictimaiyyət yaxından izləyir, gizli nəsə yoxdur. Hər hansı məmura ictimaiyyət önündə verilən tapşırıq, həmin məmurun ictimai nəzarətin öhdəsinə verilməsidir. Daha sadə ifadə etsək, yeni təyinatlı icra başçısına şəffaf işləməklə bağlı verilən qəti tapşırıqları həmin rayonun ictimaiyyəti də dinləyir, beləliklə Prezidentin bəyanatlarını rəhbər tutmalı vəzifəli şəxsin üzərinə qaça bilmədiyi məsuliyyət düşür.

Prezident özünün ictimaiyyət önündə hesabatlarını artırmaqla, həmçinin hökuməti də analoji qaydada işləməyə təşviq edir. Digər tərəfdən, ölkədə baş verən proseslərə mövqeyini bildirməklə bütün məsələlərdən məlumatlığını ortaya qoyur və onun yanaşması ictimaiyyəti narahat edən məsələlərin tez bir zamanda həllini sürətləndirir.

Görülən işlərin prezident səviyyəsində vurğulanması ictimaiyyətdə həmin məsələlərlə bağlı yaranan və yarana biləcək məsələlərə də tam aydınlıq gətirir. Məsələn, son müsahibədə bir çox məqamlara nöqtə qoyulub. Bunlardan biri bir qrup adamın simasında karantin qaydalarının pozulması ilə bağlı məlum hadisə idi. “Fairmont Baku” hotelindəki hadisəyə dərhal reaksiyanın verilməsinə və qaydaları pozanların cəzalandırılmasına rəğmən bəzi dairələr məsələni siyasiləşdirib pandemiya şəraitində kimlərinsə cəzasızılıq mühitində yaşadığı barədə əsassız rəy yaratmağa cəh edirdilər. Prezident bu məsələyə öz mövqeyini açıqlamaqla bundan sonra da mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydaların hər kəs üçün əsas olduğunu, heç kimə güzəşt olmadını bildirdi.

İlham Əliyev vurğulayıb ki, heç kim qanundan üstün deyil: “Məşhur oteldə baş verən biabırçı hadisə dözülməzdir. Ona görə Azərbaycan polisi düz edib müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici, istər yerli vətəndaş, istər xarici vətəndaş – fərq eləmir”.

Dövlət başçısı müsahibəsində pandemiya dövründə görülən işlərə, eyni zamanda, yaxın gələcək üçün narahatlıq doğuran məsələlərə də mövqeyini bildirib. Bu mövqeyin bir sıra detallarını ümumiləşdirsək,

- Azərbaycanda əlavə 10 modul tipli xəstəxananın tikintisi nəzərdə tutulur;

- Hazırda ölkəmizin 45 xəstəxanasında koronavirus xəstələri müalicə alırlar. Onlardan 36-sı son müddət ərzində inşa edilib;

- Ehtiyac yaranacağı təqdirdə 5 mindən çox xəstənin yerləşdirilməsi üçün potensial mövcuddur;

- Cari ilin fevral ayında Azərbaycanda cəmi altı laboratoriya mövcud olduğu halda, hazırda onların sayı 29-a çatıb və daha 15 yeni laboratoriya sifariş edilib. Laboratoriyaların sayı 44-ə çatacaqdır;

- Bu günə qədər 500 mindən çox test aparılıb və adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təqribən 40-cı yerdədir;

- Azərbaycanla əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 mindir, ölənlərin sayı 10 mindir;

- Ümumdünya Səhiyyə Təşkilatı da Azərbaycanda görülmüş işlərə yüksək qiymət verib.

Prezident məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlara da toxunub. Bildirib ki, indi dünyada bir çox ölkələr yenidən məhdudlaşdırıcı tədbirlərə qayıdırlar. Məhdudlaşdırıcı tədbirlərin görülməsi ilə bağlı addımlar vəziyyətə uyğun şəkildə atılır. Qərarlar qəbul olunarkən mövcud vəziyyət dərindən təhlil olunur, mütəxəssislərlə məsləhətləşmələr aparılır. Əsas məqsəd insanları, onların sağlamlığını, həyatını bu xəstəlikdən qorumaqdır. Bir müddət bundan əvvəl yoluxanların sürətlə artan sayı hazırda sabitləşib. İndiki rejimin nə qədər davam edəcəyi isə vəziyyətdən asılı olacaq.

Hazırda ictimaiyyəti narahat edən iqtisadi vəziyyətin necə olacağı məsələsidir ki, dövlət başçısı bu məsələyə də mövqeyini açıqlayıb. Bu mövqe iki hissəni əhatə edir. Onlardan birincisi pandemiya dövründə atılan addımlarla bağlıdır. Bu dövrdə heç bir sosial layihə təxirə salınmayıb, ixtisar olunmayıb. Əksinə, 2020-ci ildə büdcə xətti ilə reallaşan sosial layihələr keçən ilə nisbətdə daha artıqdır:

- Bu il məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək;

- Şəhid ailələri üçün bu il rekord sayda - 1500 mənzil istifadəyə veriləcək;

- İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə bu il 400-dən çox mənzilin verilməsi nəzərdə tutulur;

- Ünvanlı sosial yardım alanların sayı artırılıbı və 85 min ailəyə, yaxud da 300 mindən çox insana çatdırıldı;

- İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur.

Prezidentin mövqeyinin ikinci hissəsi yaxın gələcək üçün gözləntilərəri ehtiva edir. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır və pandemiya bizim ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərib, pandemiya gözəl nəticələr vəd edən iqtisadi planlara müdaxilə edib. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğrayıb. Amma:

- İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur;

- Beş ayın yekunlarına görə kənd təsərrüfatında 3 faizdən çox artım vardır;

- Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub;

- Dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, altı ay ərzində Azərbaycanın valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb.

- Neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Son illər ərzində yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir.

Prezident islahatların davam edəcəyini də vurğulayıb. “Ən böhranlı məqamda da islahatlar davam etdirilir və gözəl nəticələr əldə olunur”- deyən İlham Əliyev nəzərə çatdırıb ki, hazırda kölgə iqtisadiyyatına qarşı çox ciddi mübarizə aparılır. Yüz mindən çox əmək müqaviləsi imzalanıb. Altı ay ərzində vergi və gömrük orqanları büdcəyə proqnozdan əlavə 423 milyon manat cəlb edə bilib. Bu şəffaflığın, dürüstlüyün, kölgə iqtisadiyyatının daralması hesabına baş verib.

Müsahibəsində dövlət başçısı pandemiya dövründə Azərbaycanın həmrəyliyi sözdə yox, əməldə göstərdiyini, bu günə qədər 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı göstərildiyini, Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar ianə verdiyini vurğulayıb.

Bundan başqa, bu dönəmdə Azərbaycan dünya miqyasında önəmli rol oynayan ölkə kimi mühüm addımlar atıb. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatında sədrlik edən Azərbaycanın təşəbbüsü ilə bu təşkilatların Bakıda iki Zirvə görüşü keçirilib. Zirvə görüşləri uğurlu olub, qəbul edilmiş sənədlərdə Azərbaycanın bu təşəbbüsü və bu sahədə oynadığı rol, həmrəyliyə hesablanmış addımları yüksək qiymət alıb. Eyni zamanda, Azərbaycan, Əfqanıstan, Türkmənistan dövlət başçılarının Zirvə görüşündə iqtisadi əməkdaşlıq sahəsində konkret nəticələr əldə edilib, hökumətlərarası işçi qruplarının yaradılmasına nail olunub. Xüsusi olaraq Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsü dünya miqyasında yüksək qiymət aldı və 130-dan çox ölkə tərəfindən dəstəkləndi. Bu təşəbbüsü irəli sürməkdə Azərbaycanın məqsədi COVİD-19-la mübarizədə vahid yanaşmanın tətbiqinə, ölkələrin özlərinə qapanmamasına, inkişaf etmiş ölkələrin ağır vəziyyətdə olan ölkələrə kömək göstərməsinə nail olmaqdır: “Bu təşəbbüsün reallaşması üçün 97 səs lazım olmuş, ancaq 130-dan çox ölkənin səsi qazanılmışdır. Burada iki əsas amil öz rolunu göstərdi - bu mövzunun aktuallığı və beynəlxalq müstəvidə Azərbaycana olan dəstək və rəğbət. Azərbaycan bu rəğbəti uzun illər ardıcıl fəaliyyət hesabına, prinsipial, müstəqil siyasətimiz sayəsində qazanıb”.

Prezidentin müsahibəsinin digər önəmli hissəsi BMT Baş Assambleyasının xüsusi sessiyasının baş tutmasına dəstək verməyən Ermənistana və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətə həsr olunub. Dövlət başçısı bildirib ki, Ermənistan regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir: “Birincisi, Ermənistanın özü regionda və bəlkə də dünyada pandemiyadan ən çox zərər çəkmiş ölkələrdən biridir. İndi özləri etiraf edirlər ki, bu pandemiya ilə bacarmırlar. İndi özləri döymədikləri qapı qalmayıb ki, onlara yardım etsinlər. Yenə də dilənə-dilənə, yalvara-yalvara, oradan-buradan hansısa yardım hesabına yaşamağa çalışırlar. Belə olan halda onlar özləri maraqlı olmalıdır. İkincisi, bu, bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”.

Prezident beynəlxalq təşkilatların Ermənistanda formalaşmış diktatura rejiminə heç bir reaksiya verməməsinə də diqqəti çəkib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Azərbaycan Prezidenti bəyan edib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək.

Prezidentin müsahibəsində Azərbaycanın danışıqları imitasiya üçün aparmaq niyyətində olmadığını bəyan etməsi, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyət daşımadığını bildirməsi ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanmış mesaj, danışıqlar prosesindən mövcud status-kvonun qorunması üçün istifadə etməyə çalışan Ermənistana ciddi xəbərdarlıq kimi qəbul edilməlidir: “Biz bunlardan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir? Niyə cavab vermir ki, bu ifadə, əslində, Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətini alt-üst edir, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Minsk qrupunun həmsədrləri buna adekvat reaksiya veriblər? Verməyiblər! Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan qondarma Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası liderləri ilə danışıqlar aparmalıdır. Buna adekvat cavab verilir? Verilmir! Bəli, bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verilir. Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”.

... Beləliklə, ayrı-ayrı məqamlarına toxunduğumuz bu geniş müsahibə İlham Əliyevin ictimaiyyət qarşısında hesabatıdır. Bütün dünyanın ağır il kimi yaşadığı 2020-ci ilin ilk 6 ayı arxada qalıb. Bu baxımdan müsahibəni ölkəmiz üçün də asan olmayan bu ilin 6 ayının nəticələrinin təhlili kimi də qiymətləndirmək olar. Fərq həm də ondadır ki, bu hesabat ilk dəfə hökumətin iclasında yox, jurnalistlərə və onların simasında cəmiyyətə verilib..."-deyə, E.Babayev fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə