"Azərbaycan həmrəyliyin və əməkdaşlığın güclənməsinə əhəmiyyətli töhfələr verir" AÇIQLAMA

“Azərbaycan dövlətinin koronavirus pandemiyasına qarşı mübarizədə atdığı mühüm addımlar sırasında modul tipli xəstəxanaların yaradılması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən 2000 çarpayılıq 10 modul tipli xəstəxana kompleksindən artıq bir neçəsi istifadəyə verilib. Belə modul tipli xəstəxanalar koronavirusa yoluxanların lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetmə və əlaqələndirmənin təmin edilməsində önəmli rol oynayır”. Bu fikirləri SİA-ya Milli Məclisin deputatı Ağalar Vəliyev söyləyib.

Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Bakının Xətai rayonunda 800 xəstəni qəbul etmək imkanına malik olan 10 korpusdan ibarət modul tipli hospitalın açılışında iştirak etməsi hər zaman olduğu kimi bütün çətin situasiyalarda dövlətimizin iqtisadi qüdrətinin və mənəvi gücünün vətəndaşlarımızın sağlamlığının və insanlarımızın təhlükəsizliyinin qorunmasına yönəldilməsinin daha bir nümunəsi idi.

Açılış mərasimi dövlət başçısının 3 yerli telekanala verdiyi əhatəli və məzmunlu müsahibə ilə əlamətdar oldu. Bu müsahibədə nəinki ölkə daxilində, eləcə də müasir dünyamızda baş verən proseslərin geniş təhlili verilib.

Bildirilib ki, son illərdə respublikamızda 36 müasir xəstəxana inşa edilib. Qısa müddət ərzində 5000-dən çox xəstəni yerləşdirməyə imkan verəcək modul tipli xəstəxanaların sayı 15-ə, labaratoriyaların sayı isə 44-ə çatdırılacaq. Bu günədək ölkəmizdə 500 mindən çox test aparılıb ki, adambaşına düşən testlərin sayına görə Azərbaycan dünyada təxminən 40- cı yerdə qərarlaşıb.

Ağalar Vəliyev qeyd edib ki, COVİD-19 infeksiyasının yayılmasının qarşısının alınması və onun fəsadlarının aradan qaldırılması istiqamətlərində zəruri preventiv tədbirlərin görülməsi bütövlükdə vəziyyəti nəzarət altında saxlamağa imkan verib.

Azərbaycan nəinki milli səviyyədə pandemiya ilə mübarizədə səmərəli tədbirlər həyata keçirir, eyni zamanda regional və qlobal miqyasda həmrəyliyin və əməkdaşlığın gücləndirilməsinə əhəmiyyətli töhfələr verir. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianənin ayrılması və 30-dan artıq dövlətə humanitar yardımın göstərilməsi məhz bu qlobal həmrəyliyin nümunəsi kimi dəyərləndirilməlidir.

Milli Məclisin üzvü açıqlamasında xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyevin digər təşəbbüsləri ilə yanaşı, qlobal həmrəylik nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının videokonfrans formatında xüsusi sessiyasının keçirilməsi təklifinin 130-dan çox dövlət tərəfindən dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə, eləcə də dövlətimizin başçısına olan böyük etimadın və hörmətin növbəti göstəricisidir.

Hazırda bütün dünya COVİD-19- qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda Ermənistanın bu təşəbbüsə qarşı çıxış etməsi özünü təcridin və təcavüzkar mahiyyətinin nümunəsidir. Təbiidir ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən, xalqımıza və ölkəmizə nifrətin təzahürü olan ksenofobiya və Azərbaycanafobiyadır.

Deputat Ağalar Vəliyev bildirib ki, hər zaman tarixi faktlara və ədalətə əsaslanan dövlət başçımız bir daha Ermənistanın və erməni lobbisinin iç üzünü, işğalçı dövlətin antidemokratik və irticaçı mahiyyətini tutarlı arqumentlərlə ifşa edib. Dünya birliyinə və beynəlxalq qurumlara səslənən Prezident İlham Əliyev haqlı olaraq Ermənistanın antiinsani və antibəşəri addımlarına layiqli cavab verilməsinin zəruriliyini bəyan edib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...