“Öz liderinə xəyanət edən adamı Rəsulzadə ilə müqaisə etmək cahillikdir” ÖZƏL-MÜNASİBƏT

“Mili Şura” adlanan, əslində isə, mahiyyət etibarı ilə anti-milli olan amorf qurum bizi dırnaqarası olaraq təəccübləndirməyə deyəsən hələ çox davam edəcək. Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Siyasi şərhçinin sözlərinə görə, bunlar oturub-durub gah neftin qiymətinin aşağı düşməsinə görə çəpik çalıb bayram edirlər, gah bunlardan biri çıxıb ortalığa deyir ki, biz hakimiyyəti şərləməliyik, şərləyirik, gah da bunlar özlərindən o qədər müştəbeh bir duruma çatırlar ki, Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə ilə bir tərəziyə qoyacaq qədər nadanlıq sərgiləmiş olurlar.

“Əli Kərimli kimdir? Əli Kərimli Prezident İlham Əliyevin sözləri ilə desək öz liderinə xəyanət etmiş bir adamdır. Əli Kərimli Əbülfəz Elçibəyə hələ sağlığında, rəsmən onun müavini olduğu bir dönəmdə xəyanət etmiş bir adamdır. Yəni bunu Azərbaycanda siyasətlə məşğul olub bilməyən keç kimsə yoxdur, bu bir. İkincisi də Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri kimi və bu ideologiyanın önündə gedənlərdən biri kimi milliyətçi, demokrat, müsavatçı bir şəxs idi, siyasət adamı idi, lider idi. Əbülfəz Elçibəy isə onun yolunun davamçısı elan etmişdi özünü. Yəni eyni ideologiyanın daşıyıcısı kimi siyasi səhnədə vardı. Əli Kərimli də Əbülfəz Elçibəyin ardıcılı idi. Yəni bu o deməkdir ki, Əli Kərimli də əslinə qalanda Məhəmməd Əmin Rəsulzadə ideologiyasının biri idi. Amma bu gün biz Əli Kərimlini Məhəmməd Əmin Rəsulzadə yolunun davamçılarından biri kimi görə bilərikmi? Əsla.! Çünki bu adam Rəsulzadə bir yana, Əbülfəz Elçibəyə sağlığında xəyanət eliyib, ondan savayı, Əbülfəz Elçibəyin söykəndiyi ideoloji dəyərləri illərdir ki, ayaqlar altına alıb. Yəni bu adam Əbülfəz Elçibəyin heç vaxt barışmayacağı, masa arxasında oturub müxakirə aparmayacağı xarici ölkələrlə, xarici mərkəzlərlə iş birliyi işindədir. Bu adam Azərbaycanda dini fanatizm yayan və məlum qonşu ölkənin xüsusi xidmət orqanlarına satılmış adamları müdafiə edir. Əbülfəz Elçibəy bunu etməzdi. Bu adam Azərbaycanda hakimiyyətə gəlmək üçün şimal paytaxtından belə dəstək almağa hazırdır. Əbülfəz Elçibəy bunu etməzdi. Ona görə də bu adamların özlərini Rəsulzadə ilə müqaisə etməsi, yaxud bunların arasından kiminsə çıxıb digərini Rəsulzadə ilə müqaisə etməsi, onun ardıcılı, davamçısı, günümüzün Rəsulzadəsi elan etməsi gülüşdən başqa heç nə doğura bilməz. Bu onların qeyri-ciddi olmalarının daha bir göstəricisidir. Mənə elə gəlir ki, bu adamlar tükəndiklərinin fərqindədirlər, gündəmdə qalmaq üçün müəyyən mövzu tapa bilmirlər, ona görə də bu cür məsələləri gündəmə gətirib özlərinin müzakirələrini təşkil edirlər. Lakin, qeyd etdiyim kimi, Əli Kərimliyə ən doğru siyasi qiyməti Cənab Prezident İlham Əliyev verib. O, Əli Kərimlini öz liderinə xəyanət edən bir adam kimi dəyərləndirib və bu da əsassız deyil. Öz liderinə xəyanət edən adamı Məhəmməd Əmin Rəsulzadə ilə müqaisə etmək belə cahillikdən başqa bir şey deyildir”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...