""Milli Şura" özünə diqqəti cəlb etmək, gündəmdə qalmaq istəyir" ÖZƏL-MÜNASİBƏT

"Milli Şura" deyilən qurumun fəaliyyəti, əslində, bu gün siyasətdən daha çox dramaturgiyası son dərəcədə zəif olan həvəskar aktyorlar tamaşasına bənzəyir. Özünün lağlağı davranışları, gülüş doğuran performansları ilə "Milli Şura" özünə diqqəti cəlb etmək, gündəmdə qalmaq istəyir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib.

Partiya sədrinin sözlərinə görə, reallıqda, strukturları dağılmış AXCP-dən ibarət olan bu təşkilat dövlətçilik idealarından çox uzaq düşüb: "Bu, onların siyasi dialoqa münasibətində də özünü göstərdi. Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev hələ bir neçə ay bundan əvvəl ideoloji yönümündən aslı olmayaraq, bütün siyasi qüvvələri dialoqa dəvət etdi. Lakin "Milli Şura" öz iç üzünü göstərərək, müxtəlif bəhanələrlə təmaslardan yayındı. İctimai-siyasi proseslərə təsir imkanları olmayan "milli şura"çılar bu gün videokonfrans formatında yığışaraq mənasız söhbətlər edir, siyasətə, cəmiyyətə aid olmayan mövzulardan danışırlar. Doğrusu, onların hərəkətləri cəmiyyətdə daha çox ikrah hissi yaradır. Elə öz aralarında da çəkişmələrə, didişmələrə səbəb olur. Belə son onlayn toplantıların birində Rahim Hacıyev adlı birinin Əli Kərimlini "zəmanəmizin Rəsulzadəsi" elan etməsi heç bir çərçivəyə sığmır. İroniya doğuran bu iddiaya Cəmil Həsənlinin və Vidadi Mirkamalın etiraz etməsi bu qurumun hansı vəziyyətdə olduğunu ictimaiyyətə açıb göstərir. Qənimət Zahidin Əli Kərimliyə qarşı şiddətin təşkilinin həm ona, həm AXCP-yə, həm də "Milli Şura"ya dividentlər qazandırdığı deməsi, bir daha onların mübarizəsinin qarın davası, şəxsi maraqlar davası olduğunu sübut edir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə